İstehlakçıya qazın verilməsi hansı hallarda dayandırıla bilər? - Sualınız varmı

15:05 02.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1-ci bəndinə əsasən Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:

- istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

- istehlakçının qaz qurğusu Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

- qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;

- qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;

- İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;

- Fövqəladə Hallar Nazirliyinin və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında;

- məhkəmənin qərarı ilə;

- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

***          

- Fiziki şəxslər tərəfindən neçə kiloqram nərə cinsli balıq və balıq kürüsü gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasından kənara çıxarıla bilər?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.1.12-ci bəndinə müvafiq olaraq fiziki şəxslər hər təqvim ayı ərzində 1 dəfə gömrük ərazisindən 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsünü Azərbaycan Respublikasından kənara çıxara bilərlər.

***

- Sığortaçı hansı hallarda sığorta ödənişinin verilməsindən imtina edə bilər?

- Əgər sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olarsa, hadisə sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verərsə və Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olarsa, o zaman sığorta ödənişinin verilməsindən imtina edilə bilər.

***

Hansı halda ikinci dərəcə əlillik müddətsiz təyin edilir?

- Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir:

2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (I01-I09,I11.0, I13.0-I13.2, I23-I23.8, I24-I24.8, I25.3-I25.5, I50-I50.9, Z95.0);

2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5);

2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9);

2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79);

2.4.5. dağınıq skleroz (G35);

2.4.6. bir budun güdülü (Z89.8);

2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1);

2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5);

2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66);

2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1).

 

Oxunma sayı 1697