Avstriyanın Bregenz şəhərindən Vyanaya gedən qatarda Adolf Hitlerin çıxışlarından biri qatarın səs sistemi üzərində dəfələrlə səsləndirilib. Bir neçə sərnişin Hitlerin qatar dinamikləri üzərindən nitqini, həmçinin "Heil Hitler" və "Sieg heil" kimi bəzi nasist şüarlarını eşitdiklərini söyləyiblər.
Hafta.az-ın “Guardian”a istinadən yazdığına görə, eyni qatarda səyahət edən vyanalı ravvin Sklomo Hofmayster Hitlerin çıxışının yayımlanmasından və dayandırılmamasından şoka düşdüyünü bildirib.
CNN-ə danışan din xadimi, "Vyanaya gəlməzdən 25 dəqiqə əvvəl qəribə musiqi, parça-parça söhbətlər və gülüşlər eşitdikdən sonra qəfil Hitlerin nitqi başladı və bir müddət daha yüksək səslə davam etdi" deyib.
Əvvəlcə yanlış səsləndirildiyini, daha sonra çox pis zarafat olduğunu düşündüyünü deyən Hofmayster, qısa müddətdən sonra təkcə səs sisteminin deyil, bütün qatarın qaçırılmış ola biləcəyini fikirləşərək özünü narahat hiss etməyə başladığını bildirib.
Yəhudi din xadimi deyib ki, qatardakı sərnişinlərin bir qismi təşvişə düşüb, digərləri isə utanaraq sadəcə gülümsəyiblər.
Avstriya polisi hadisə ilə bağlı istintaq başladıldığını və kamera görüntülərindən şəxsiyyətləri müəyyən edilən iki nəfərin axtarıldığını açıqlayıb.
Avstriyanın ictimai yayımı ORF, şübhəlilərin qatar bələdçiləri deyil, sərnişinlər olduğunu bildirib.