İordaniya İsraillə diplomatik münasibətləri dondurdu

09:33 02.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniya hökuməti dünən İsraildəki səfirini “dərhal” geri çağırıb. Əmman Qəzza zolağında baş verən hadisələrin əvvəlində ölkəni tərk edən Təl-Əvivin Əmmandakı səfirinin geri qayıtmasını da rədd edib.

Hafta.az-ın yazdığına görə, İordaniya kralı II Abdullahı Körfəz səfəri zamanı müşayiət edən xarici işlər naziri Ayman əs-Səfədi deyib ki, İsrailin hərəkətləri BƏƏ, Qətər və Bəhreynlə yanaşı İordaniyada da çox böyük qəzəb doğurub.

İordaniyanın qərarı İsrailin Qəzza zolağına təcavüzü və Təl-Əvivin “özünümüdafiə hüququ” pərdəsi altında Qərb və ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi kollektiv cəzalandırma siyasəti qarşısında “tədricən eskalasiya planı” kontekstində verilib. Bu, İordaniyanın rəsmi mövqeyinin İsraillə “diplomatik əlaqələrin dondurulduğunu” elan etməsinə səbəb olub.

İordaniya Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında İsrailin günahsız insanların ölümünə səbəb verən, misli görünməmiş humanitar fəlakətə səbəb olan və yayılacağı təqdirdə təhlükəli ehtimallar daşıyan müharibəyə imza atdığı vurğulanıb: “Bu vəziyyət bütün regionun təhlükəsizliyini, beynəlxalq təhlükəsizliyi və sülhü təhdid edəcək".

Nazir Ayman əs-Səfədi Xarici İşlər və Qürbətçilər Nazirliyinin müvafiq departamentinə daha əvvəl Krallığı tərk etmiş səfirini geri göndərməməsi barədə İsrail Xarici İşlər Nazirliyinə məlumat verməyi tapşırıb. Nazirlik izah edib ki, səfirlərin geri qaytarılması İsrailin Qəzzaya qarşı müharibəni dayandırması, səbəb olduğu humanitar fəlakət və fələstinliləri qida, su, dərman və təhlükəsiz yaşamaq hüququndan məhrum edən bütün tədbirlərə son qoyması ilə əlaqəli olacaq.

Müşahidəçilərin fikrincə, İordaniyanın qərarı müharibənin dərhal dayandırılmasına dair beynəlxalq tələblərə məhəl qoymayan və təcili yardımların Qəzza zolağına daxil olmasına icazə verməyən İsrail tərəfi ilə siyasi təmasların dayandırılması kontekstində qəbul edilib. Qəzzada səhiyyə sektorunun xidmətdən çıxacağı qorxusu ilə qida, dərman və yanacaq kimi əsas material və ehtiyacların böyük çatışmazlığı var.

İordaniya kralı II Abdulla ötən şənbə Qahirə Sülh Sammitindəki çıxışında Qəzzanın şiddətli bombardmanını "müxtəlif səviyyələrdə rədd edilmiş şiddətli əməliyyat" kimi qiymətləndirib. İordaniya kralı deyib: “Bu, mühasirəyə alınmış xalq üçün kollektiv cəzadır. Bu, müharibə cinayətidir və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır".

Siyasət rubrikasından digər xəbərlər