“Azərbaycan Türkiyədə hər kəsin ürəyindədir” – İzmir sakinləri ilə söhbət

14:00 05.03.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən həftələrdə Türkiyədə idim. Fərqli bölgələrində oldum, amma hər yerdə özümə və təmsil etdiyim Azərbaycana qarşı vahid münasibət – sevgi gördüm. İnsanlar fərqli düşünürlər, amma Azərbaycanın adı çəkiləndə fikirlər birləşir. Hamı deyir ki, qardaşıq, bir millətin iki dövlətidir Türkiyə ilə Azərbaycan. Sadəcə son vaxtlar sosial yaşam tərzində bir az fərqlər mövcuddur. Bu da müvəqqətidir, çünki Azərbaycan dünyaya inteqrasiyasını dərinləşdirdikcə, orda da sosiallaşma güclənəcək. Hər halda, ölkələrimizin yerli adət-ənənələrini, sosial və ən azından coğrafi məlumatlarını daha çox paylaşmalıyıq – təbliğatı artırmalıyıq.

Fərqli fikir sahibi olan İzmir sakinləri ilə ayaqüstü söhbət etdim. Nə düşünürlər, birlikdə baxaq:

 

İzmir sakini, 30 yaşlı gənc xanım Meriç Avçı:

- Ölkəmizdə insanlar milli adət-ənənələrinə, mədəniyyətlərinə çox bağlıdırlar. Amma izmirlilər daha səmimi, daha istiqanlıdır. Səbəbi də budur ki, başqa şəhərlərimizin əhalisi daha çox köç qəbul edərək, qarışıb vəziyyətə düşüb. İzmirdə isə, qəribədir, gələnlər özləri yerli əhaliyə qarışır. Fikir versəniz görərsiniz ki, məhəllələrdə adamlar bir-birinə salam verir, üzlərində hər zaman təbəssüm olur. Saat neçədə olur-olsun, küçədə rahatlıqla gəzib dolaşırıq, istirahət edə bilirik.

- Türkiyənin başqa yeriləri ilə müqayisədə İzmirdə hicablı qadınları az gördüm, bu nəylə bağlıdır?

- Çox sadə, izmirlilər din məsələsində daha azaddırlar. Yəni heç kim kimsəyə niyə başın açırdır və ya niyə hican taxmısan demir. Kim necə istəyir, elə də geyinsin. Məsələn, mənə başı açıq olmaq daha rahatdır, bir başqasına hicab taxmaq rahatlıq verirsə, qoy taxsın. Məncə bu içində olduğumuz cəmiyyətin baxışlarını təcəssüm etdirməlidir. Biz azad cəmiyyətdə yaşayırıq.

- Türkiyədə qadınların çoxu siqaret çəkir, bu da cəmiyyətin azadlığından irəli gəlir?

- Bizdə qadınlar çox, hətta kişilərdən daha çox çəkirlər. Səbəbini dəqiq bilmərəm. Amma məncə qadınların işi ağırdır, yəqin siqaret çəkməklə o yüklərdən xilas olurlar. Necə ki, kişilər alkaqol içirlər və bu zaman özlərini başqa aləmdə hiss edirlər. Yəqin qadınlar da belə bir hiss yaşayırlar...

- Türk gənclərin sosial yaşamı necədir, razısınız həyatınızdan?

- Belə deyim: İzmirdə, İstanbulda və digər iri şəhərlərdə gənclərin sosial həyatı iç Anadoluda yaşayan gənclərinki ilə müqayisədə çox zəngindir. İndi pandemiya dövrüdür, amma əvvəllər işimiz, işdən sonra əyləncə məkanlarımız, parklarımız-bulvarımız vardı. İzmirin coğrafi mövqeyi elədir ki, hər yerə yaxındır. Məsələn, çimərliyə getmək istəyirəmsə, yarım saata ordayam. Sadəcə iş saatı bir az uzundur, bu da istirahətimizə vaxt ayırmağa imkan vermir. Üstəlik, iş saatının uzun olmasına baxmayaraq, maaşlarımız da aşağıdır - 3 min lirə. Burada kirayə mənzillər çox bahadır. İzmirdə bir otaqlı ən ucuz mənzilin kirayəhaqqı min lirədən yüksəkdir. Deməli, aldığım maaşın yarısı ancaq kirayəyə gedir. Axı yemə-içmək, geyim-kecim, kommunal ödənişlər, digər xərclər var.

- Niyə öz eviniz yoxdur, axı izmirli olduğunuzu dediniz?

- İzmirdə doğulmuşam. Amma valideynlərim evi satıb başqa şəhərə köçdülər. Mənsə getmədim, İzmirdən ayrıla bilmirəm, qaldım. Ali təhsil almışam, işləyirəm və rahat yaşayıram.

- Ölkədən kənarda oldunuzmu?

- Çox təəssüf. Anam Bolqarıstan türküdür, nə vaxtsa ordan gəlib Türkiyəyə. İlk olaraq Bolqarıstana getmək istərdim. Azərbaycana da gəlmək istəyirəm, amma nə edim ki, fürsətim olmayıb.

- Fürsət olmayıb, niyə?

- İlyarımdır pandemiyadır, başqa səbəb yoxdur. Azərbaycan Türkiyədə hər kəsin ürəyindədir, axı qardaş ölkəyik. Amma Azərbaycanla bağlı Türkiyə gəncləri arasında bir az məlumatsızlıq var. Burada bir neçə telekanalınız yayımlanır, amma təbliğat zəifdir. Bu səbəbdən də insanların, xüsusilə də gənclərin bildikləri “Azərbaycan qardaş ölkədir, bir millətik”dən o tərəfə keçmir. Bizdə bir deyim var: çox yaxınıq, amma heç yaxın deyilik. Bunun üçün məsələn, İzmirdəki təşkilatlar, cəmiyyətlər vaxtaşırı ictimaiyyət üçün tədbirlər keçirməli, hətta şənliklər düzənləməlidir ki, istənilən sıradan insanlar ora gedib baxa və Azərbaycanla bağlı məlumatlarını artıra bilsinlər...

İzmir sakini, iki övlad atası Çengiz Uçuk:

- Mən bayağı müasirləşməyə qarşıyam. Xüsusilə də İzmirdə insanların davranışlarında, geyim-kecimlərində aşırı sərbəst olmlarını qəbul edə bilmirəm. Hansı ki, bizim mədəniyyətə görə qadın çox açıq geyinə ilməz, burda geyinirlər. Yenə də bizim adətlərə görə kişilər ailələrinə bağlı olmalı, hörmətini qorumalıdır, amma İzmirdə bir qism bunu etmir. Yəni demək istəyirəm ki, İzmirdə həyat və yaşam daha çox sosiallaşıb.

- Rahat yaşamaq üçün yaxşı qazanmaq lazımdır. Siz nə qədər qazana bilirsiniz?

- Açığı deyim ki, bir az maddi sıxıntımız var. Düzdür, dövlət imkan daxilində yardım edir, amma yenə də bir ailə üçün çətindir. İndi pandemiyadır, karantin yasaqları var, əvvəllər vəziyyətimiz daha yaxşı idi.

- Dövlət yardım edir dediniz, nə verir, hansı yardımlardır?

- Aztəminatlı insanlara qida və başqa zəruri hər nə desən verilir. İndi kimlərsə dövlətin etdiklərini görməzdən gəlir, bu sadəcə günahdır.

- Baxıram, gecə saatında hələ də piştaxtanın arxasındasınız, heç alıcı da yoxdur. Günlük qazancınız nə qədər olur?

- Təxminən 100-150 lirə, ayda isə aşağı-yuxarı 3500 lirə. Bundan da rüsum verirəm, başqa xərclərim olur. Hər ay özümə təmiz 2500 lirə qalır ki, bununla da 4 baş ailə dolanırıq. Allah insana ağıl da verir, sıxıntı da, rahatlıq da. Pandemiyadan öncə ayda 4000-4500 lirə qoyardım cibimə, bu gün az qazanıram, dolanışığım ağırlaşıb, amma yenə də şükür edirəm. Çünki bir vaxtlar daha çox ruzini verən Allahın yenə də verəcəyinə inanıram. İnsan az da qazanar, çox da, əsas odur ki, cibinə görə addım atmağı bacarsın. 10 min lirəni böyükə də versən bir gündə xərcləyəcək, uşağa da. Ona görə də insanı uşaq vaxtından elə tərbiyə etmək lazımdır ki, çətin şəraitdə aza qane olub yaşamağı bacarsın. Təəssüf ki, günümüzdə bir çox hallarda böyük-kiçik münasibətləri qarışıb. Bu da ifrat müasirləşmənin nəticəsidir.

- Uşaqlar böyükdür?

- İki qızım var - məktəblidirlər. Böyük qızım 5-ci sinifdə oxuyur, izmirli məktəblilər arasında keçirilmiş bilik yarışında birinci oldu. Əminəm ki, Türkiyəni təmsil edəcək qızım. Özüm vaxtilə təhsil ala bilməmişəm. Ona görə də bütün günü işləyib ruzimi qazanıram ki, qızlarım korluq çəkməsinlər, savadlı, dünyagörüşlü – xeyirli vətəndaş olaraq böyüsünlər.

- Azərbaycan haqda nə bilirsiniz?

- Azərbaycanı qardaş ölkə, qardaş xalq kimi tanıyıram. Getməmişəm, amma Allah nəsib edərsə mütləq yolumu salacam Bakıya.

- Bayaq söhbət zamanı kürd olduğunuzu dediniz, maraqlıdır, necə bir Türkiyə görmək istəyirsiniz?

- Bu ölkədə bir çox xalqın nümayəndəsi yaşayır. Türk, kürd, laz, çərkəz, ərəb – hamımız vahid ailəyik. Başımızı səcdəyə qoyanda hamımız eyni şəkildə La ilahə illəllah Muhammədun Rəsulullah deyirik. Ona görə də milli və məzhəb ayrılığı qoymadan bərabər, qardaş olaraq yaşamalıyıq. Mən nə qədər ki, türk bayrağı altında yaşayıram, bu ölkənin hər qarışı vətənimdir. Nə qədər ki, bu bayrağın altında yaşayıram, kimsə məni millətimə görə fərqləndirə bilməz. Biz Türkiyə vətəndaşıyıq, vəssalam.