- İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.İşəgötürənin əmri ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə müəyyən edilir.Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
***
- Dövlət hesabına avtomobil almaq üçün növbədə dayanmış şəxs növbəsi barədə məlumatı necə əldə edə bilər?
- Dövlət hesabına minik avtomobili almaq üçün növbədə dayanmış şəxslərin adlı siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet sayıtından izləmək mümkündür.
***
- Vətəndaşlığı olmayan şəxslə əmək müqaviləsi bağlanılarkən ondan əmək kitabçası tələb edilməlidirmi?
- Mövcud qanunvericiliyə əsasən, bu kateqoriyaya daxil olan şəxsdən əmək kitabçası tələb olunmamalıdır. Ümumiyyətlə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
***
- VÖEN itibrsə, təkrar əldə etmək üçün hansı prosedur tələb olunur?
-Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti elektron kabinetiniz vasitəsilə və ya onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla təqdim edə bilərsiniz.
***
- Əmlak vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrə verilib. Əgər əmlak üçün paylı mulkiyyət kimi iki cıxarış alınıbsa, tərəflər alğı-satqı zamanı torpaq vergisi ödənilməlidirmi?
-Vergi qanunvericiliyinin müddəalarına əsasən fiziki şəxs tərəfindən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin təqdim edilməsi zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi notarius tərəfindən həmin əmlakları təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir. Fiziki şəxsin 3 ildən az müddətə qeydiyyatda olduğu yaşayış sahəsinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində Vergi Məcəlləsinin 220.8-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yaşayış evini satan şəxs 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda həmin yaşayış evinin satışı sadələşdirilmiş vergidən azaddır. Bunlardan əlavə fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrinin hər kvadrat metri üçün 0,5 manat məbləğinə torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Digər tərəfdən yaşayış evinin və torpaq sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azaddır. Vergi ödəyicisinin ailə üzvlərinin siyahısı Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilir.
Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş vergi təqdim edilən yaşayış sahəsinin hər kvadrat metri üçün 15 manat, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin isə hər kvadrat metri üçün 0,5 manat məbləğinə yaşayış və ya torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır.