Avstraliyada da TikTok qadağan edildi

13:10 04.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliya, Çin mərkəzli TikToK sosial media platformasının milli təhlükəsizlik narahatlığı səbəbiylə federal hökumət cihazlarında istifadəsinin qadağan edildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Ədliyyə Nazirliyinin bəyanatında deyilir: “Təşkilatlar TikTok tətbiqinin hökumətə məxsus cihazlarda quraşdırılmasının qarşısını almalı və tətbiqin quraşdırılmasını və ya davamlı istifadəsini tələb edən qanuni biznes səbəbi olmadığı halda mövcud nümunələri silməlidir”.

Avstraliyanın qadağa qərarından sonra Çindən reaksiya gecikməyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning qadağanı qınadıqlarını bildirib. Sözçü həmçinin Avstraliyanı "Çin şirkətləri üçün ədalətli, şəffaf və ayrı-seçkiliyə yol verməyən biznes mühiti təmin etməyə" çağırıb.

Avstraliya Strateji Siyasət İnstitutundan Ferqus Ryan, “TikTok istifadəçilərinin məlumatlarının Çində mövcud olduğu illərdir məlumdur. Buna görə də tətbiqin hökumətə məxsus cihazlarda qadağan edilməsi ehtiyatlılıqdır” deyib.

Rəsmilər qərarın ən qısa zamanda qüvvəyə minəcəyini vurğulayıblar.

Qeyd edək ki, Kanada hökuməti də fevralın 28-də ABŞ-dan sonra TikTok-u dövlətə məxsus mobil cihazlarda təhlükəsizlik zəifliyi riski yaratdığı üçün qadağan etdiyini açıqlamışdı.TikTok-u yasaqlayan digər ölkələr Yeni Zelandiya, Belçika, Danimarka, Fransa, Latviya, Niderland, Norveç və Böyük Britaniyadır.