ABŞ hərbçilərinə hücum olub - ölənlər var

20:42 06.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Keniyadakı hərbi bazasına silahlı hücum olub.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, məlumatı ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığı yayıb. Hücum nəticəsində ABŞ-ın 1 hərbi qulluqçusu və Pentaqonun 2 amerikalı nümayəndəsi qətlə yetirilib.

Hücuma görə məsuliyyəti Somalidəki “Hərəkat əş-Şəbab” qruplaşması öz üzərinə götürüb. Qısamüddətli atışma nəticəsində terrorçu qrupun 4 silahlı üzvü də öldürülüb.

ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığının rəhbəri Stiven Taunsend deyib: “Bu gün həlak olmuş komanda yoldaşlarımızın ruhuna onların ailələri və dostları ilə birlikdə biz də dua edirik”.

S.Taunsend bildirib ki, bu hücuma görə məsuliyyət daşıyanlar, amerikalılara və ABŞ-ın mənafeyinə zərər vurmağa çalışanlar törətdikləri cinayətlərə görə cavab verəcəklər.

Terror aktı nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi də sıradan çıxarılıb, ABŞ Müdafiə Nazirliyinin 2 əməkdaşı yaralanıb. Yaralananlar Keniyadan təxliyə edilib, vəziyyətləri sabitdir.