İkili diplom – tələbələr üçün böyük şans

17:15 01.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda beynəlxalq ikili diplom proqramlarına qoşulan ali məktəblərin sayı artmaqdadır

Bu gün Azərbaycanın bəzi ali təhsil müəssisələrində təhsil alan tələbələr bir deyil, iki universitetin diplomunu əldə etmək imkanına malikdirlər. Bu qayda Azərbaycanda beynəlxalq ikili diplom proqramları tətbiq edilən ali məktəblərə şamil olunur. Məsələn, Bakı Ali Neft Məktəbi magistratura səviyyəsində Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə ikilli diplom əməkdaşlığı edir. Bundan başqa, ikili diplomlu Neft və Qaz Menecmenti üzrə yeni MBA proqramı tədris edilir. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr səviyyəsi üzrə Fransanın Montpellier Universiteti, magistratura səviyyəsi üzrə Türkiyənin Uludağ Universiteti, Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramları həyata keçirilir.MBA proqramı üzrə İsveçrənin UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) və ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı tətbiq olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransanın Strazburg və Renn 1 Universitetləri ilə ikili diplom proqramları həyata keçirilir. Hazırda ADNSU Corciya Dövlət Universiteti (ABŞ), Zigen Universiteti(Almaniya), Ploeşti Neft və Qaz Universiteti (Rumıniya), Tronheym Şəhər Elm və Texnologiya Universiteti (Norveç), Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Rusiya Dövlət Neft və Qaz Universiteti (Rusiya), Genuya Universiteti (İtaliya), Nitsa Sofiya-Antipolis Universiteti (Fransa), Afina Milli Texniki Universiteti (Yunanıstan), Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan) kimi xarici ali məktəblərlə sıx əməkdaşlıq edir. Eyni zamanda Almaniyanın Zigen Universiteti ilə Biznesin təşkili üzrə birgə bakalavr (BBA), ABŞ-ın Corciya Dövlət Universiteti ilə Biznesin təşkili üzrə birgə magistr proqramları da (MBA) xüsusi qeyd etmək olar.

Yeri gəlmişkən, ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın təsdiq olunmasından sonra bu istiqamətdə görülən işlər daha da sürətləndirilib. Belə ki, Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib.Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq.

Proqramın icra dövrü ərzində yerli ali təhsil müəssisələrində 5 beynəlxalq ikili diplom proqramı təsis olunması planlaşdırılıb. Sözügedən proqramların seçimində əsas meyar kimi xarici tərəfdaş ali təhsil müəssisəsinin beynəlxalq reytinq siyahılarında yer alması, bakalavr ali peşə-ixtisas dərəcəsi və magistr ali elmi-ixtisas dərəcəsi vermək səlahiyyətinin onun fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət qurumları, keyfiyyət və akkreditasiyaya məsul aidiyyəti təşkilatları tərəfindən tanınması kimi şərtlər öz əksini tapır.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov bildirib ki, beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsininə şərit yaratmaqla yanaşı, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da olduqca faydalıdır: “İkili diplomlar universitetlərin rəqabət qabiliyyətini artırırmaqla yanaşı, tədris proqramlarının beynəlmiləlləşməsi, ali təhsil müəssisəsinin ümumavropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətinin təmin olunması, metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılması, universitetdə infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, Boloniya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılmasına kömək edir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 16 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi universitetlərdə müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanmaqdadır. Bu gün Azərbaycanın təhsil sektorunda aparılan islahatlar Avropa təhsilinə inteqrasiyanı xeyli sürətləndirib. Qeyd edək ki, inteqrasiya sahəsində praktik fəaliyyətin əsasında duran məsələlərdən biri xaricdə təhsil, digər isə ikili diplom istiqamətidir. İkili diplom proqramları əslində “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın bir növ davamı olub, Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə hazırlanıb. Bu forma birgə inteqrasiya olunmuş təhsil proqramını həyata keçirən iki və daha çox universitet tərəfindən rəsmi şəkildə verilən iki və ya daha çox milli diplomdur”.

Onun sözlərinə görə, Avropa Birliyinin birgə diplomların tanınması (qəbul edilməsi) ilə bağlı tövsiyələrində qeyd olunur ki, birgə diplom ikidən az olmayan universitet və ya universitet ilə universitetlər tərəfindən və ya digər müəssisələrin yardımı ilə hazırlanan və ya həyata keçirilən təhsil proqramı əsasında fəaliyyət göstərən digər müəssisə tərəfindən verilən birgə diplom kimi başa düşülməlidir: “Bu, tələbələrə Avropa, eləcə də dünya universitetlərinə açılmaq üçün əlavə üstünlüklər yaradır. Beynəlxalq ikili diplom proqramlarının təşkili və proqramda nəzərdə tutulan digər vəzifələrin reallaşdırılması xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsininə şərait yaradacaq”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki,hazırda ikili diplom  birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır: “İkili diplom (üçlü və s.) -birgə inteqrasiya olunmuş təhsil proqramını həyata keçirən iki və daha çox universitet tərəfindən rəsmi şəkildə verilən iki və ya daha çox milli diplomdur. İkili diplomlar universitetə nə verir? Rəqabət qabiliyyətini artırır, tədris proqramlarının beynəlmiləlləşməsi, ali təhsil müəssisəsinin ümumavropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətinin təmin olunması, metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılması, universitetdə infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, rəhbər və müəllimlərin yeni bacarıqları, tədrisin keyfiyyətinin yüksəldilməsi və s.İkili diplom Azərbaycan ali təhsilinin beynəlxalq imici üçün də çox vacibdir. Bizim diplomların xarici ölkələrdə də qəbul edilməsi istiqamətində mühüm addımdır. Azərbaycanda təhsil alan bir çox kadrlar Avropaya işləməyə gedirlər və Azərbaycanda aldıqları diplomun Avropada tanınmaması problemi ilə üzləşirlər. Bu baxımdan, ikili diplomların tətbiqi olduqca vacibdir. İkincisi, ikili diplomların verilməsində təhsil standartlarının Avropa təhsil sisteminə uyğunlaşdırılması məsələsi də əsas şərt kimi qoyulub. Bu da bilavasitə Azərbaycan təhsil sisteminin yaxşılaşdırılmasına xidmət edir”.