Sentyabrın 27-də başlayan və 44 gün davam edən, Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonrakı aylarda, çox təəssüf ki, yenə də vətəndaşlarımız həlak olur. Əlbəttə, indi döyüş-filan getmir, sadəcə torpağın altında gizlənərək can almağa fürsət arayan minalar arabir özlərini göstərməkdədir.
Sözsüz ki, döyüşlərin başa çatdığı ilk gündən erməni işğalından azad edilmiş ərazilərimizin minalardan təmizlənilməsi prosesinə start verilib. Hətta bu işdə kömək göstərmək üçün qardaş ölkə Türkiyədən də böyük minatəmizləyən qrupu, eləcə də Rusiyadan bir qrup minatəmizləyən Azərbaycandadır. Amma nəzərə alaq ki, işğaldan azad edilmiş ərazilərimiz ortalama 14 min kvadratkilometrdir, bu qədər böyük ərazini təmizləyərək təhlükəsiz etmək isə bir günün-bir ayın işi deyil, bəzən belə bir çətin prosesi tamamlamaq üçün illərə ehtiyac duyulur.

Vaxtdan söz düşmüşkən, 30 ildir ev-eşiyindən ayrı düşmüş, ömrünün bəlli bir dövrünün xatirələrini qoyub gəldiyi torpağını görmək istəyi, təəssüf ki, bir çox vətəndaşımızın səbrinə qalib gəlir, onları üstündə daşı daş üstə qalanmış, altında isə ölüm alətləri olan minalar basdırılmış torpaqlara tələsdirir. Nəticəsi də acınacaqlıdır: son günlərdə Füzuli rayonu ərazisində, bir nəfərin ölməsi, iki nəfərinsə yaralanması ilə nəticələnən mina partlayışı, Ağdam rayonu ərazisində də daha bir nəfərin, Cəbrayıl rayonu ərazisində maşınqarışıq itkin düşən daha neçə nəfərin minaya qurban getməsi müharibənin bu günə və yaxın gələcəyə miras qoyduğu fəsadların ağırlığını göstərməkdədir.
Mina hərisləri
Bu yerdə qeyd edək ki, mina kəşfindən üzübəri, mövcud olduğu dövrdə bəşəriyyətin ən böyük bəlası sayılıb. Bu səbəbdən də, 1997-ci ildə dünyanın 160-dan çox ölkəsi Kanadanın paytaxtı Ottavada toplaşaraq minadan istifadənin yasaqlanması haqda razılığa gəldi. Amma hər məsələdə olduğu kimi, bu müstəvidə də bəzi ölkələr öhdəlik götürmək istəmədilər. Başda ABŞ, Rusiya, Çin, Hindistan, Pakistan, İsrail, Myanmar, Şimali Koreya və Suriya olmaqla 36 dövlət minaların yasaqlanması haqda sazişə qoşulmadı.
Araşdırmaya əsasən, sazişə qoşulmayan 35 ölkənin ərazisində 50 milyon mina mövcuddur. Ərazisində ən çox mina olan ölkələr isə müvafiq olaraq Çin, Rusiya, ABŞ, Hindistan və Pakistandır. Hazırda ən çox mina ehtiyyatına Rusiya malikdir. Bu ölkənin cəbbəxanasında 25,5 milyon mina mövcuddur. Rusiyanı siyahıda sırasıyla Pakistan (6 milyon), Hindistan (5 milyon), Çin (5 milyon) və ABŞ (3 milyon) izləyir.
Əslində imzalanmış saziş, 60-dan çox ölkənin ərazisində daha əvvəllər basdırılmış minaların təhlükəsini aradan qaldırmadı. Məsələ o qədər ciddiydi ki, 2005-ci il dekabrın 8-də BMT dünyanın hər yerində torpağa basdırılmış qara minaların təmizlənməsi üçün qlobal müstəvidə kampaniya başlatdı.

Ümumilikdə, dünyada torpağa basdırılmış formada toplam 100 milyondan çox mina mövcuddur. Hətta bu minaların bir qismi II Dünya Müharibəsi dövründə basdırılıb və yerləri tam bəlli deyil. Bu səbəbdən də, zaman-zaman Almaniyanın, İtaliyanın, digər Avropa ölkələrinin ərazisində, xüsusilə də şəhərlərdə o dövrdən qalan partlamamış minalar, hətta aviasiya bombaları aşkarlanır. Yuxarıda qeyd etdiyimiz kimi, BMT-nin də dəstək verdiyi minatəmizləmə prosesi nəticəsində son beş il ərzində dünyada 1,3 milyon mina tapılaraq, zərərsizləşdirilib. Məlumata görə, 28 ölkə öz ərazilərini minalardan tamamilə təmizləyə bilib. Bu ölkələrdə ümumilikdə 51 milyon mina torpaqdan çıxarılaraq, yox edilib.
Torpaqda təhlükə
Dünyada ərazisində ən çox mina basdırılmış ölkə Əfqanıstandır. Siyahıda sonrakı yerləri Pakistan, Ukrayna, Yəmən, Kamboca, Suriya, Nigeriya, Myanmar və Hindistan tutur. Kamboca, Laos, Bosniya və Hersoqovina, Anqola və Vyetnam kimi ölkələrin ərazisində çoxdanqalma minalar mövcuddur ki, onların əksəriyyətinin yerini bildirən məlumat yoxdur.
Araşdırmalara əsasən, günümüzdə Suriya, Liviya, Ukrayna və Yəməndə davam edən silahlı toqquşmalarda insan ölümü faktları artıb. Səbəb isə odur ki, insanların böyük bir hissəsi döyüşdə deyil, məhz minaya düşərək həlak olur. Bundan əlavə, İraqda İŞİD, Nigeriyada Boko Haram, Somalidə Əş Şahab terror təşkilatlarının basdırdığı mina və digər partlayıcı vasitələr günsız insanların ölümünə səbəb olmaqdadır. Biz bu siyahıya Kolumbiya, Mali və Myanmar kimi ölkələri də əlavə edə bilərik.

Minaları araşdıran "Landmine Monitor" adlı təşkilatın məlumatına görə, yalnız 1999-2016-cı illərdə 100 mindən çox insan mina partlaması nəticəsində yaşamını itirib. Özü də mina partlaması nəticəsində ölənlərin sayı ildən-ilə artmaqdadır. Məlum səbəbdən ən çox ölüm faktı isə 2015-ci ildə qeydə alınıb. Hazırda BMT-nin Mina Təhlükəsizliyi Agentliyi (UNMAS) Əfqanıstan, Kolumbiya, Konqo, İraq, Livan, Liviya, Mali, Fələstin, Somali, Livan və Sudanda ərazilərin minalardan təmizlənməsi prosesinə dəstək verir. Amma təəssüf ki, Liviya, Yəmən, Suriya, Ukrayna, Kolumbiya, Mali və Myanmar hələ də mina təhlükəsinin ən yüksək olduğu ölkələr kimi qalır.
Ölkələrin bəlası
Əraziləri minalardan təmizləmə prosesinə start vermiş və böyük uğurlar qazanmış ölkələrdən biri də qardaş Türkiyədir. Təxminən 1990-cı illlərin sonlarında Türkiyə ərazisində, xüsusilə də ölkənin Suriya, İraq və İranla həmsərhəd ərazilərində torpağa basdırılmış 1 milyonya yaxın mina mövcud olub. Bunlardan 757 mini piyada, 195 mini isə tank əleyhinə mina olub. Türk Silahlı Qüvvələri 1 mart 2022-ci ilədək Türkiyə ərazisində basdırılmış bütün minaları zərərsizləşdirməyi nəzərdə tutur.
Qardaş türk ölkələri bölgəsi olan Orta Asiya da minalardan zərər görməkdədir. Məsələn, Özbəkistanla Tacikistan arasında sərhəd xətti boyunca böyük bir əraziyə mina döşənmişdi. Amma iki dövlət rəhbərliyi arasında əldə olunan razılığa əsasən, bütün minalar bir il əvvələdək tamamilə zərərsizləşdirilib.

Qeyd edək ki, Özbəkistan hökuməti, 1992-1997-ci illər arasında Tacikistanda davam edən vətəndaş savaşı zamanı silahlı qrupların və narkotika qaçaqmalçılarının, eləcə də aşırı dini qrup üzvlərinin ölkə ərazisinə girməsinin qarşısını almaq üçün sərhəd bölgəsini minalamışdı.
Yəməndəki İnsan Haqlarına Nəzarət Koalisiyasının məlumatına əsasən, bu ölkədə indiyədək minaya düşməsi nəticəsində mindən çox adam ölüb, 1500 nəfər isə şikəst olub. Ümumilikdə isə, bu ölkənin ərazisində təxminən 210 min mina torpaq altında təhlükə saçmaqdadır.
Əfqanıstan ərazisindəki mövcud 650 minədək minanın əksəriyyətini torpağa 1979-1988-ci illər arasında bu ölkəni işğal etmiş SSRİ ordusu basdırıb və nəticəsi də göz qabağındadır – təsadüfi partlayışlar zamanı indiyədək 25 minədək əfqanıstanlı həyatını itirib.
Dünyada Əfqanıstandan sonra ərazisində ən çox mina basdırılan ölkə Kolumbiyadır. Amma burada hökumətlə üsyançı cəbhə - ELN arasında bağlanmış müqavilədən sonra, ərazilərin minadan təmizlənməsinə start verilib. Məsələn, son illərədək ölkənin 190 yaşayış yeri və ətrafı minalardan təmizlənib.
Torpaq altında ən çox mina qalan ölkələrdən biri də Kambocadır. Buradakı minaların Vyetnam müharibəsi dönəmindən qaldığı bəllidir və təxminlərə əsasən, hazırda Kamboca ərazisində milyonlarla piyada əleyhinə mina və digər partlamamış sürsatlar mövcuddur. Bunun nəticəsidir ki, 1979-cu ildən bu yana təsadüfən minaya toxunan on minlərlə insan həyatını itirib. Minlərlə kambocalı şikəst olub və onları bu ölkəyə səfər edən hər kəs görə bilər.
BMT-nin agentliyi bəyan edib ki, İraqda İŞİD terrorçularının torpağa basdırdığı minaları təmizləmək üçün ən azı 10 il vaxt lazımdır. Həm də havayı başa gəlməyəcək – bunun üçün azından 216 milyon dollar ehtiyac var.
Avropanın mərkəzində yer alan Bosniya və Hersoqovinada da vəziyyət ürəkaçan deyil. 1992-1995-ci illər arasında davam edən müharibənin bitməsindən 25 il ötsə də, bu gün təsadüfən minalara qurban gedənlərin sayı heç də az deyil. Ümumiyyətlə, müharibədən sonrakı illərdə Bosniya və Hesoqovinada 756 mina partlayışı nəticəsində 615 nəfər həlak olub, 1140 nəfər isə yaralanıb. Bosniya və Hersoqovina Mina Təmizləmə Mərkəzinin məlumatına görə, ölkədə 8638 ərazidə 79 min mina var ki, onların zərərsizləşdirilməsi vacibdir. Hətta, Avropa İttifaqı bunun üçün 1,1 milyon avro maliyyə dəstəyi də ayırıb.
Minalarla bağlı faktlar
Minalardan ilk dəfə 1200-cü illərdə Çində istifadə edilib, Monqolustanda 1277-ci ildə qeydə alınıb. Avropada isə Leonardo da Vincinin 1500-cü ildə layihələndirdiyi minalardan, sərhədlərin mühafuizəsində istifadə edilib. Amma minadan kütləvi şəkildə istifadə 1862-ci ildə indiki ABŞ ərazsində - Şimalla Cənub arasında gedən müharibə zamanı istifadə olunub.

Son olaraq minalarla bağlı maraqlı, amma əlbəttə ki, qanqaraldıcı məlumatlara nəzər salaq:
- Dünyanın 64 ölkəsində torpağa basdırılı vəziyyəıtdə 110 milyon partlamamış mina mövcuddur.
- Dünyada hər 22 dəqiqədə 1, hər gün 70, hər ay 2 min və ildə 26 min nəfər minaya toxunaraq ya ölür, ya da yaralanır.
- Yalnız Kamboca ərazilərində torpaq altında gizlədilmiş 10 milyon minanın olduğu təxmin edilir.
- Dünyada hər il orta hesabla 7,5 milyon mina istehsal edilir.
- Əfqanıstanda minaya düşməsi səbəbindən indiyədək 20 min nəfər həlak olub, 400 min nəfər yaralanıb. Bu ölkədə 700 nəfərlik minatəmizlyənlər qrupu ayda təxminən 10 mina tapıb zərərsizləşdirə bilir.
- Hazırda minanın birinin istehsalı 8 dollara başa gəlsə də, onu tapıb zərərsizləşdirməyin qiyməti 1000 dollar civarında dəyişir.
- Sülh şəraitində minaya düşərək həlak olan və ya yaralanan əsgərlərin sayı açıq döyüşlərdə ölən və ya yaralananlardan çoxdur.
- Mina torpağın altında tam 75 il deformasiyaya uğramadan, partlamağa hazır şəkildə qalır.
- Hətta dünyada hər il 100 min mina zərərsizləşdirilsə belə, bütün dünyanın minalardan xilas edilməsi üçün min il lazımdır.
- Hazırda dünyada 400 minədək mina partlaması nəticəsində şikəst qalmış insan yaşayır…