Azərbaycan komandası Tokio Paralimpiadasında daha 2 qızıl medal qazanıb.
Hafta.az xəbər verir ki, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 63 kq çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Xanım Hüseynova startda yaponiyalı Hiroko Kudodan üstün olub. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb.
Cüdoçumuz Hüseyn Rəhimli də digər idmançılarımız kimi uğurlu çıxış edib.
81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib. Koreya Respublikasından olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Rəqibindən üstün olan H.Rəhimli Paralimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.