İranın bu mövqeyi Azərbaycan və Türkiyənin, Çin və Britaniyanın maraqlarına ziddir. Çünki İran alternativ xəttin gerçəkləşməsini dəstəkləyir. Bu xətt Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara Dəniz və Avropa üzrə davam edir. Onun dəstəklədiyi ikinci xətt isə Çin, Orta Asiya, İran, İraq, Suriya, Livan, Aralıq Dənizi, Kipr, Yunanıstan xəttidir. İran öz strateji maraqlarından çıxış edərək, Zəngəzur dəhlizindən keçən Turan marşrutuna qarşı çıxır.
Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib. Onun sözlərinə görə, bu marşrut Avrasiyada Turan birliyinin meydana çıxmasına və güclənməsinə şərait yaradır:
“Bu, nə İranın, nə Rusiyanın, nə Çinin, nə Fransanın, nə Almaniyanın, nə də ABŞ-ın maraqlarına cavab verir. Çünki Avrasiya müsəlman-türk birliyinin, böyük Turanın meydana çıxması, adı çəkilən ölkələrin onlardan asılı duruma düşəcəyini göstərir. Çünki yeni dünya düzənin əsas iqtisadi damarı olan “Bir kəmər, bir yol” layihəsi müsəlman-türk ölkələrinin ərazisindən keçir. Bu marşrut, onların iqtisadi və siyasi cəhətdən güclənməsini təmin edir. Artıq Türk dövlətləri Təşkilatının meydana çıxması, gələcəkdə bu təşkilat çərçivəsində hərbi ittifaqın yaranmasını mümkün edir. Belə bir durumda, Çin müsəlman-türk ölkələri ilə öz münasibətlərini inkişaf etdirmək üçün, daxilindəki uyğur məsələsinə tamamilə fərqli yanaşma ortaya qoymaq məcburiyyətində qalacaq, İran, ölkə əhalisinin yarıdan çoxunu təşkil edən türklərin mədəni hüquqlarını təmin etməyə məcbur olacaq, Rusiya öz daxilində yaşayan türk xalqlarına mədəni və siyasi hüquqlar verməyə vadar ediləcək, ABŞ və Fransa, Avrasiya məkanını bir geosiyasi imperialist güc kimi tərk etməli olacaqdır. Zəngəzur dəhlizi məsələsi, bu səbəblərdən qordi düyünü halına gəlibdir. Mövcud durumda İran, öz ordusu ilə Azərbaycan və Türkiyənin reallaşdırdığı Turan layihəsinin önünə çıxıbdır. Əslində, İran, Rusiyanın və Fransanın istədikləri bir geosiyasi oyunun ifaçısı kimi çıxış edə bilər. Lakin, İranda baş verən iğtişaşlar onu göstərir ki, İranın oynadığı yeni geosiyasi roldan narazı qalan qlobal güclər də vardır. ABŞ və İsrail, Avrasiyada İranın güclənməsində maraqlı deyillər. İranda baş verən hadisələrdə ABŞ və İsrail kəşfiyatının əlinin olması, İran hakimiyyəti daxilindəki 5-ci kolon vasitəsilə ölkəni qarışdırmaları artıq İran rəsmilərinin bəyanatlarında səsləndirilir. Ancaq, İranın daxildən silkələndirilməsi, ABŞ və İsrailin Turan layihəsinə dəstək verməsi demək deyildir. Bu, tamamilə bölgədə yeni geosiyasi reallığın formalaşmasına hesab oluna bilər.
ABŞ-ın Suriya və Şimali İraqda PKK vasitəsilə, Ermənistanda yeni hökumət ilə, Gürcüstanda öz QHT-ləri və siyasi strukturları ilə möhkəmləndiyi məlumdur. İranda baş verən iğtişaşlarda ilk öldürülən qadının kürd olması və onun inqilabın simvoluna çevrilməsi, ölkədə etnik zəmində üsyanların artması onu göstərir ki, İran teokratik rejimi yeni rejimlə əvəz oluna bilər və ölkə federallaşa bilər. Çünki federallaşma İranın şimalında Kürdüstan əyalətində kürd separatizmini gücləndirəcək, İranın şimalında yaşayan kürdlərlə azərbaycanlıların ərazi məsələsində qarşıdurmasına şərait yaradacaq və nəhayət bu münaqişələr Naxçıvan ərazilərinə qədər yaxınlaşacaqdır. İraqın şimalında qurulan Bərzani kürd dövlətinin KİV-də dəfələrlə kürdlərin tarixi torpaqları sırasında İranın azərbaycanlılar yaşayan əraziləri və Naxçıvan ərazisi qeyd olunmuşdur. ABŞ İraqın şimalında qurduğu Bərzani kürd dövlətinin davamı olaraq İran Kürdüstanını qurmağı və oradan da Naxçıvan və Ermənistan ərazilərinə çıxmaqla Gürcüstana daxil olmağı, oradan da Qara Dəniz vasitəsilə Şərqi Avropaya çıxışı hədəfləyə bilər. Bu layihə, Aralıq Dənizindən Qara Dənizə qədər bir koridurun açılması demək olar. Əslində, ABŞ-ın “Böyük İsrail” layihəsi budur. Bu isə, Azərbaycan və Türkiyənin reallaşdırdığı Turan layihəsinin önünü kəsir, Türkiyənin şərqdən PKK tərəfindən mühasirəyə alınmasına gətirib çıxarır və ABŞ-ın Qafqazda hegemonluğunu təmin edir. Təbii ki, bu layihə Rusiyanın və İranın da maraqlarına cavab verə bilməz. Bu baxımdan, Azərbaycan-Türkiyə tandemi ilə Rusiya arasında müəyyən ortaq maraqlar meydana çıxır. İran isə, ölkənin Turana çevrilməsindən qorxaraq, onun şimalının Kürdüstana çevrilməsini daha məqsədəuyğun saya bilər. İranın keçmiş xarici işlər naziri Cavad Zərifin ABŞ-na “bizə dəstək olmasanız, bütün İran türkçə danışacaq” şəklində müraciət etməsi onu göstərir ki, İran liberalları Azərbaycan-Türkiyə tandeminə qarşı ABŞ və Fransa ilə əməkdaşlıq etməyə hazırdırlar. O zaman, biz yaxın zamanlarda cənubdan şimala doğru, Naxçıvan və Ermənistan ərazilərinə doğru irəliləyən PKK təhlükəsi ilə üzləşə bilərik. 44 günlük Vətən Müharibəsində yüzlərlə PKK döyüşçüsünün Ermənistan tərəfdən savaşdığı faktlarla məlumdur. Onların Ermənistan ərazisinə keçmək üçün, İrandan başqa yolları yox idi. Deməli, artıq İran hakimiyyəti Azərbaycan-Türkiyə tandeminə qarşı ABŞ və Fransa ilə çoxdan əməkdaşlıq edir. İranın son günlərdə sərhədə gətirdiyi ordunun tərkibində kamuflyaj olunmuş PKK-çıların olması ehtimalı çoxdur. Çünki əksəriyyəti türklərdən təşkl olunan İran ordusunun Azərbaycan və Türkiyə ordusuna qarşı savaşması təhlükəlidir. Görünən odur ki, İranda iğtişaşlar nəticəsində hakimiyyətə gətirilməsi nəzərdə tutulan yeni siyasi elita, Azərbaycan və Türkiyə qarşı daha sərt savaş mövqeyindən çıxış edəcəkdir. Buna görə də, Azərbaycan və Türkiyə İranda gedən proseslərin öz xeyrinə dəyişməsi üçün, müvafiq daxili güclərlə əlaqə qurmalı və yaxud, belə bir güc mərkəzlərini formalaşdıraraq hadisələri öz xeyrinə idarəetməyə başlamalıdır.
İran hakimiyyəti çox xain və təhlükəli planlar qurur. İran hakimiyyəti bununla, ABŞ-ın onun üzərindən sanksiyaları qaldıracağını və zəngin enerji ehtiyatlarını Avropa bazarına çıxaracağını düşünür. Lakin, o, bölgədə kifayət qədər güc sahibi olan Rusiya və Türkiyə amilini unudur.