Azərbaycana miqrasiya edən quşların sayı artır

18:59 04.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Nadir quş növlərindən sayılan ağ durna (Sibir durnası) son 10 il ərzində Azərbaycan təbiətində ilk dəfə görünüb. APA-nın "Bird Guides" jurnalına istinadən verdiyi məlumata görə, martın 1-də israilli ornitoloq Rami Mizrahi durnanı Şirvan Milli Parkında müşahidə edib.Bu, həmin quşların miqrasiya dövründə özlərinə yeni durma nöqtəsi tapmasından və təbii şərait yaxşılaşdığı üçün Azərbaycana qayıtmasından xəbər verir.

Qeyd edək ki, quşların miqrasiyası əsasən yazda və payızda olur.Yaz miqrasiyasının səbəbi reproduksiya instinktinin oyanması, payız miqrasiyasının səbəbi isə qidanın azalması və ya ona işarələrdir. Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayının çox olduğu bildirilir.Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir.Bu da ilk növbədə, miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa, bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi.

Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40 faizi oturaq növ olmaqla, Azərbaycanda ilboyu müşahidə edilir, 27 faizi qışlayan və 10 faizdən çoxu köç vaxtı qeydə alınan növlərdir.

Azərbaycan ornitofaunası çox zəngindir.Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir.Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.

Hələ 60-cı illərdə qış mövsümündə 2 milyondan çox su-bataqlıq quşu, xüsusilədə ördək, qaşqaldaq və qaz ovlanıb.36 növ quş Azərbaycan Qırmızı Kitabına daxil edilib.Azərbaycan ornitofaunasından 23 növ Dünya Qırmızı Kitabına daxil edilib.Azərbaycanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatçılıq amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.), neft çıxarılması və daşınması, elektirik xətləri və başqalarıdır.

Quşların, ilk növbədə, su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilmişdirki, burada 500 mindən çox quş qışlayır.Bundan başqa Samux qoruq-ovçuluq təsərrüfatında, Gil və Şahdili yasaqlağında və digər yasaqlıqlarda quşlar qorunub mühafizə edilir. Sarısu (400-500 min qışlamada), Mahmudçala (40 min), Kürün deltasında (miqrasiyada 75 min), Abşeron-Qobustan sahillərində (Pirallahi-Pirsaat kəsiyində - 200 min ) və digər sahələrdə daha çoxdur. Azərbaycanda ekoturizm kimi istiqamətin, xüsusilədəquşların müşahidəsinin inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Quşları burada il boyu, həm qışlamada, həm köç, həmdə yuvalama zamanı müşahidə etmək mümkündür. Burada vağların, ibislərin, qarabattaqların qamışlıqda, qağayı və sternaların adalarda, hətta istifadəsiz neft özüllərində çoxsaylı koloniyalarını müşahidə etmək olur.Qışda bəzgəglərin nəhəng sürüləri, qartallar, kərkəslər yemlənmək üçün düzənlərə gəlir.Xəzər sahillərində və daxili su hövzələrində su quşlarının nəhəng sürüləri toplaşır.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin  sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində bir sıra tədbirlər planı nəzərdə tutulub. Tədbirlər planında təhsilin bütün pillələrində ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə əlaqədar məsələlərin tədrisinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunması üzrə resurs, informasiya və təlim mərkəzlərinin yaradılması, insanresurslarının bilik və bacarıqlarının artırılması üçün texniki potensialın gücləndirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm potensialı ilə bağlı məlumat bazasının genişləndirilməsi, təbiət abidələrinin inventarlaşdırılmasının həyata keçirilməsi, reklam xarakterli infoturların keçirilməsi, milli parklarda ekoloji turizmlə məşğul olan turoperatorların müəyyən edilməsi, media nümayəndələri, yerli və xarici turistlər üçün infoturların keçirilməsi nəzərdə tutulur. Tədbirlər planına görə, bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi,

bitki və heyvan növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması, bioloji müxtəliflik üzrə İnformasiya və Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması, bioenerji resurslarının dəqiq uçotunun aparılması, Azərbaycan Respublikasının daxili sularında, sərhəd sularında və Xəzər dənizinin Azərbaycan sektorunda bioloji müxtəliflik komponentlərinin idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və məişət tullantıları ilə çirklənmənin qarşısının alınması, böyük yaşayış məntəqələri ətrafındakı su hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması həyata keçirilməlidir.

Sənəddə habelə, bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən amillərin öyrənilməsi, antropogen təsirlərə məruz qalan torpaqlarda meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflər hazırlanması və pilot layihələrin həyata keçirilməsi, otlaqların idarə olunmasında qabaqcıl təcrübənin tətbiqi və otlaq sahələrinin səmərəli idarə olunması məqsədi ilə tədbirlər görülməsi, idarəetmə planlarının hazırlanması və pilot layihələrin tətbiqi,“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əməl olunmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, meşə ilə örtülü ərazilərin inventarlaşdırılmasında və monitorinqinin aparılmasında müasir metodikanın tətbiqi planlaşdırılıb.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Ornitoloji Cəmiyyətinin sədriElçin Sultanov açıqlamasında deyib ki, son illər antropogen təsirlər nəticəsində ölkəmizə miqrasiya edən quşların sayı ciddi şəkildə azalıb:“Müşahidələrə əsasən, son 50-100 il ərzində Azərbaycana miqrasiya edən quşların sayının azaldığını söyləmək olar. Sözsüz ki, 50-100 il əvvəl Azərbaycana daha çox sayda quş miqrasiya edirdi. Bu, birbaşa dünyada baş verən iqlim prosesləri, antropogen amillərlə bağlıdır. Məsələn, 80-ci illərdə Azərbaycanda təkcə 2 milyona yaxın ördək ovlanırdısa, indi heç bu rəqəm 200 mini keçmir. Ümumilikdə hazırda ölkəyə miqrasiya edən quşların sayı 1-1.5 milyon civarındadır. Bu müqayisə özü göstərir ki, ölkəmizdə qışlayan quşların sayı dəfələrlə azalıb”.

Ekspert bununla yanaşı vurğulayıb ki, Azərbaycanda ornitologiya ilə maraqlanan turistlərin sayı artdıqca, daha çox qeyri-adi quş növləri aşkarlanır: “Köçəri quşlar iki cür olur: uzaq məsafəyə və yaxın məsafəyə köç edənlər. Son illər Azərbaycana gələn əcnəbi turistər artır və onların içərisində quşlarla maraqlananlar, elm adamları da olur. Bəzi turistlər isə müşahidələr aparırlar və Azərbaycanda yeni quş növlərini aşkarlayırlar. Həmin turistlərin müşahidələrinə əsasən, köçəri, Azərbaycanda müvəqqəti məskunlaşan quş növləri aşkar edilir. Bəziləri təsdiqlənir, bəziləri isə şübhəli qalır.Azərbaycanda 15-20 il qabaq quş növlərinin sayı 368 idisə, indi bu rəqəm 425-ə çatır. Yəni ornitologiya ilə maraqlanan turistlərin axını artdıqca, daha çox qeyri-adi quş növləri aşkarlanır”.

Cəmiyyətin sədri bütün Avropanı əhatə edən “Avropanın yuvalayan quşlarının atlası-2” layihəsinin gedişatı haqqında da məlumat verib. O, bildirib ki, “Avropanın yuvalayan quşları atlası” çox böyük layihədir: “ İlk dəfə olaraq bu layihəyə postsovet respublikaları, o cümlədən Azərbaycan da qoşulub. Ölkələrin əraziləri GPS sistemi ilə kvadratlara bölünüb . Bu kvadratlarda bütün rast gəlinən yuvalayan növlər qeydə alınır və onların təxmini sayı müəyyənləşdirilir. İşin bitirilməsi bu ilə planlaşdırılır. Artıq ilkin məlumat yığılıb və bütün Avropa üzrə həmin informasiyaların işlənməsi prosesi icra olunur. Çox güman ki, atlas bu il çapdan çıxacaq”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.