Azərbaycan dövləti həkimlərin, tibb personalının fəaliyyətini daima dəstəkləyib - Musa Quliyev

16:48 13.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İyun ayın 17-i Beynəlxalq Həkimlər Günüdür. Koronavirus pandemiyası dövründə həkimlərin fədakarlığı göz qabağındadır. Yüzlərlə həkim gecə-gündüz insanlara xidmət göstərirlər. Prezident İlham Əliyev həkimlərin bu çətin dövründə fəaliyyətini yüksək qiymətləndirir.

Həkimlər günü və pandemiya dövründə səylə çalışan həkimlərin fəaliyyətini hafta.az-a şərh edən millət vəkili Musa Quliyev dedi ki, həkimlik ən az peşələrdən biridir ki, fəaliyyətə başlamamışdan əvvəl bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə and içirlər:

“Buna “Hippokrat andı” da deyirlər. Onlar and içirlər ki, heç bir zaman xəstəni çətin vəziyyətdə qoymayacam, heç bir qarşılıq gözləmədən öz fəaliyyətlərimi yerinə yetirəcəm və xəstəmə heç bir zaman zərər vuran hərəkət etməyəcəm. Bu qədimdən gələn bir ənənədir və həkimlərimizin hər biri buna əməl edir”.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan həkimləri də kifayət qədər mənəviyyatlı insanlardır:

“Cənab Prezidentin sərəncamı ilə həkimlərimizin, xüsusən koronavirusla mübarizə aparan, risk altinda qalan bütövlükdə tibb personallarının, həm orta tibb işçlərinin, həm sanitarların, həm təcili yardım işçilərinin və yaxud da başqa kateqoriyada xidmət edən tibb işçilərinin əməyi yüksək qiymətləndirilir. Həm də onların sosial müdafiəsini gücləndirmək üçün dövlətin dəstəyini göstərir. Yəni həkimlərimiz maaşı qalxmasa da, öz vəzifələrini ləyaqətlə yerinə yetirəcəkdilər. Prezidentin sərəncamı həkimlərimizə maddi dəstəklə yanaşı, mənəvi bir stimuldur. Bu o deməkdir ki, Azərbaycan dövləti sizin arxanızdadır, Azərbaycan prezidenti sizin qayğınızı çəkir və əməyinizə yüksək qiymət verir. Operativ qərargah özü müəyyən elədi ki, kimlərin maaşı 3 dəfə, kimlərin maaşı isə 5 dəfə qalxsın. Bu, çox ciddi artımdır. Həkimlərimizin orta əmək haqqı 500 manat civarındadır. 3 və 5 dəfə artırıldıqda isə yüksək məbləğə gəlib çıxdı və həkimlərə yetərincə stimul oldu".