Cari tədris ilində, orta hesabla, 93 min tələbə dövlət büdcəsi hesabına təqaüd alacaq
Təxminən, 2 il bundan əvvəl, 2019-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalamışdı. Sərəncam ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədi daşıyırdı. Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılmalı və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdu.
Bəs, görəsən, indiyədək bu istiqamətdə hansı işlər həyata keçirilib? Hazırda Azərbaycanda tələbələrin neçə faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alır? Təqaüdlərin məbləği nə qədərdir?
Yeri gəlmişkən
Azərbaycanda tələbə təqaüdlərində artım iki il əvvəl baş verib. Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq 2019-cu ilin martın 1-dən elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat, magistratura səviyyəsi üzrə təhsil alanlara akademik göstəriciləri üzrə 75 manatdan 170 manatadək, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrə 50 manatdan 75 manatadək, peşə təhsili müəssisələrinin tələbələrinə isə 50 manat təqaüd veriləcək. Həmçinin ali məktəb tələbələri üçün Prezident təqaüdü də martın 1-dən 185 manatdan 210 manata qaldırılıb. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır.
Təhsildə yüksək nəticə əldə edən tələbələr üçün əlavə imkan
Mövzu ilə bağlı Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” ölkə Prezidentinin müvafiq sərəncamında təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub.
Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyən edilib: “2020-2021-ci tədris ili üzrə dövlət büdcəsi hesabına maliyyələşən əlavə təqaüd yerlərinin sayı 20 365-dir ki, əvvəlki tədris ilinə nisbətən 27.3 faiz və ya 4,365 təqaüd yeri çoxdur. Bununla da, 2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı təhsil alan tələbələrin ümumi sayının 50 faiz nisbətinə çatdırılıb. Cari tədris ilində orta hesabla 93 min tələbə dövlət büdcəsi hesabına təqaüd alacaq.
Dövlət büdcəsi hesabına ayrılan əlavə təqaüd yerləri ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasının bariz nümunəsidir və təhsildə yüksək nəticələr əldə edən tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradır”.
Qurumdan həmçinin vurğulanıb ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na əsasən, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı ilbəil artır
Son illər hökumət tərəfindən ali təhsilə əlçatanlığın təmin olunması istiqamətində müxtəlif addımlar atılır. Müşahidələr onu göstərir ki, bu addımlardan ən diqqətçəkəni ali məktəblərdə dövlət sifarişli yerlərin sayının ilbəil artırılmasıdır. Çünki hər il yüzlərlə gənc məhz təhsil haqqını ödəyə bilmədiyindən ali məktəbdə təhsilini davam etdirməkdən imtina edirdi. Statistikaya nəzər salsaq görərik ki, ölkədə ali təhsil almaq istəyənlər üçün imkanlar xeyli genişləndirilib. Ümumilikdə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12 300-dən 20 500-ə çatdırılıb. Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub. Məsələn, 2019/2020-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı 2018-ci ilə nisbətən 6.4 faiz, dövlət sifarişi ilə qəbul planı isə 66,1 faiz artıb. Ümumilikdə həmin il dövlət sifarişli yerlərin sayı 8150 artaraq 20 474-ə çatıb. Tələbə qəbulu planının 84.7 faizi dövlət, 15.3 faizi isə qeyri-dövlət ali təhsil müəssisələri üçün nəzərdə tutulub. Həmin illər tələbə qəbulu planındakı artım əsasən "Təhsil", "Humanitar və sosial", "İqtisadiyyat və idarəetmə", "Təbiət", "Texniki və texnoloji", "Kənd təssərrüfatı" və "Səhiyyə, rifah və xidmət" ixtisas qruplarına daxil olan ixtisasları əhatə edib. Belə ki, 2018-ci illə müqayisədə 2019/2020-cu ildə qəbul planı "Təhsil" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 8 faiz, "Humanitar və sosial" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 6,5 faiz, "İqtisadiyyat və idarəetmə" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 5,2 faiz, "Təbiət" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 6,1 faiz, "Texniki və texnoloji" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 4,3 faiz, "Kənd təssərrüfatı" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 8,1 faiz, "Səhiyyə, rifaf və xidmət" ixtisas qrupuna daxil olan ixtisaslar üzrə isə 21,9 faiz artıb. Dövlət sifarişi əsasında tələbə qəbulu planındakı əhəmiyyətli artım zamanı ilk növbədə ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri və əmək bazarının yeni tələbləri nəzərə alınıb. Bu artım bütün ixtisas qruplarını əhatə edib. Məsələn, milli iqtisadiyyatın prioritet sahəsi olan aqrar sektorun çoxşaxəli inkişafını nəzərə alaraq, kənd təsərrüfatı sahəsi üçün bakalavriat və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar ("Şərabçılıq", "Bağçılıq və tərəvəzçilik", "Bitki mühafizəsi" və s.) üzrə başlanılmış kadr hazırlığı yenə də diqqət mərkəzində saxlanılıb. Xüsusi qeyd edilməlidir ki, "Kənd təssərrüfatı" ixtisas qrupuna daxil olan bütün ixtisaslar üzrə ("Meşəçilik" ixtisası istisna olmaqla) bakalavriat səviyyəsinə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Bu göstərici magistratura səviyyəsi üçün 95 faiz təşkil edir.
2020/21-ci tədris ilində isə ali məktəblərin bakalavr pilləsinə 49 449 plan yeri ayrılıb. Bunlardan 21 934 yer dövlət sifarişli olub. Ötən illə müqayisədə 1460 yer artıb. Deməli, hər il dövlət sifarişi əsasında təhsil almaq arzusunda olan gənclər üçün mövcud imkanlar daha da genişlənir.
Hər 1000 nəfərdən 164 nəfəri ali təhsillidir
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul edilib və məqsəd ölkədə ali təhsilin əhatə dairəsinin genişləndirilməsi olub:
“Məsələn, Azərbaycanda son 10 il ərzində tələbələrin təqaüdləri bir neçə dəfə artırılıb. Məsələn, 2010-cu ildə bakalavr pilləsində təhsil alanlar 90 manat təqaüd alırdılarsa, hal-hazırda bu rəqəm 145 manat təşkil edir. Doktorluq dərəcəsində bu rəqəm 2010-cu ildə 166 manat idisə, indi 300 manata qədər artırılıb. Yəni, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində iş aparılır. Ən uğurlu addımlardan biri isə təqaüd alan tələbələrin sayının artırılmasıdır. Digər məsələ, dövlət sifarişli ixtisaların sayı da ilbəil artır. 2018-ci ilin ali təhsil müəssisələrinə qəbul zamanı 43 min plan yerinin yalnız 12 mini dövlət sifarişli ixtisalar idi. Prezidentin imzaladığı müvafiq sərəncamdan sonra bu rəqəm 21 mini ötüb. Yəni artıq ölkədə ali təhsilin mərhələlərlə pulsuz olması, ödənişsiz olması həyata keçirilir. Ölkə Prezidentinin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda ali təhsilli vətəndaşların sayı artsın. Hazırda bu rəqəm ölkə vətəndaşlarının 17 faizini təşkil edir. Hər 1000 nəfərdən 164 nəfəri ali təhsillidir. Ölkə Prezidenti istəyir ki, bu rəqəm 17 faizdən 30 faizə qalxsın, ölkədə ali təhsilli insanların sayı çoxalsın”.