Noyabrın 15-də Fransa senatının Azərbaycana qarşı sanksiya tətbiqi məsələsini müzakirəyə çıxaracağnı nəzərə alsaq Makronun belə riyakar açıqlama verməsi diqqət çəkir.
Bu fikirləri hafta.az-a politoloq Turan Rzayev Makronun son açıqlamalarına münasibət bildirərkən səsləndirib.
“Görünür, Makron və senat bu məsələdə eyni düşüncəyə malikdir və sanksiya qərarı verilə bilər. Lakin senatın Azərbaycana qarşı sanksiya tətbiqi məsələsini qəbul etməsi bunun praktiki tətbiqinin reallaşacağı mənasına gəlmir. Düzdür, Makron jurnalistin “AB Azərbaycandan qaz alır, buna görə Azərbaycana tolerant yanaşa bilərmi?” sualına “Fransa Azərbaycandan qaz almır. Əlbəttə, AB-nin bir neçə ölkəsinin Azərbaycanla qaz sazişi var. Amma biləsiniz ki, Fransa və AB-nin dəyərləri qaz və ya neftə satılmır” açıqlamasını versə də, bu reallığı dəyişmir. Çünki Bakının hazırda Avropanın enerji təminatında çəkisi heç olmadığı qədər artıb”.
Politoloq hesab edir ki, Fransa prezidentinin bu çıxışı region və Azərbaycan haqda tamamilə təhrif edilmiş və şantaj üzərində qurulan bir çıxışıdır. Onun fikrincə, Makronun son açıqlaması həm də Fransa-Azərbaycan münasibətini yenidən gündəmə gətirir.
“Ümumiyyətlə, Fransa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasında, sülh müqaviləsinin imzalanması prosesində iştirak etməməlidir. 30 illik “vasitəçilik” dövründə ATƏT MQ-nin həmsədri kimi Fransa Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin Ermənistanın maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib.
Son zamanlar isə Fransa artıq gündəmdə olmayan məsələləri qabardır, ciddi cəhdlə danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını icra etməyə cəhd göstərir. Aydın məsələdir ki, qatı ermənipərəst siyasət yürüdən Fransa erməni lobbisinin güclü təsiri altındadır və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir. Bütün bunları nəzərə alsaq, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz”.
T.Rzayev hesab edir ki, son proseslər həm də onu göstərir ki, rəsmi Paris Brüssel formatını manimsəməyə və öz əlinə keçirməyə çalışır.
“Etiraf etmək lazımdır ki, son zamanlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində, Aİ Şurasının prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri sayəsində önəmli addlmlar atılıb. Xüsusilə sərhədin delimitasiyası üzrə işçi qrupunun formalaşdırılması, XİN rəhbərləri səviyyəsində təmasın qurulması, sülh sazişi mətninin hazırlanması ilə bağlı razılaşma və s. buna misal ola bilər.
Makron ötəngünkü açıqlamasında açıq şəkildə qeyd edib ki, Avropa Siyasi Birliyi zirvəsi çərçivəsində AŞ və Fransanın vasitəçiliyi ilə dördtərəfli görüş baş tutub. Makron hətta daha da irəli gedərək qeyd edib ki, bu çərçivədə yeni tarixdə ilk dəfə olaraq Ermənistan və Türkiyə liderləri də görüşdü.
Göründüyü kimi, Makron təkcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını deyil, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını mənimsəməyə çalışır. Halbuki Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırım siyasəti, müsəlman ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara qarşı dini və irqi ayrı-seçkiliyi, habelə Azərbaycan və Türkiyəyə qarşı qərəzli siyasəti hamıya məlum həqiqətlərdir.
Buna görə də Azərbaycan Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməli, bu ölkənin bütün vasitəçilik təkliflərini qəbul etməməlidir”.