İsrail Qəzzanı tam ilhaq edə bilməyəcək - Açıqlama

17:59 17.12.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bildiyiniz kimi, yalnız bir sıra türk, müsəlman ölkələri deyil, həmçinin bir çox Avropa, hətta Qərbə meyilli bəzi Latın Amerikası ölkələri, eləcə də beynəlxalq insan haqları təşkilatları da İsrailin Qəzzada, Livanda apardığı hərbi əməliyyatlara qarşı çıxış edir, dərhal durdurulmasını tələb edirlər”.

Bu fikirləri hafta.az-a açıqlamasında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin Qəzza və Livandakı hərbi əməliyyatları durdurub-durdurmayacağı haqda danışarkən AzVP sədri Akif Nağı ifadə edib.

“Netanyahunun Qəzzada, Livanda, heç Suriyada da dayanmaq niyyəti görünmür, əksinə, deyəsən, yaranmış şəraitdən maksimum yararlanmaq fikrindədir. Belə fikir yürütməyə onun son açıqlamaları da əsas verir. O bildirir ki,  İsrail ordusu Colan(Holan) təpələrini tam şəkildə və əlavə olaraq Suriya ərazisindəki “bufer zona”nı da nəzarətə götürür. Belə görünür ki, İsrail həmin əraziləri bütövlükdə ilhaq etmək niyyətindədir. İndiyədək buna Suriya imkan vermirdi. Üstəlik, BMT də Colan yüksəkliklərini rəsmən Suriya ərazisi kimi tanıyır. Suriyada Əsəd rejimi devrildikdən sonra isə Netanyahu hökuməti həm də Trampın ötən prezidentliyi dövründə Colan təpələrini İsrail ərazisi kimi tanımasına güvənərək bu niyyətlərini tam şəkildə reallaşdırmaq istəyir və həmin istiqamətdə addımlar atır... 

Netanyahu son açıqlamalarında həmçinin onu bildirdi ki, bundan sonra Qüds tam şəkildə İsrailin paytaxtı olacaqdır, onun Şərqi, Qərbi hissələrinə bölünməsi mümkün deyil. Bununla da İsrail lideri fələstinlilərin Qüds “xülya”sından əl çəkmələri tələbini ortaya qoyur”, - bunları söyləyən partiya sədri hesab edir ki, ABŞ də Qəzza və Livanda baş verənlərlə bağlı ədalətsiz və qeyri-obyektiv mövqe tutur.

“Yeni seçilmiş Amerika prezidenti Donald Trampın da  Netanyahu ilə xüsusi əlaqələri və bağlılığı var. Və məhz onun ilk prezidentliyi dövründə ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürərək həmin şəhəri İsrailin yeni paytaxtı kimi tanımaqla Netanyahu hökumətinə dəstək vermişdi.  Bütün bunları nəzərə alaraq demək olar ki, İsrail bir sıra niyyətlərinə çatmaq üzrədir və zəbt etdiyi əraziləri ilhaq edərək özünə birləşdirməyə çalışacaq. Bununla belə, Qəzza bölgəsini ilhaq etməsi onun üçün çətin olacaq. Çünki orada əhalinin böyük əksəriyyəti ərəblərdir və onların təşkilatlarını, silahlı qüvvələrini nə qədər sarsıtsalar da, yenə də potensial müqavimət imkanları və ocaqları var. Netanyahu nə qədər çalışsa da, Qəzza bölgəsini tam nəzarətə götürüb ilhaq edə bilməyəcək. Eyni zamanda bunu xeyli hissəsi israilpərəst olsa da, dünya birliyi də qəbul etməyəcək. Ona görə də İsrail Qəzza və bütövlükdə Fələstində tam şəkildə özünə uyğun, yəni “HƏMAS”dan, “Hizbullah”dan uzaq, onun bütün sifarişlərini yerinə yetriməyə hazır olan bir rejim yaratmağa çalışır. Bunu bir növ Rusiyanın 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəlinədək Çeçenistandakı tam olaraq Moskva əleyhinə olan rəhbərliyi, qüvvələri sıradan çıxararaq onların yerinə bu günədək Putinə, Moskvaya can-başla, hələlik sədaqətlə xidmət edən kadırovları gətirməsi ilə müqayisə etmək olar...

Amma ola bilər ki, Qəzzada belə bir rejim formalaşdırmağa nail ola bilmədiyi halda İsrail Trampın da dəstəyi ilə hərbi əməliyyatları davam etdirsin. Hələki buna ehtiyac olmayacağı görünür. Çünki hərbi əməliyyatlar vasitəsilə həm Qəzzada, həm Livanda planlarına nail olublar”, -deyə siyasi şərhçi diqqətə şatdırıb.