Mayın 11-də - cümə axşamı keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel Azərbaycan-Ermənistan sərhədində son zamanlar eskalasiyanı şərh edərkən belə deyib:“Biz hər iki ölkənin liderlərini mayın 14-də Brüsseldə görüşdükləri zaman öz qüvvələrini geri çəkməyə çağırırıq”.
O əlavə edib ki, bu məsələ mayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda danışıqlar zamanı müzakirə olunub.
Hafta.az-a açıqlamasında məsələyə münasibət bildirən sabiq baş diplomat Tofiq Zülfüqarov bunları söyləyib:
“Bilirik ki, Azərbaycan və Ermənistanın müəyyən bərabər məsafədə olmaqla şərti sərhədlərdən qoşunları geri çəkmələri təklifi rəsmi İrəvan tərəfindən irəli sürülüb. Azərbaycan dövləti ABŞ Dövlət Departamentinin bu çağırışını qəbul edə bilməz. Çünki birincisi hələ də sərhəd müəyyən olunmayıb. İkincisi, Ermənistanda revanşist, irqçi, işğalçı niyyətli şüarlar səsləndirilməkdə davam edir. Eyni zamanda baş nazir Nikol Paşinyan dildə şifahi olaraq bunu söyləsə də, Ermənistan hələ rəsmən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımayıb, keçmiş Dağlıq Qarabağ ərazisini Azərbaycan ərazisi kimi qəbul etməyib. Və hətta 30 ildən çox Azərbaycanın ətraf 6 rayonunu da işğal altında saxlamış bu qəsbkar ölkə hazırda da Yuxarı Qarabağın bir hissəsində öz ordusunu yerləşdirməkdə davam edir. Yəni bu baxımdan təhlükəsizliyi nəzərə alaraq Azərbaycan üçün Dövlət Departamentinin bu təklifi, yəni öz qoşunlarını Ermənistanla sərhədlərdən geri çəkməsi qəbul edilməzdir”.
Politoloq “Mayın 11-də Azərbaycan-Ermənistan sərhədindəki növbəti qanlı təxribatın da İrəvanla Moskvanın birgə planları əsasında təşkil olunduğu haqda çox fikirlər səslənir. Əgər bu, gerçəkdirsə, daim “sülh danışıqlarına hazırıq” deyən Ermənistan bu cür təxribatlarla nə qazanır” sualını da cavablandırıb.
“Bilirsiz, bir neçə ay öncə Ermənistanın Qərbə böyük ümidi var idi. Yəni hesab edirdilər ki, Amerika, yaxud Avropa gəlib onları qoruyacaq. Keçən ilin payızında Avropa Birliyinin missiyasını Azərbaycanla sərhədə gətirdilər. Və nəhayət, Paşinyan bir neçə gün öncə dedi ki, həmin missiyadan heç bir fayda yoxdur. Onun ardınca isə dərhal bildirdi ki, əgər Rusiya öz təklifini yenidən irəli sürsə, biz ona dəstək verəcəyik. İndi isə Ermənistan yenidən Kremlə üz tutub. Paşinyan Putinin sonuncu 9 may paradına qatılıb və onunla görüşüb hansısa danışıqlar aparıb. İrəvanın bunlarda məqsədi Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin missiyasının gəlməsinə nail olmaqdır. Zoddakı sonunci təxribat da məhz bu məqsədi həyata keçirmək üçün təşkil olunub. Əslinə qalsa, ermənilər bununla həm də hiyləgərlik edirlər, bilmək istəyirlər ki, KTMT doğrudan da Ermənistana köməyə gələcək, ya yox... Artıq dünyada o ölkə qalmayıb ki, Ermənistan ona deməsin ki, gəlin bizə kömək edin... Və Paşinyan ikinci dövrə dolanıb gəlib Rusiyanın yanına... Amma yenə Ermənitan üçün müsbət bir şey alınmayacaq” -deyə keçmiş xarici işlər naziri bildirib.