“Abzas Media” sahiblərinin “diqqətindən yayınan” korrupsiya halları

21:00 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Abzas Media” abunə sistemi ilə işləmir. Onun hazırladığı məhsulların daimi alıcıları yoxdur. Sərbəst oxucular üçün də kod sistemi tətbiq etməyib. Yəni, informasiyalarını ödənişsiz təqdim edir. Saytda elan, reklam, bir sözlə, normal KİV qurumu üçün qazanc gətirən digər bir element də görünmür... Həm milli, həm də beynəlxalq standartlar KİV qurumlarının maliyyələşməsi üçün fərqli mənbə tanımır. Beynəlxalq sənədlərdə qeyd edilir ki, normal fəaliyyət göstərən KİV qurumunun legitim maliyyə mənbəyi reklam və elanlardır. Maliyyəsinin ən azı 75 faizi reklam və elandan formalaşmalıdır ki, müstəqil fəaliyyət göstərə bilsin. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından və sair qaynaqlardan formalaşmalıdır. Əgər bunların heç biri yoxdursa, “Abzas Media”nın maliyyə mənbəyi haradan formalaşır? İlkin şübhələr də buradan qaynaqlanır. “Abzas Media” qrupunun heç bir şəffaf maliyyə qaynağı yoxdur. Əgər stabil maliyyə qaynağı yoxdursa, redaksiya ofisinin icarəsi, işçilərin əmək haqqı fondu, texniki avadanlıqlar təminatı və digər xərclər üçün zəruri olan vəsait hansı mənbədən ödənir? Əlavə edək ki, “Abzas Media” ölkədəki KİV-lərdən daha təminatlı görünür. Diqqət yetirək: saytın direktoru “xarici ölkəyə səfər edərkən”, baş redaktoru isə “xarici ölkədən səfərdən qayıdarkən saxlanılıb”,- xəbərlərdə yazılır. Bu cür təminatlı fəaliyyət üçün yetərli maliyyə olması zəruridir.

Adı çəkilən xərclər bir yana, hüquq-mühafizə orqanlarının saytın redaksiyasından götürüb sənədləşdirdikləri 40 min avro vəsait haradandır? Redaksiya rəhbərliyi gündəlik zəruri xərcləri ödəyə bilirsə, istədiyi vaxt xarici ölkələrə səfər edirsə, hətta ehtiyata 40 min avro vəsait saxlaya bilirsə, deməli onun stabil maliyyə qaynağı mövcuddur. Amma hansı mənbədir ki, gözünü yumub bu qədər maliyyəni “Abzas Media”ya təmənnasız ötürür? Nə marağı var? Axı saytın heç normal oxucusu da yoxdur. Oxucu qıtlığını nəzərə alaraq saytın üzərində ümumi sayğac da yerləşdirməyiblər ki, ictimai rəydə təsir imkanlarının olmadığı görünməsin.

İş ondadır ki, “Abzas Media”nın nə sahibləri, nə də müdafiəçiləri bu suallara toxunmurlar. Sanki normal bir hal imiş kimi üzərindən keçirlər. “Qrant şəbəkəsinin” üzvü olan təşkilatlar heç bir dəqiqləşdirmə aparmadan bəyanatlar yayırlar. “Abzas Media”nın guya “müstəqil KİV qurumu olduğunu, direktor Ülvi Həsənlinin də məhz “həqiqəti yazdığına görə həbs edildiyini” bildirirlər. “Sərhədsiz Reportyorlar” operativ şəkildə bəyanat yayaraq, bunu “müstəqil mediaya təzyiq” kimi qiymətləndirib. Müdafiə bəyanatlarında iddia olunur ki, guya “Abzas Media” “ölkədəki korrupsiya hallarını araşdırdığı üçün susdurulub”. Soruşan yoxdur ki, özü korrupsiya və rüşvət içində batmış, qeyri-leqal fondlardan maliyyələşən bir “KİV qurumu” korrupsiya hallarını necə araşdırır? “Abzas Media” hansı maliyyə qaynağına söykənərək müstəqil fəaliyyət göstərə bilir? Axı yuxarıda qeyd etdik: KİV qurumunun müstəqil fəaliyyət göstərdiyini ehtiva edən elementlərin heç biri “Abzas Media”da mövcud deyil.

Amma cavabsız qalan suallar təkcə “Abzas Media”nın redaksiyası ilə bağlı deyil. Onun “müdafiə prosesi”ndə də diqqət çəkən nüanslar üzə çıxır. Ölkədə qondarma KİV qurumlarının, “jurnalistlərin” istintaqa cəlb edilməsi halı ilk dəfə baş vermir. Amma onların heç birində indiki qədər mütəşəkkil “müdafiə işi” qurulmayıb. “Amerikanın səsi”, “Turan” İnformasiya Agentliyi, “Toplum TV” və digər şəbəkə üzvləri gecə-gündüz demədən təbliğat aparırlar, “Abzas Media”nı “müstəqil və peşəkar” KİV qurumu kimi təqdim edirlər. İşə “radikal müxalifətçilər” də qatılıblar. “Milli Şura”, Xalq Cəbhəsi Partiyası və digərləri bəyanat yayaraq, Ülvi Həsənlinin saxlanılmasını “müstəqil mediaya basqı” kimi dəyərləndiriblər. Görünən budur ki, çox tələsirlər. İstintaqı aparan rəsmi orqanların rəyini gözləmədən şərhlər verirlər. İsbat edə bilməyəcəkləri arqumentlər səsləndirirlər. Sanki tarana gedirlər. Təzyiq göstərib istintaq prosesini dayandırmaq istəyirlər. Nədən həyəcanlanıblar, nə etmək istəyirlər?

Onları narahat edən məsələ “Abzas Media”nın taleyi deyil. Sabah, biri gün onun bənzərində başqa bir “KİV qurumu” yaradıb öz sıralarına qata, yollarına davam edə bilərlər. Problem bu deyil. Narahatlıq doğuran məsələ “Abzas Media”nın ittiham olunduğu mövzudadır. İstintaq prosesində “Abzas Media”nın Qərb institutlarından külli-miqdarda maliyyə vəsaiti aldığı müəyyən edilib. Sıralarında USAİD, “People in Need”, “Euro Media Group” və digərləri vardır. Alınan vəsait qeydiyyatsız olaraq ölkəyə gətirilib, qeyri-leqal formada realizə edilib. Maliyyələşmədə adsız kartlardan da istifadə olunub.

İstintaq davam edir. Yəqin ki, prosesin gedişində indiyədək bilinməyən yeni nüanslar ortaya çıxacaq. Qanunsuz “Qrant trafiki” üçün tətbiq edilmiş maxinasiyaların üstü açılacaq. Hansı ki, o maxinasiyalardan təkcə “Abzas Media” istifadə etməyib. “Müdafiəçi təşkilatlar” da faydalanıblar.

ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. İzi azdırmaq üçün onların adını “KİV qurumu”, “QHT”, “Siyasi partiya” qoyublar. Yəni, öz agentlərini məsuliyyətdən yayındırmaq üçün hüquqi platforma yaradıblar. Qrant vermək adı altında onlar üçün “qanunu maliyyə mənbəyi” təmin ediblər. Azərbaycan 2000-ci illərdən başlayaraq, bu şəbəkəni qismən ifşa edib. Zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. 2014-cü ildə qrant alma prosedurlarını sərtləşdirib. Digər zəruri tədbirlər görüb.

İndi bəlli olur ki, Azərbaycan ehtiyat tədbirləri gördüyü kimi, “qrant şəbəkəsi” də çevik tərpənib. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son 6 il ərzində tamamilə yeni metodlardan istifadə edib. Məsələn, Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil 2003-2005-ci illərdə qanunları pozduğuna, siyasi proseslərə açıq müdaxilə etdiyinə görə Azərbaycandan qovulmuşdu. Onun himayəsində olan fondların fəaliyyəti isə dayandırıldı. Amma bu gün bəlli olur ki, Norveç fondları Azərbaycandan zahirən getsələr də, buradakı fəaliyyətlərini davam etdiriblər. “Abzas Media”nı maliyyələşdiriblər. Amma heç bir halda, heç bir yerdə görünməyiblər, adları çəkilməyib. Yəni, üzdə USAİD görünür, alt qatda işi Norveç fondları işləyir. Belə fondların sayı çoxdur. Onların maliyyələşdirdikləri, daha doğrusu, qanunsuz vəsait çatdırdıqları təşkilatların da sayları çoxdur.

“Abzas Media” üzərində açılmış istintaq işi bütün bu dolaşıq proseslərə aydınlıq gətirəcək. Çox güman ki, işin bir ucu da “müdafiəçi təşkilatlara” qədər uzanacaq. Narahatlıq bu məqamdan qaynaqlanır. Həyəcan keçirirlər, tələsirlər, təzyiq edib prosesi dayandırmaq istəyirlər.

ABŞ və onun Qərbdəki yançıları Azərbaycandan nə istəyirlər? Qərbin indiki planlarının arxasında Azərbaycan xalqının iradəsinə təsir göstərmək, xalqımızın qələbəsinə, torpaqların işğaldan azad olunmasına kölgə salmaq istəyirlər. Xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma zonasına çevirmək niyyətindədirlər. Azərbaycan Ordusunun əzib dağıtdığı Ermənistan ordusunu yenidən dirçəldirlər. Qalib Azərbaycanın deyil, məğlub və işğalçı Ermənistanın şərtlərinə uyğun sülh müqaviləsi bağlatdırmaq istəyirlər. Bəs onların agenturası rolunda çıxış edən milli “QHT”, “KİV” qurumları, “Milli Şura” ətrafında birləşmiş partiyalar nə istəyirlər?

Ümid edirik ki, istintaq prosesi bütün bu suallara aydınlıq gətirəcək.

"Report"un Analitik Qrupu

Oxunma sayı 152