İqtisadi əlaqələrimizin inkişafı Azərbaycan və Gürcüstan üçün önəmlidir – Rəy

18:01 24.10.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Gürcüstanla yaxın dost, qonşu, həm də strateji müttəfiqdir.

Bu fikirləri hafta.az-a millət vəkili Rüfət Quliyev deyib.

 “Ona görə strateji müttəfiqdir ki, bizim bir çox transmilli layihələrimiz Gürcüstanla bağlıdır. Bu Bakı-Tbilisi- Qarsdır, Bakı-Tbilisi-Ceyhandır, neft, qaz borularımızdır və s. Düşünürəm ki, bu layihələr həm bizim, həm də Gürcüstan üçün böyük tövhədir. Bizim dostluğumuz, münasibətlərimiz, o cümlədən iqtisadi əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Və bu münasibətlər ildən-ilə, aydan-aya iki ölkəyə daha böyük tövhələr verir. Hətta bu iqtisadi əlaqələrin nəticəsi təkcə Azərbaycan-Gürcüstan üçün deyil, bir çox ölkələr, o cümlədən Türkiyə, Avropa ölkələri üçün də faydalıdır. İqtisadi əlaqələrimizin inkişafı, şaxələnməsi həm Azərbaycan, həm Gürcüstan üçün önəmlidir. Bir məqama toxunmaq istəyərdim.

Aldığım məlumatlara görə, transmilli layihələrdən ilk öncə Gürcüstan büdcəsinə 100 milyon dollarlarla gəlir gəlir. Bu məsələnin iqtisadi tərəfidir. Məsələnin sosial tərəfinə nəzər salaq. Bilirsiniz ki, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır. Və bu azərbaycanlıların orada yaşamağı, siyasi fəaliyyəti, sosial durumu təbii ki, iki dost ölkənin münasibətindən asılıdır. Bizim üçün çox önəmlidir ki, bu münasibətlər soydaşlarımız üçün də faydalı olsun. Digər tərəfdən, bizim ikitərəfli investisiyalarımız da ilbəil artır. Təbii ki, Azərbaycan iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından dəfələrlə artıqdır. Ona görə Azərbaycanın Gürcüstanda sərmayələri daha çoxdur. Bu həm azərbaycanlı, həm də gürcüstanlı sahibkarlar üçün maraqlıdır. Düşünürəm ki, bu dostluqdan, qardaşlıqdan, bu münasibətlərdən hər iki ölkə və hər iki xalq qazanır. Və gələcəkdə də biz bunun tövhələrini daha da çox görəcəyik”.