Artıq kirayədə qalanlar da söz sahibidirlər

15:34 12.08.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni tikililərdə kirayə yaşayanlar da binaların idarə edilməsində söz sahibi olacaqlar. Belə ki, Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı kirayəçilər də iştirak edə biləcəklər.

Bəs, görəsən yeni tikililərdə kirayə yaşayanların binaların idarə edilməsində söz sahibi olacaqları nə dərəcədə realdır? Bu qərar binaların idarə edilməsində nəyi dəyişəcək?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, əslində çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar çoxdan təsdiq olunub. Sadəcə, Nazirlər Kabinetinin son qərarı qaydalar ilə bağlı texniki dəyişikliyi özündə ehtiva edir: “Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə əsasən, çoxmənzilli binaların idarə edilməsi oradakı sakinlər tərəfindən formalaşdırılan komitə vasitəsilə həyata keçirilir. Təbii ki, binanı sakinlərin özlərinin idarə etməsi daha məqbul yoldur, çünki bu, nəticədə həmin bina sakinlərinin idarəetmədə iştirakına imkan yaradır, nəzarət imkanlarını genişləndirir. Mövcud qaydaların tətbiq edilməsi və praktiki olaraq çoxmənzilli binaların MTK-ların təsirindən çıxarılması həmin binaların daha şəffaf şəkildə idarə edilməsinə gətirib çıxarda bilər. Ona görə də məhz qaydaların tətbiqi ilə bağlı prosesin sürətləndirilməsi daha məqsədəuyğundur. Mövcud qaydalar, xüsusən də sakinlərin komitələr vasitəsilə idarəetməyə təsir imkanlarını özündə ehtiva etdiyi üçün daha demokratik yol hesab olunur".

Məsələ münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyib ki, binanın idarəedilməsi asan məsələ deyil: “Əslində binaların sakinlər tərəfindən idarə olunması hələ 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsində nəzərdə tutulub. Məcəlləyə görə, binanın tikintisini aparan MTK-lar, tikinti başa çatdıqdan sonra bir ay müddətində ləğv edilməli, bina sakinləri öz birliklərini - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalıdırlar. Bundan sonra bina ya sahə mülkiyyətçilərinin özləri (MMMC) tərəfindən, ya da bu sahədə ixtisaslaşmış  peşəkar idarəedici təşkilat tərəfindən idarə edilməlidir. Bu prosesə nəzarət həmin ərazinin bələdiyəsinə tapşırılıb. Belə ki, bina 6 ay müddətində sakinlər tərəfindən idarə etməyə götürülməsə, yerli bələdiyyə binanın idarə olunmasını bu sahədə fəaliyyət göstərən təşkilata həvalə etməlidir. Əslində reallıqda əksər hallarda binaların idarə olunmasını mənzil-tikinti kooperativləri (MTK-lar) özləri həyata keçirir. Amma qeyd etdiyim kimi, tikinti şirkəti binanı inşa etdikdən sonra idarəetməni həmin binanın sakinlərinə verməlidir. Binanın idarə edilməsinin sakinlərə verilməsi MTK-ların vəzifə borcudur, eyni zamanda sakinlər də buna səy göstərməlidirlər. Amma çox hallarda bina sakinləri ilə tikinti şirkətləri arasında narazılıq yaranıb, sakinlər binanın idarə olunması üçün səy göstərməyib yaxud da tikinti şirkəti binanı sakinlərə təhvil vermək istəməyib. Təbii ki, hökümətin kirayəçilərlə bağlı verdiyi qərar tamamilə doğrudur. Yeni dəyişikliyə görə, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı kirayəçilər də iştirak edə biləcəklər. Binanın idarə edilməsində yığılan və xərclənən pullara kirayəçinin də nəzarət etmək hüququ var. Yeni tikilən binalarda əksər mənzillər kirayəyə verilib. Kirayə müqaviləsi bağlayan kirayəçi aylıq kommunal ödənişləri və s. verirsə, artıq həmin şəxsin binada yaşamaq və binanı idarə etmək hüququ formalaşır. Başqa sözlə, kirayədə qalan şəxs aylıq kommunal ödənişləri həyata keçirirsə, binanın idarə olunmasında iştirak edə bilər. Kirayəçinin binanın idarəolunmasında iştirakı məcburi deyil, könüllüdür. Bunun üçün ilk öncə bütün binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır".

Ekspert həmçinin qeyd edib ki, qonşu ölkələrin əksəriyyətində binanı daha çox sakinlər özləri idarə edirlər: “Mövcud qanunvericiliyə görə sakinlər binanın idarəedilməsi üçün sənədləri toplayıb İqtisadiyyat Nazirliyinə təqdim edirlər. Nazirlikdən təsdiq aldıqdan sonra həmin sənədlər Ədliyyə Nazirliyinə göndərilir. Daha sonra binanın idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Burada yığılan pullara, xərclərə sakinlər özləri nəzarət edirlər. Qonşu ölkələrdə də daha çox sakinlər özləri binanı idarə edirlər. Amma onu da etiraf edək ki, bizim təcrübədə əksər hallarda bina sakinləri idarəetməni bacarmırlar. Təbii ki, onları da başa düşmək olar, binanın idarəedilməsi asan məsələ deyil. Məsələn, yığılan və xərclənən vəsaitə nəzarət çətinlik yaradır, idarəetmə təşkilatının fors-major hallar üçün fondu yoxdur və s. Bu çətinliklərin aradan qaldırılması üçün ilk növbədə bina sakinləri idarəetmə ilə bağlı kurslara qatılmalıdır. Bu kurslardan sonra idarəetmə daha effektiv ola bilər. Digər tərəfdən, biz müşahidə edirik ki, bəzi binalarda sakinlər özləri razıdırlar ki, binanı MTK idarə etsin. Bəzi binalarda isə sakinlər özləri idarəetmədə maraqlıdırlar. Lakin bu sahədə yenilik olmalıdır. Bir şəhərdə mənzillərin idarə olunması müxtəlif qurumlar tərəfindən həyata keçirilir və bunların heç biri tam effektiv deyil. Söhbət təkcə binaların idarə olunmasından getmir, binalara gedən ara yolların çəkilməsi, qarşıdakı dövrlər üçün xərclər və s. var. Bu istiqamətdə yeni bir qurum yaranmalı və bütün idarəetmə ona verilməlidir. Hətta yaxşı olar ki, binanın idarəedilməsi bələdiyyələrə verilsin. İnkişaf etmiş ölkələrdə əksər idarəetmə sahələri bələdiyyələrdədir. Bu bələdiyyələrin Azərbaycanda  rolunu da artırmış ola bilər".