Azərbaycan dövləti Yuxarı Qarabağda qanunsuz erməni separatçı-terrorçu birləşmələrinə qarşı lokal antiterror əməliyyatı başladıqdan sonra Xankəndindəki revanşist erməni qurum və təşkilatları dünyaya haray salırlar ki, guya Azərbaycan onları “9 aydır aclıqdan qırır”, indi də BMT Baş Assambleyası sessiyasının işə başladığı bir vaxtda “silahlarla öldürməyə başlayıb”. Bu yandan Rusiya, Avropa qurumları, o cümlədən Avropa İttifaqı dərhal əməliyyatları dayandırmağa çağırırlar.
Hafta.az-a açıqlamasında Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov ölkəmizə qarşı beynəlxalq təzyiqlərin yersiz və məntiqsiz olduğunu vurğulayaraq deyib:
“Ermənilər BMT Baş Assambleyası sessiyasından danışırlarsa, əvvəla, hazırda orada hələlik dövlət başçıları iştirak etmirlər, yalnız yüksək təmsil olunan şəxslərin həftəsidir. Bu, təxminən 10 gün davam edəcək. Və böyük ehtimalla yaranmış vəziyyətlə əlaqədar nə İlham Əliyev, nə də Paşinyan həmin tədbirdə iştirak etməyəcəcəklər...
Rusiyaya, Qərb ölkələrinə, beynəlxalq təşkilatlara gəldikdə isə onlar dediklərini deyəcəklər. Biz də onların yersiz, məntiqsiz tələblərinə cavab verəcəyik ki, əvvəla, əməliyyat keçirilən ərazilər 32 ildən çoxdur faktiki Ermənistan işğalı altında saxlanılan suveren Azərbaycan əraziləridir. İkincisi, 10 noyabr üçtərəfli razılaşmasından keçən dövrdə qanunsuz erməni birləşmələri ərazimizi tərk etmək əvəzinə, özlərinə daha çox silah və texnika toplayaraq mütəmadi olaraq ordumuza qarşı atəşkəsi pozub və bölgədəki dinc əhali üçün təhlükə törədiblər. Üçüncüsü də, bu günlərdə də Qarabağda quruculuq işləri ilə məşğul olan mülki əməkdaşlara və polislərimizə qarşı itkilərlə nəticələnən terror aktları həyata keçiriblər. Özü də bunu edənlər əslində Ermənistan ordusunun qalıqlarıdır. Buna görə biz antiterror əməliyyatları keçirməyə məcburuq. Kim, hansı normal dövlət, hansı Qərb dövləti öz ərazisində mülki insanların, yol mühəndislərinin terrora məruz qalmasına dözər. Yalnız 2020-ci ildən bəri 60-dan çox insan erməni birləşmələrinin mina terrorunun qurbanı olub”
“Bütün hallarda Azərbaycan çox məntiqi addım atıb. Antiterror əməliyyatıyla bağlı Azərbaycana qarşı beynəlxalq təzyiqin heç bir əsası yoxdur... Çünki Yuxarı Qarabağdakı kriminal rejim bizə qarşı son vaxtlar yenidən həddini aşmışdı. Azərbaycanın təklif etdiyi reinteqrasiya əvəzinə, hərbi müqavimət yolunu seçiblər. Mütəmadi olaraq atəşkəsi pozur, əraziləri minalayırlar. Təbii ki, bunun cavabı yalnız hərbi yolla verilməli, qanunsuz erməni birləşmələrinə elə zərbələr endirilməlidir ki, onlar bir daha bizə tərəf baxa bilməsinlər və silahlarını yerə qoyub təslim olsunlar”,- deyə keçmiş xarici işlər naziri vurğulayıb.