İranın Sənaye, Mədən və Ticarət naziri Rıza Fatimi Eminin avtomobil bazarının pisləşən şərtləri qarşısında performansını qoruya bilmədiyi və xüsusən də ittihamlandıqdan sonra prezident İbrahim Rəisi onu qorumaq üçün növbəti dəfə deputatlarla mübarizə aparıb. Məlumata əsasən, o, iranlı deputatlara onlarla avtomobil verərək etimadsızlıq səsverməsinin keçirildiyi sessiyaya təsir göstərməyə çalışsa da, sonda məğlub olub.
Hafta.az-ın yazdığına görə, Fatimi Eminin etimadsızlıq iclasında iştirak edən Rəisi hökumətinin iqtisadi siyasətini müdafiə edib və deputatlar qarşısında “hakimiyyətdaxili korrupsiya, kirayəçilik, iqtisadi mafiya və nüfuzdan sui-istifadə ilə mübarizə aparacağını vəd edib. “Avtomobil mafiyası” ilə mübarizə aparılmalı olduğunu vurğulayan Rəisi çıxışında hökumətinin “korrupsiya fayllarını gizlətmədiyini” deyib: “Harada korrupsiya, qeyri-sağlam münasibətlər və zəif idarəetmə görsək, bizdən soruşulmasını gözləmədən özümüz müdaxilə edəcəyik. İqtidardakı təəssüratımız ondan ibarətdir ki, parlamentdəki dostlarımız öz seçiciləri üçün, xalq üçün məsələlər qaldırırlar. Hökumət orqanları cavab verməlidir. Qərar deputatların və millətindir”.
Parlament üzvləri Fatimi Emini yaxşı fəaliyyət göstərmədiyinə görə sərt şəkildə tənqid edərək, onu “avtomobil qiymətlərinin kəskin artmasına və sənaye istehsalının xərclərinin artmasına” nəzarət edə bilməməkdə ittihamlayıblar.
Nazirə etimadsızlıq səsverməsində 290 deputatdan 272-si iştirak edib. 162 deputat nazirdən etimad səsverməsinin geri alınmasına səs versə də, 102 deputat bunun əleyhinə çıxıb. İki deputat bitərəf qalıb. Palata sədri altı səsin etibarsız olduğunu bəyan edib.
İran parlamenti ötən ilin noyabrından bəri ikinci dəfədir bu nazirə etimadsızlıq səsverməsi keçirib. İlk etimadsızlıq səsverməsində Fatimi Emin etimad səsinin geri götürülməsinə qarşı çıxan 182 deputatın dəstəyini qazanıb, 84 deputat onun vəzifədən çıxarılmasını dəstəkləyib, 6 deputat isə bitərəf qalıb.
Ötən günlərdə Fatimi Eminin vəzifəsindən azad edilməsini dəstəkləyən bəzi deputatlar bildiriblər ki, əvvəlki səsvermədə nazir deputatlara onlarla avtomobil verərək səsvermə prosesinə təsir edərək deputatların səsini qazanıb. Millət vəkili Əhməd Əli Rıza Beygi keçmiş prezident Mahmud Əhmədinejadın ofisinə bağlı olan “Doleta Bahar” saytı vasitəsilə 70 ədəd avtomobil alan 70-75 deputatın siyahısını dərc edib.
Səsvermədən əvvəl Beygi parlamentdəki deputatların səsvermənin gedişatını dəyişdirmək üçün yeni avtomobillər alması iddiası ilə bağlı şikayət ərizəsi əsasında məhkəməyə çağırıldığını açıqlayıb. Deputat avtomobilləri alan həmkarlarının siyahısını dərc etməzdən əvvəl İranın Fəhlə Xəbər Agentliyinə (ILNA) müsahibəsində ittihamlarını səsləndirib. Parlament Deputatlarının Davranış Təftiş Komissiyasının sədr müavini, millət vəkili Musa Qəzənfər Abadi Fatimi Eminə qarşı etimadsızlıq səsverməsindən əvvəl komissiyanın "Beyginin ifadələrinin əsassız olduğuna qərar verdiyini" deyib. O, komissiyanın baxış iclasında bildirib ki, Beygi maşınların impiçment sorğusundan deputatların imzası müqabilində alındığını deməyib.
Nazir Fatimi Emin etimadsızlıq səsverməsindən əvvəl son müdafiəsində adının sözügedən avtomobil məsələsində aydınlaşdırılmasında israr edib.
“70 avtomobili bir yana qoyun, siz mənə bu maşınlardan alan bircə nəfəri göstərin” deyən Fatimi Emin onu tənqid edənləri hökumətlə parlament arasında münasibətləri pozmaqda, rejimin ləyaqəti ilə oynamaqda ittiham edərək, “Korrupsiyaya qarşı ən çox mübarizə aparan bu hakimiyyəti belə bir ittihamla mühakimə etmək psixoloji müharibə deyilsə, bəs nədir?" soruşub.
Fatimi Emin onu “Amerika lobbisi” ilə əlaqələndirən qəzetləri də tənqid edərək, bəzi İran rəsmiləri ilə yaxın əlaqələri olan təzyiq qruplarına eyham vuraraq, “Mən korrupsiyaya bulaşmamışam, amma xalqın etimadı və parlamentin imici zədələndi” deyib.
Fatimi Əmin İranın ali dini lideri Əli Xameneinin son vaxtlar ikinci dərəcəli məsələlərlə məşğul olmasına, ölkədə ikiüzlülüklə bağlı xəbərdarlıq etməsinə və daha əvvəl korrupsiyanı yeddibaşlı əjdahaya bənzətməsinə toxunaraq, “Biz ikinci dərəcəli məsələlərin tələsinə düşməməliyik, gecikmələrə və insanların üzləşdiyi həyati problemlərə görə əvəzini verməliyik. Hökumət və parlament problemləri həll etmək üçün birgə çalışmalı olduğu halda niyə ikiüzlülük etmək lazımdır? Buna can atanlar satqındırlar”, - bildirib.
Bu arada, ötən ilin sonunda dini rəhbər Əli Xamenei yerli istehsal olunan məhsulların baha və keyfiyyətsiz olmasını tənqid edib ki, onların arasında avtomobillər də olub.
Fatimi Emin həmçinin bildirib ki, “İranın avtomobil sənayesi xəstə və xroniki ağrılardan əziyyət çəkir” və “yeddibaşlı korrupsiya əjdahası” ilə mübarizə aparır. O, həmçinin məclis üzvlərini “avtomobil mafiyası” ilə əlbir olmaqda ittihamlayıb. İRNA-nın sitat gətirdiyi kimi, o, əlavə edib ki, "onlar bu sənayenin cərrahiyyə əməliyyatının yarısını keçiblər və sağalma əlamətləri var".
Fatimi Emin İranın avtomobil sənayesinin bu günlərdə yaşadığı problemləri avtomobil istehsalı və idxalının dayanması və İran pulunun ucuzlaşması, polis tərəfindən saxlanıldıqdan sonra ölən Məhsa Amininin ölümü ilə bağlı etirazların başlaması ilə əlaqələndirib.
Fatimi Amin tələblə təklif arasındakı böyük fərqin bazarda avtomobil qiymətlərinin yüksək olmasının səbəblərindən biri olduğunu müdafiə edərək deyib: “Ötən ilin noyabrında valyuta müharibəsinin başlaması avtomobil qiymətlərinin artmasına səbəb oldu. Çünki ötən ilin dekabr ayından avtomobillərə saxta tələbatın artdığını müşahidə edirik. Valyutanın bahalaşması Sənaye Nazirliyinin əlində olmayan məsələdir, biz iqtisadi müharibə aparırıq avtomobil qiymətlərini dəyişənlərlə”.
Fatimi Sənaye Nazirliyinin fəaliyyətinin İran iqtisadiyyatının 30 faizini təşkil etdiyinə və nazirliyin ölkədəki 90 iqtisadi fəaliyyət sahəsindən 27-nə cavabdeh olduğuna işarə edib.
“Reuters”in məlumatına görə, Fatimi 2021-ci ildə başçı seçildikdən sonra ölkənin iqtisadi şəraitindən artan narazılıq fonunda vəzifəsindən uzaqlaşdırılan mühafizəkar hökumətin ilk üzvüdür.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin deputatı Sara Fəllahi sorğunun nəticələrinə görə, ictimaiyyətin 86 faizinin nazirə etimadsızlıq məsələsini bəyəndiyini açıqlayıb. Lakin o, sorğunu aparan tərəf və onun nə vaxt keçirildiyini açıqlamayıb.
Nazirdən etimad səsverməsinin geri götürülməsini dəstəkləyən millət vəkili Əhməd Rəsuli Necad bazarda istehsal olunan və satılan avtomobillərin sayı ilə bağlı nazirliyin verdiyi statistikaya ciddi şübhələri olduğunu bildirib.
Deputat Nasir Musəvi Larkani naziri “nazirliyi təxribata sürükləməkdə” ittihamlayaraq, “O, ekspertlərlə məsləhətləşmədən nazirliyin strukturunu yenidən qurub, özünə yaxın olanları inzibati vəzifəyə təyin edib, ekspertləri arxa plana keçirib” deyib. İRNA-nın məlumatına görə, o, "tikinti materiallarının orta qiymətinin 100 faiz artdığını" vurğulayıb.
Digər tərəfdən, AFP-nin məlumatına görə, millət vəkili Lütfullah Siyahkali vəzifəsindən uzaqlaşdırılan naziri prezidentə sektordakı artımla bağlı yanlış rəqəmlər verməkdə günahlandıraraq, “Əgər artım varsa, niyə biz bunu insanların həyatında görmürük?!" - deyib və nazirliyi avtomobil sənayesini özəl sektora buraxmağa çağırıb.
Millət vəkili Məhəmməd Rıza Tacəddin Emini altı ayda ikinci dəfə keçirilən etimadsızlıq səsverməsini tənqid edərək, bunu parlamentə "yeni çağırış" kimi qiymətləndirib. O, “inqilabçı” parlamentin “inqilabçı” hökumətə yanaşmasını da tənqid edib.
Digər tərəfdən, deputat Cəlil Mirməhəmmədi şura üzvlərinin nazirin etimadsızlıq qərarını geri götürmək üçün 75 ədəd avtomobil almaqda ittihamlanmasını tənqid edərək, “Kimi vurursunuz, parlamenti, İslam rejiminin əsas sütunlarından birini? Siz hökumətə şübhələr yaradır, hamını korrupsiyada ittiham edirsiniz”, - deyə bildirib.