İntihar – Allaha imanın çatışmazlığı sindromudur - Araşdırma

09:31 13.03.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar dünyada, o cümlədən, Azərbaycanda özünəqəsd, intihar halları artmaqdadır. İş o həddə çatıb ki, məktəblilər, hətta 6 yaşlı uşaqlar da intihar edir. Yeniyetmə və gənclər arasında yalnız yox, cüt halında intiharın “dəb” halını alması təhlükəsi var. Xüsusən son bir neçə ayda  suisid (intiharın elmi adı) hallarının xeyli artmasını bəzi psixoloq və sosiloqlar son müzəffər Qarabağ savaşından sonra şəhidlərin ailə üzvləri, həm yaralanmış, əzalarını itirmiş bəzi döyüşçülər, eyni zamanda şəhər və kəndlərimizin raket, artilleriya atəşinə tutulması zamanı baş vermiş dəhşətlərin şahidi olmuş insanlar arasında hələ də yaşanan psixoloji gərginliklə izah edirlər. Lakin araşdırmalar göstərir ki, son dövrdə intihar edənlər arasında bilavasitə hərbçilər, qazilər, eləcə də şəhid ailə üzvləri və müharibə zonalarında olmuş şəxslər çox cüzi faiz təşkil edir...

Koronavirus pandemiyası dövründə bu infeksiyaya yoluxma ilə bağlı gərgin stres və evəqapanmanın da suisidlərin artmasında təkanverici rol oynadığı vurğulanır... Həmçinin, Azərbaycanda ildən-ilə özünəqəsdlərin artmasını xarici və daxili idarəedicilərin subyektiv hərəkətləri sayəsində yaradılan iqtisadi-sosial durumun təsiri ilə izah edənlər də var. İntiharların artmasını bilavasitə iqtisadi, maddi çətinliklərlə əlaqələndirmək də düzgün deyil.  İntihar hallarının illik statistikası da buna işarə edir. Səhiyyə Nazirliyi Psixoloji Yardım Mərkəzinin açıqlamasına görə, ölkəmizdə 2013-cü ildə 535, 2014-cü ildə 515, 2015-ci ildə yenə 515,  2016-cı lldə isə 327 nəfər intihar edib.  Göründüyü kimi, manatın kəskin devalvasiyaya uğradığı 2015-cı ildə intihar sayı öncəki illə eyni olub. Qiymətlərdə bahalaşmanın daha çox olduğu, dolların 2 manata yaxınlaşdığı 2016-cı ildə isə cəmi 327 nəfər özünəqəsdlə dünyasını dəyişib. Sonrakı illərdə  suisid sayının artması da faktdır. 2019-cu ildə Azərbaycanda 565, ötən 2020-ci  ildə isə 597 intihar hadisəsi qeydə alınıb... 

Yüksək təhsil hələ uca iman demək deyil...

İntiharlarda təhsilin, savadın rolu da önəmli deyil. 2017-ci ildə gözlənilmədən  intihar etməsi xəbəri yayılan tanınmış psixoterapevt Dəyanət Rzayevin təhsilinin, savadının zəif olduğunu kim deyə bilərdi... Bütün rəsmi və qeyri-rəsmi izahatlara rəğmən dərin düşüncə sahiblərinin içində dünənədək insanlara, xüsusən gənclərə intihardan uzaq olmağı təlqin edən bir şəxsin öz canına qəsd etməsinə inamsızlıq hələ də qalır. Amma dəhşətli olaydan sonra Dəyanət bəyin yaxın dostları və həmkarlarının  mediaya  açıqlamasında son günlər “ölmək istəyirəm” kimi ifadələr işlətməsini, həyatdan bezgin görünməsini söyləmələri də faktdır...

Hər birimiz öncə Allaha güvənməliyik...

Hər olay Allahın bir ibrətidir... Bəlkə də onlarca insanı intihardan çəkindirə bilmiş tanınmış psixoterapevtin də intiharından çıxan dərs  ondan ibarətdir ki, insan çətinliyə düşən zaman həkim, psixoloq, din xadimi, deputat, başçı, nazir, prezidentə, hətta ən doğmalarına, ata-anaya, qardaş-bacıya belə, üz tutmaqdan öncə Allaha və Onun verdiyi iradə, ağıl və gücə güvənməlidir. 

Heç birimiz bir an sonra hansı hala düşəcəyimizi, həyatdan necə köçəcəyimizi bilmirik. Fəqət, mövzunun ümumbəşəri, bütövlükdə ölkəmizlə, xalqımızın taleyi ilə bağlı bir problem barədə olduğunu nəzərə alıb oxuculara  ümumən psixoloqlar haqqında gördüyümüz, bildiyimiz bir gerçəyi paylaşmaq məcburiyyətindəyik.

Psixoloqların əksəriyyətinin Allaha inancı zəifdir...

Əksəriyyət razılaşar ki, psixologiya elmi ilə məşğul olanların çoxu ateist ruhlu, bəziləri isə ümumiyyətlə, Allahsızdır. Təəssüf ki, çox  nadir psixoloq və psixoterapevtlər xəstə və ya öyrənçiləri ilə söhbətində Allahdan, Qurandan, Peyğəmbərdən(s) bəhs edir. Bu sətirlərin müəllifi 2010-cu ildə keçmiş Müəllimlər İnstitutunda keçdiyi psixoloq kurslarında da bunun şahidi olub.  Kurs müəllimlərimizin çoxu Allaha, Qurana etinasız yanaşırdı. Aradabir telekanallarda görünən adının çəkmədiyim biri isə tamamilə ateist idi. Hər dərsdə Allah, Quran, Peyğəmbər (s) əleyhinə nəsə söyləməli idi. Odur ki, daim onunla mübahisə yaranırdı... Həm də ali məktəbdə  və qeyd etdiyim kursda da öyrəndiklərimizdən bəlli olur ki, digər elmlər kimi psixologiya elmi də materializm, darvinizm üzərində qurulub...

 “Psixo”yunanca ruh deməkdirsə, psixologiya elmi ruhu vahid Allahla vəhdətdə öyrənmir, sanki çoxallahlı, antik Yunanıstan cəmiyyətinə, danaya sitayiş edən Misirə, kabbalistlərə, masonluğa söykənir.  Bir çox psixoloqların səcdə etdikləri Ziqmund Freyd isə az qala, birbaşa deyir ki, insan, üzr istəyirəm, cinsiyyət orqanı və qarnı ilə düşünüb yaşayan bir heyvandır.  Qərbin formalaşdırdığı istehlak cəmiyyətləri də insanın fizioloji instinktlərinə, şəhvət və tamahına söykənir. Ümumiyyətlə, İslamdan, Qurandan Allaha həqiqi inancdan uzaq düşən istənilən elm, o cümlədən müasir təhsil sistemindəki psixologiya, fəlsəfə və bilologiya insanları çaşdırmağa və Allah yolundan azıb İblisin yoluna düşmələrinə xidmət edir...

Yanlış psixologiya özünəqəsdə yol açır...

Nə yazıqlar ki, müsəlmanlığa, ibadətə, sadəcə, bir ritual, ayinlər kompleksi, yalnız yas mərasimlərinin atributları kimi baxanlar xeylidir. Səmavi dinlər və xüsusən İslam nöqteyi-nəzərindən yanaşdıqda dünya həyatındakı bir sıra problemlərimizin də əsas səbəbi dinə məhz bu cür baxışdır. Nə qədər ki, namazı, orucu və s. nəfəs almaq, yemək-içmək kimi həyatımızın zəruri bir tərkib hissəsi saymırıq, hələ müşküllərimiz gündən-günə çoxalacaq. Odur ki, elə intihar edənlərin böyük əksəriyyəti Allahdan, ibadətdən uzaq olanlardır. Yalnız inancı yarımçıq olan, Allahın, Axirətin, Cənnət və Cəhənnəmin varlığına şübhə ilə yanaşan kəslər də intihar edə bilər. Həyata yanlış baxış, yanlış psixologiya  intihara yol açır.

Dünyada intiharların sayı nə qədər artsa da, bunun qarşısını almaq, profilaktikası üçün istər beynəlxalq təşkilat, istərsə də dövlətlər və onların başçıları tərəfindən ciddi tədbirlər görülmür.

1936-cı ildə Nyu Yorkda intiharın öyrənilməsi üzrə komitənin iclasında tanınmış psixoanalitik Qreqori Zilburq bəyan edib: "Təəssüf ki, elmi baxımdan intihar problemi izaholunmaz olaraq qalır. Nə tibet müdrikliyi, nə də kliniki psixopatalogiya bu problemin nə səbəblərini, nə də empirik həllini tapa bilir".

1973-cü ildə "Britaniya ensiklopediyası" Amerika Suisidoloqlar Assosiasiyasının sədri Edvin Şneydmana intihar haqqında məqalə sifariş edir. Tanınmış mütəxəssis yazır: "Əslində insanların nədən həyatlarına intiharla son verdiyini heç kim bilmir!". 1988-ci ildə digər bir psixoloq Antoon Leenaars da öz araşdırmasına bu cümlə ilə başlayır. "Heç kim intiharı bilmir, hətta intihar edənin özü də..."

İntihar edən birbaşa cəhənnəmlikdir...

Göründüyü kimi, göstərilən heç bir elmi araşdırmada İslama müraciət edilmir. Əslində xəstə yox, normal psixologiyaya malik insanların intiharlarının qarşısını almaq üçün hansısa tibbi müalicə yolu, yeni bir dərman növü tapmağa ehtiyac yoxdur. Məsələ çox sadədir: insan Allahın Quranda buyurduqlarına uyğun yaşasa və həyata düzgün baxsa, bir çox problemlərlə qarşılaşmaz və ya onları asanlıqla həll edər. Eləcə də heç bir halda intihar həddinə gəlib çatmaz...

İslamda intihar ən böyük günahlardan biridir. Uca Yaradan Qurani-Kərimdə buyurur: Özünüz-özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (Nisa, 4/29).

Əbu Hüreyrə (r.a.) Məhəmməd Peyğəmbərin (s. a. v.) belə dediyini rəvayət edib: “Kim özünü bir dağdan atıb intihar etsə, o, özünü Cəhənnəm odunda həmişə atəşə ata-ata qalar. Sonsuza qədər belə davam edər. Kim zəhər içib intihar etsə, Cəhənnəm odu içərisində zəhəri əlində içə-içə qalar. Əbədi olaraq belə davam edər. Kim də bir dəmir parçası ilə intihar etsə, Cəhənnəm odunda həmin dəmirlə özünə vura-vura qalar. Sonsuza qədər belə davam edər”.

Araşdırmalardan bəlli olur ki, insanın hansı dinə mənsubluğu ilə intihara meyl etməsi arasında əlaqə var. Müsəlman ölkələrinin  çoxunda,  özünəqəsd halları, demək olar ki, sıfıra bərabərdir. Xristianlıq və ya induizmin hakim olduğu ölkələrdə isə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Çin kimi ateist dövlətlərdə bu göstərici daha yüksək olmaqla 25,6-ya bərabərdir.

Onu da deyək ki, iudaizmin üstünlük təşkil etdiyi İsraildə də intiharlar son illər kəskin şəkildə azalmaqdadır. İntiharların sayına görə bu ölkə 28 Avropa ölkəsinin siyahısında axırdan ikinci yerdədir. Ancaq Tövrat və Talmudda intihar qadağan edilsə də, İsrail hərbçilərinə döyüş zamanı əsir düşmək təhlükəsi yarandıqda intihar etməsinə icazə verilir və bu, əsir düşməkdən dah üstün sayılır.  Bütpərəstliyin əksər növləri və buddistlərin, eləcə də xristianlığın ölkəmizdə də populyarlaşmış “Yehova şahidləri” adlı qeyri-ənənəvi cərəyanının da  intiharı normal qəbul etdiyi məlumdur.

Tibb mütəxəssisləri müəyyən etmişlər ki, insanın intihara əl atmasının fizioloji səbəbi DNT-də (dezuksiribonuklein turşusu) müsbət emosiyalara cavab verən serotonin maddəsinin azalmasıdır. Suisidin (intiharın elmi adı) sosial-psixoloji, iqtisadi-fizioloji səbəblərini araşdıran suisioloqlar nədənsə onun ruhi səbəbləri üzərində çox dayanmırlar. Yəqin ki, bunun əsas səbəbi alimlərin insan ruhu haqqında çox cüzi biliyə malik olmasıdır. Burada insanların köməyinə yalnız səmavi, yəni təkallahlı, Allah tərəfindən nazil edilmiş iudaizm, xaçpərəstlik və sonuncu ən mükəmməl din olan İslam gələ bilər. Tarixi araşdırmalar göstərir ki, insanların intihar etməsinə bir çox hallarda onların vahid Allah haqqında bilgisizliyi və nəticədə Allah tərəfindən bəxş edilmiş həyatın əsl mənasını dərk etməmələri səbəb olur. Bu, xüsusən çoxallahlı dinlərə sitayiş edən insanlara aiddir. Ancaq səmavi dinlərə sitayiş edən insanlar arasında da dünya və Axirət barəsində yanlış düşüncələrə qapılaraq intihar edənlər olur. Son bu cür kütləvi intihar 18 mart 2000-ci ildə Uqanda kilsələrindən birində baş verib. “Axirət dünyası” sektasının 300-dən çox üzvü guya tezliklə baş verəcək Axirətdən qurtulmaq məqsədilə özlərini yandırıblar...

 Katolik kilsəsi də intiharı iblisin əməli elan edib...

  Xristianlığa görə, intihar müqəddəs olan insan həyatına xəyanətdir. II əsrdə Müqəddəs Avqustin intiharı günah kimi müəyyən etmişdi. 452-ci ildə Roma katolik kilsəsinin Ali Məclisində intihar iblis əməli olan cinayət elan edilib.

Beləliklə, bütün digər problemlər kimi, intihar probleminin həlli də cəmiyyətin düzgün maarifləndirilməsindən – insanları şeytandan uzaqlaşdırıb Allah yolunu dərk etməklə bütün ömürləri boyu bu yolla getməyə dəvətdən keçir.

Söylədiklərimizdən belə nəticəyə gəlmək olar ki, normal ağıla, psixikaya malik insan intihara sürüklənməməsi üçün ən azından İslam dininin qaydalarını bilməli, bacardıqca onlara əməl etməlidir.

 Söhbətimizi Allah-təalanın sonuncu Kitabındakı daha 3 ümidverici ayəsi ilə bitiririk:

“Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf, 12/87).

“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə hüzur tapar (Qədr surəsi, 28-ci ayə).

“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)” (Şərh 5).