İsraildən İrana bağlı “İmam Hüseyn diviziyası”na xəbərdarlıq

10:15 20.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail ordusunun Hərbi Kəşfiyyat İdarəsi (AMAN) Suriyada fəaliyyət göstərən İrana bağlı “İmam Hüseyn diviziyasına” sərt xəbərdarlıq edib.

Hafta.az-ın yazdığına görə, AMAN həmçinin bildirib ki, sözügedən qrup təxminən 6 min nəfərdən ibarətdir və ona Hizbullahın livanlı üzvü rəhbərlik edir.

İran silahlarının Suriya və İordaniya torpaqlarından İordan çayının qərb sahilindəki Fələstin silahlı təşkilatlarına qaçaqmalçılıq yolu ilə keçirildiyi xəbəri fonunda edilən xəbərdarlıq, İsrail mediasındakı hərbi müxbirlər və bəzi xarici media nümayəndələri ilə görüşlər vasitəsilə edilib.

İsrail kəşfiyyat rəsmiləri bildiriblər ki, “İmam Hüseyn diviziyası”nın 6 min üzvündən 1000 nəfəri növbəti müharibədə və ya gələcək əməliyyatlarda İsrailə qarşı hücumlara rəhbərlik etmək missiyasına malikdir.

Səlahiyyətlilər bu qrupun faktiki olaraq Livan Hizbullahının bir qolu olduğunu vurğulayırlar. Həmçinin qeyd olunub ki, təşkilat İranda istehsal olunan pilotsuz uçuş aparatları, yer-yer və yer-hava tipli raketlərə malikdir.

İsrail ordusunun hazırladığı hesabatlar “İmam Hüseyn diviziyası”nın İsrailə qarşı böyük düşmənçilik fəaliyyəti, o cümlədən silah qaçaqmalçılığı ilə məşğul olduğunu göstərir.

İsrail xüsusilə “İmam Hüseyn diviziyası”nın komandiri Zülfiqar Hinnaviyə diqqət yetirir. Livanlı olan və Hizbullah sıraalrında püxtələşən Hinnavi 2013-cü ildə Hələbdə döyüşən Hizbullaha bağlı hərbi diviziyanın komandiri olub.

2020-ci ildə Bağdadda ABŞ tərəfindən öldürülən Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymani Hələbdə Hinnavi ilə görüşüb. Süleymani Hinnavini bəyənib və onu qurduğu “İmam Hüseyn diviziyası”na rəhbər təyin edib.