Bir ildən çoxdur ki, bizə “yoldaş” olan koronavirus canlar almağa davam edir. Mövcud vəziyyətlə əlaqədar əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da maskadan istifadə məcburidir. Bəs görəsən, açıq havada maska taxmaq məcburiyyəti ortadan qaldırılmalıdırmı?
Natiq Cəfərli, iqtisadçı ekspert
- Açıq havada maska taxılması ilə bağlı qərar və bu çərçivədə görülən tədbirlər heç bir məntiqə sığmır. İnsanlar parkda, bulvarda, ümumiyyətlə, açıq havada piyada gəzirlərsə və kütləvi deyillərsə, bu zaman maska taxmağın nə mənası var? Elə birgə gəzintiyə çıxmış ailə üzvlərinin də maskadan istifadə etməsi məntiqi deyil. Sübut da olunub ki, açıq havada virusa yoluxma riski 0.2 faizdir. O da lap yaxın məsafədən virusa yoluxmuş şəxsin asqırıb-öskürməsi hallarında baş verə bilər. Mən dəfələrlə qapalı məkanlarda maska taxmağın vacibliyi haqqında danışmışam. Burada bir uyğunsuzluq görmürəm. Tək Bakıda deyil, elə ölkənin hər yerində tragikomik situasiyalarla qarşılaşırıq. Məsələn, dəfələrlə şahidi olmuşam ki, kafe və restoranların açıq terraslarında maskasız oturmaq mümkündür. Təbii ki, belə də olmalıdır. Həmin terrasın biraddımlığında küçədən keçən vətəndaş mütləq tək gəzsə belə maska taxmalıdır, əks-halda cərimə olunacaq. Fikrimcə, absurd bir yanaşmadır. Açıq havada maska taxmaq məcburiyyət yox, seçim olmalıdır. Həmçinin vətəndaşlara bu istiqaməıtdə cəzalar deyil, tövsiyələr edilməlidir. Ola bilər, açıq havada kütləvi yerdə - bank növbəsində, yaxud dayanacaqda maska taxmaq tələb edilsin. Belə hallar zəruridir.
Vüqar Cavadzadə, həkim-infeksionist:
- Verilən qərarı düzgün hesab edirəm. Hazırda biz pandemiya şəraitində yaşayırıq. Britaniya ştammının geniş yayıldığı və ölkəmizdə də yoluxma sayının yüksək olduğu bir dönəmdə maskadan imtina etmək düzgün addım olmazdı. Digər tərəfdən, vaksinasiya prosesi sürətlənməlidir ki, maska taxmamaq məsələsini düşünək. İndi qonşu ölkələrin hər birində yoluxmada artım baş verir. Bizdə isə yüksək stabil olaraq qalmaqdadır. Belə bir zamanda maskadan imtina edək, yoluxma da qalxsın 4000-5000 civarına. Xəstəxanalar dolsun, “təcili yardım” və laboratoriyanın işi çətinləşsin, bəs sonra nə olacaq? Ona görə də açıq havada maskadan istifadə etməliyik. Hər zaman demişəm, indi də təkrar edirəm: son bir il ərzində maskadan dünyada hələ 1 nəfər də olsun ölməyib. Koronavirusdan ölənlərin sayı artıq 3 milyona yaxınlaşır. Ona görə də hələ bir müddət açıq havada maska taxmağı zəruri hesab edirəm.