İranlı qadınlar hədəfdə: parlamenti hicabla bağlı qanunu qəbul etdi

12:15 20.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran hökumətinin məhkəmə sisteminin tövsiyəsi ilə hazırladığı və prezident İbrahim Rəisinin imzası ilə parlamentə göndərdiyi “İffət və Hicab Mədəniyyətinin Dəstəklənməsi” adlı qanun layihəsi səsverməyə çıxarılıb.

Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, qanun layihəsi parlamentdə iştirak edən 201 deputatdan 34-ünün “xeyr” səsinə qarşı 152 səslə qəbul edilib. 7 deputat bitərəf qalıb. Qərara alınıb ki, qanun 3 il müddətində sınaq təcrübəsindən keçsin.

Qanunun qüvvəyə minməsi üçün parlamentin qəbul etdiyi qanunların yekun yoxlanışını həyata keçirən Konstitusiya Keşikçiləri Şurası (AKK) tərəfindən təsdiqlənməlidir.

Ötən il İranda keçirilən Məhsa Əmini nümayişlərindən sonra geniş vüsət alan məcburi hicab qaydaları pozuntularına qarşı hazırlanan qanun layihəsinə əsasən, ilk mərhələdə hicab qaydasını pozan qadınlara sms və oxşar üsullarla xəbərdarlıq ediləcək. Xəbərdarlığa məhəl qoymayan və hicab qaydasını yenidən pozanlar cərimələnəcək.

Cərimə bir ay ərzində ödənilmədikdə avtomatik şəxsin bank hesabından tutulacaq.
Hər hansı səbəbdən cərimələrin tutulması mümkün olmadıqda, sözügedən şəxsə bütün bankları və kredit təşkilatlarını əhatə edən hər hansı bank əməliyyatları, o cümlədən bank kartının verilməsi və yenilənməsi qadağan ediləcək. Cərimələrə etiraz 10 gün ərzində edilə bilər.

Dördüncü qayda pozuntusu halında, cərimədən əlavə, məhkəmə orqanı sözügedən şəxsə qarşı iddia qaldıracaq və lazım gələrsə, onu həbs edəcək.

Qanunu pozan müəssisələr sanksiya tənzimləməsi çərçivəsində müvəqqəti olaraq möhürlənə və dövlətin təklif etdiyi vergi güzəştlərindən kənarlaşdırıla bilər.

İctimai, siyasi, mədəni, incəsənət və ya idman fəaliyyəti ilə məşğul olanlar arasında qanun pozuntusuna yol verənlərə qarşı qanun pozuntularının sayından asılı olaraq cərimə, peşə fəaliyyətinə qadağa qoyulması, son mərhələdə isə azadlıqdan məhrumetmə cəzası ilə üzləşəcək.
Qanun layihəsində hicab qaydalarına əməl etməyən qadınların təhqir edilməsi, böhtan atılması, hədələnməsi, onlara hücum edilməsi və ya şəxsi həyatının toxunulmazlığının pozulması kimi cinayətləri törədənlərin müvafiq qanunlar çərçivəsində məhkəməyə veriləcəyi də bildirilir.