Azərbaycan Davosdan bu il də əlidolu qayıdır - TƏHLİL

15:14 24.01.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər ilin əvvəli dünyanın diqqəti İsveçrənin Davos şəhərinə yönəlir. Çünki bu şəhərdə hər il ənənəvi olaraq Davos İqtisadi Forumu təşkil olunur. Qeyd edək ki, Dünya İqtisadi Forumu dünyanın ən böyük iqtisadi forumu sayılır. Burada dünyanın yüksək səviyyəli şəxsləri təmsil olunurlar.

Bu il 50-ci iclası keçirilən tədbirdə 118 ölkədən 2800-dən çox iştirakçı, o cümlədən 53 dövlət və hökumət başçısı, 280-dən çox ictimai xadim, alimlər, icraçı direktorlar, media nümayəndələri iştirak ediblər.1995-ci ildən başlayaraq isə Azərbaycan bu Forumda ölkə rəhbəri səviyyəsində təmsil olunur. Prezident İlham Əliyev Davos Forumunda ən fəal iştirak edən dövlət başçılarındadır. Bu da Azərbaycana bir sıra dividentlər gətirir. Davos Forumu Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacibdir. Azərbaycan Prezidenti Davos Forumunun imkanlarından görüşləri, çıxışları ilə uğurlu şəkildə faydalanır. Dünyanın aparıcı şirkətləri, dünya iqtisadiyyatını müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Bu platforma ölkəmizə investorların cəlb edilməsi, ölkəmizin iqtisadi potensialının təbliğ olunması baxımından əhəmiyyətlidir.

Azərbaycan Prezidentinin Davosa builki səfəri də olduqca məhsuldardır. Belə ki, hər il olduğu kimi bu il də ölkə başçısı çoxsaylı dövlət və hökumət başçıları, dünyanın aparıcı maliyyə-iqtisadi qurumlarının, şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Səfərin praktik nəticələrinə gəlincə, Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanması, Procter and Gamble Europe şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsi, Azərbaycanın Naxçıvan və Qoşadaş yataqlarının Rusiyanın Lukoil şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunması, Sighify şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə olunması, Carlsberg Group şirkətinin Azərbaycana investisiyalarını artırmaq niyyətində olması və s. böyük uğur sayılmalıdır.Göründüyü kimi, Azərbaycan Prezidentinin səfəri və keçirdiyi görüşlər Azərbaycanın xarici əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəhəng şirkətlərin Azərbaycanla əməkdaşlıq qurması və investisiya yatırmaq imlanlarının genişlənməsi, Azərbaycanın regional mərkəz, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

Yeri gəlmişkən onu da vurğulayaq ki, Azərbaycan Davos İqtisadi Forumu üçün də vacib tərəfdaşlardan biridir. Mütəxəssislərin hesablamalarına görə, Cənubi Qafqazda yaranan ümumi daxili məhsulun təxminən 65 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi təxminən 77 milyard dollardır. Onun da 45,15 milyard dolları Azərbaycanın payına düşür. Eyni zamanda, yalnız regiondakı mövqeyimiz deyil, həm də biz Avropa Birliyinin regionumuzla əməkdaşlığına diqqət yetirsək, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi 15 milyard dollardır. Həmin ticarət dövriyyəsinin 11,2 milyard dolları Azərbaycanın payına düşür. Bütövlükdə ümumi ticarət dövriyyəsinin 2,6 milyard dolları Gürcüstanın, 1,1 milyard dolları isə Ermənistanın payına düşür. Yəni bu, o deməkdir ki, Avropa Birliyinin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 75 faizini Azərbaycan formalaşdırır. Təbii ki, bunlar da Davos İqtisadi Forumu və bu tip iqtisadi forumlar üçün Azərbaycanın əhəmiyyətini göstərən amillərdir. Sözsüz ki, Azərbaycan investisiya cəlb etməkdə maraqlıdır. Amma şirkətlər də bazarlar axtarırlar. Bu baxımdan Davos İqtisadi Forumu Azərbaycan üçün nə qədər əhəmiyyətli sayılırsa, ölkəmizlə əməkdaşlıq da Davos İqtisadi Forumu üçün bir o qədər vacib hesab edilir.

Digər tərəfdən, bu il keçirilən Forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda təşkil olunan panel iclasında iştirak edən ölkə Prezidenti müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında hərtərəfli məlumat verib. Dövlət başçısı iqtisadiyyatımızın yüksək səviyyəyə qaldırılmasına imkan verən amillərdən geniş bəhs edərək deyib ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarına güvənmək, ölkəmizi özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirməkdir. Bu baxımdan, iqtisadi müstəqillik əsas prioritet olaraq siyasi müstəqillik üçün bünövrə rolunu oynayıb.

Prezident İlham Əliyev Azərbaycanın sabit və davamlı inkişafda olan dövlət olduğunu bildirərək qeyd edib ki, ölkə daxilində risklər yoxdur. Azərbaycan hakimiyyəti böyük imkanlar yaradan və hazırda həyata keçirilən geniş islahatlar gündəliyinə malikdir. Yəni, hər il olduğu kimi bu il də dövlət başçıs Davos Forumunun tribunasından istifadə edərək Azərbaycan həqiqətlərini geniş şəkildə dünyaya çatdırıb.