Avstriya Hava Yolları İran və İraqa olan uçuşlara fasilə verməyəcək

19:30 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriya Hava Yolları (AUA) İraqın Ərbil və İranın paytaxtı Tehran şəhərlərinə uçuş cədvəlini bundan sonra da davam etdirəcək. Aviaşirkət rəsmi qurumlarla razılaşdırılmış şəkildə regiondakı vəziyyəti diqqətdə saxlayacaq.

Bu barədə məlumatı aviaşirkətin mətbuat xidməti yayıb. “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaniyə qarşı Bağdad şəhərində törədilmiş qətl hadisəsindən sonra regionda təhlükəsizliyin səviyyəsi ön plana çıxıb. Bir sıra aviaşirkətlər artıq İraqa uçuşları təxirə salmalarına baxmayaraq, AUA tərkibində olduğu Lufthansa konserni ilə birlikdə Yaxın Şərqdəki vəziyyəti xüsusi müşahidə altında saxlayır.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, vəziyyəti daimi olaraq diqqətdə saxlayan beynəlxalq və milli qurumlardan heç bir yeni dəyərləndirmə daxil olmadığına görə, uçuş cədvəli hər iki istiqamət üzrə (Vyana-Tehran və Vyana-Ərbil) qüvvədə qalır. Yalnız aktual vəziyyətdə ciddi dəyişiklik olduğu halda, uçuş planı vəziyyətə uyğunlaşdırılacaq.