Bu gün Azərbaycan höküməti “Böyük Qayıdış”a ciddi şəkildə hazırlıq görür. İşğaldan azad olunmuş ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlər isə dədə-baba torpaqlarına geri dönüşü səbirsizliklə və həyəcanla gözləyirlər.
Ötən həftə Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkoya müsahibəsində müjdəli bir xəbər verdi. Ölkə başçısı bildirdi ki, Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Prezidentin sözlərinə görə, digər rayonların hərəsində bir pilot layihə həyata keçiriləcək ki, insanları dogma yurdlarına qaytarmaq mümkün olsun: “Zəngilan rayonundakı “smart village” – “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək. Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik”.
Prezidentin açıqlamasından belə aydın olur ki, “Böyük Qayıdış”ın təməli “ağıllı kənd”in sakinləri ilə qoyulacaq. Qeyd edək ki, bu ilin aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “ağıllı kənd” layihəsinin təməlini qoyub. Bununla da işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni quruculuq modelinin tətbiqinə başlanılıb. Qarabağda ilk dəfə həyata keçirilən layihənin icrası 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Hazırda Zəngilanda “ağıllı kənd” layihəsinin icrası davam etdirilməkdədir. Layihəyə əsasən kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Həmçinin bütün yaşayış evlərinin, sosial obyektlərin, inzibati və ictimai iaşə binalarının, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi nəzərdə tutulub. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər.
“Ağıllı şəhər” və “ağıllı kənd” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yüksəltməklə bərabər iqtisadi inkişaf üçün yeni yollar da təqdim edir. Bərpa olunan ərazilərdə belə texnologiyaların tətbiqi regionun inkişafını sürətləndirə və həmin regionu investorlar üçün maraqlı edə bilər. “Ağıllı şəhər” texnologiyaları böyük potensiala malik olan Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkanlara da yol açacaq.
“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılmasında, informasiya texnologiyalarının tətbiqi, həmçinin mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. İşğaldan azad olunmuş şəhər və kəndlərdə bu layihələrin tətbiqi regionun yenidən qurulmasını və inkişafını sürətləndirəcək.
İqtisad elmləri doktoru, professor Əli Əlirzayev də hesab edir ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri azad olunmuş ərazilərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin təmin olunması, eləcə də köçkünlərin öz yurdlarına daha tez bir zamanda dönməsində mühüm rol oynayacaq. Onun sözlərinə görə, bu layihənin ilk olaraq Zəngilanda həyata keçirilməsi də təsadüfü deyil:
“Düşünürəm ki, layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan ərazi də təsadüfü seçilməyib. Biz bilirik ki, Zəngilan geosiyasi baxımından vacib ərazidə yerləşir, bir tərəfdən İranla, bir tərəfdən Ermənistanla sərhəddir və tranzit rolunu oynayır. Bu layihənin həyata keçirilməsi dünyaya da səs sala bilər. Azərbaycan bu layihəni həyata keçirməklə həm də dünyada yenilik edir. Düzdür, “ağıllı kənd” layihəsi çox ölkələrdə mövcuddur. Hər ölkənin də öz təcrübəsi var. Azərbaycanın həyata keçirdiyi layihənin əsas özəlliyi ondan ibarətdir ki, bu işdə 4 qabaqcıl ölkənin təcrübəsindən istifadə olunur. Yəni layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri iştirak edir. 200 evin tikintisi nəzərdə tutulan bir kənddə ən qabaqcıl təcrübələrin birləşməsi özü bir yenilikdir. Layihəyə əsasən, yeni kənddə insanların yaşaması, əmək fəaliyyəti ilə məşğul olması və asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Ermənistanla sərhədə yaxın bir ərazidə ən müasir səviyyədə quruculuq işlərinin aparılması həm də düşmən ölkəyə göz dağıdır, psixoloji təsirdir. Bu kimi layihələr Azərbaycanın qüdrətli, yüksək iqtisadi imkanlara malik olduğunu bir daha təsdiqləyir. Yaxın illərdə nəinki Ermənistan, bütün dünya işğaldan azad olunmuş ərazilərimizi necə cənnətə döndərdiyimizin şahidi olacaq”.
Ekspert vurğulayıb ki, Azərbaycan höküməti Qarabağda qayıdış üçün bütün imkanlarını səfərbər edib: “Məaələn, bu gün işğaldan azad edilmiş ərazilərdə eyni anda 3 hava limanının inşası aparılır. Onlardan biri, Füzuli hava limana artıq istifadəyə verilib. Hava limanları, nəqliyyat yollar rahat gediş-gəliş deməkdir. Turizmin inkişafı, keçmiş məcburi köçkünlərin iş yerləri ilə təmin olunması deməkdir.Təkcə turizm infrastrukturunun yaranması ilə gələcəkdə Qarabağda nə qədər iş yerləri açılacaq. Digər tərəfdən, xarici ölkələrlə əlaqələrimizin inkişafına da yeni təkanlar verəcək. Hətta sərnişindaşımanın özü də mühüm əhəmiyyət kəsb edir. Qarabağda və Şərqi Zəngəzurda hava limanlarının istifadəyə verilməsi Bakının yükünü də azaldacaq. Burada mühüm nəqliyyat əlaqələri formalaşdırılacaq. Füzulidən, Zəngilandan, Laçından Türkiyəyə, Rusiyaya birbaşa reyslər açılarsa, bu əlaqələrin daha da inkişafı deməkdir. Ona görə də əhalinin daşınması, yükdaşıma, xariclə iqtisadi əlaqələrin qurulması və turizmin inkişafı baxımından hava limanlarının istifadəyə verilməsi böyük əhəmiyyətə malik olacaq”.
Təbii ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatdıqdan sonra bu istiqamətdə görüləcək işlər daha geniş vüsət alacaq. Eyni zamanda, yolların, infrastrukturun bərpası daha da sürətlənəcək. Bundan sonra yaşayış məntəqələri arasında gediş-gəliş və vacib təminatların çatdırılması asanlaşacaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması isə insanların həyat səviyyəsinin yaxşılaşmasına imkan yaradacaq. Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 2020-ci ilin 10 noyabrından indiyədək 5 430 ha ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib. Qeyd olunub ki, bu müddət ərzində ANAMA tərəfindən 24 925 ədəd mina və PHS aşkar edilib. Bu il ərzində isə 4 854 ha ərazi təmizlənib, 14 884 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, bu ilin sentyabr ayının 1-23-də MN mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 ha ərazi təmizlənib, 91 ədəd PHS aşkar edilib. Bildirilib ki, Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çox illik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 ha ərazinin təmizlənməsi bitmək üzrədir. Bu sahələrdən 1628.626 ha ərazi təmizlənib, 427 ha ərazi isə təmizlənməli ərazidir. Ümumilikdə 12.014 ha ərazi mina və partlayıcı sursatlardan təmizlənib. Həmçinin qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, ümumilikdə 286 ha ərazi təmizlənib, 2 976 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.