Ölkəmizdə bir neçə təhsil müəssisəsi “Microsoft” şirkətinin “Nümunəvi məktəblər” proqramında nominant seçilib
Məlum olduğu kimi, ötən il bütün dünyada, o cümlədən ölkəmizdə “COVID-19” pandemiyası səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilələr yaranıb. Bunu nəzərə alan Təhsil Nazirliyi tərəfindən ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədi ilə təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanılıb. Qeyd edək ki, atılan çevik addımlardan biri 2 aprel 2020-ci il tarixində hazırda ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb”in fəaliyyətə başlaması olub. Ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanları yaradıb. “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı “Amazon Alexa” reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan artıq olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.
Milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsi ilə təşkil edilən məsafədən təlim-tədris prosesində hazırda video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, bilik yarışmaları, pedaqoji şuralar, monitorinq, nəzarət mexanizmləri kimi geniş imkanlardan istifadə olunur. “Virtual məktəb”də keçirilən dərsləri daha maraqlı və öyrədici formada təşkil etmək məqsədi ilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar platformaya inteqrasiya olunub. Bununla bağlı, “Virtual məktəb” saytında innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkanı da yaradılıb. Həmçinin, “Virtual məktəb”də təhsil sistemində məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, platforma geniş məzmun bazası kimi də fəaliyyət göstərir. Belə ki, bu gün "Microsoft Stream" vasitəsilə yazılan və yüklənən mühazirələr gələcək illər ərzində də əlçatan olacaq. Bundan başqa, platformadan istifadə müəllimlərin İKT-dən istifadə bacarıqları inkişafına və tədrisdə rəqəmsal texnologiyaların tətbiqinə şərait yaradıb, müəllimlik vəzifəsinə hazırlaşan tələbələr üçün onlayn təcrübə proqramları həyata keçirilib. Peşəkar inkişaf və məktəbdənkənar fəaliyyətin təşkili istiqamətində 22 847 nəfər şagirdin iştirak etdiyi 34 dərnək, 110 326 nəfər müəllimin iştirak etdiyi 194 vebinar həyata keçirilib.
Qiymətləndirmə alətlərinə malik “Virtual məktəb” platforması vasitəsilə IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə monitorinq qiymətləndirmə təşkil olunub. Bununla yanaşı, cari ilin yanvar ayı ərzində müəllimlər “Virtual məktəb”də təqdim edilən müxtəlif qiymətləndirmə metodlarından istifadə etməklə məktəbdaxili qiymətləndirmə həyata keçiriblər. “Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi aparılır. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir. Digər tərəfdən, “Virtual məktəb” vasitəsi ilə valideynlər övladlarının tədris prosesini izləyə bilir, bu da öz növbəsində şagird nailiyyətlərinin yaxşılaşdırılmasında öz müsbət rolunu göstərməkdədir. Belə ki, valideynlər platforma vasitəsi ilə şagirdin dərs prosesində iştirakına və nəticələrinə nəzarət edə bilir, ev tapşırıqlarının yerinə yətirilməsində yaxından iştirak edir, həmçinin, platformada təşkil edilən psixoloji dəstək saatları və digər maarifləndirici vebinar və tədbirlərə qoşula bilirlər. “Virtual məktəb” saytında platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün detallı video təlimatlar da təqdim olunur. Həmçinin, platformadan istifadə ilə bağlı əlavə sualı yaranan vətəndaşlar üçün “Virtual Bələdçi” xidməti, 146-4 “Qaynar xətt” xidməti və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.
Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan məktəbləri “Microsoft” şirkətinin “Nümunəvi məktəblər” (Microsoft Showcase School) proqramında nominant seçiliblər. Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, proqram dünya üzrə təhsilin idarəolunması və tədris prosesinin təşkilində “Microsoft” texnologiyalarından innovativ formada istifadə edən və öz təcrübələrini beynəlxalq təhsil ictimaiyyəti ilə bölüşməyə hazır olan məktəblər üçün nəzərdə tutulub. Təhsilin rəqəmsal transformasiyası üzrə qabaqcıl məktəbləri bir araya gətirən bu proqramda ölkəmiz üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Sumqayıt Təfəkkür liseyi, Bakı şəhəri 238 nömrəli, 36 nömrəli və 220 nömrəli tam orta məktəblərin nominantlığı qəbul olunub. Məktəblər təhsildə rəqəmsal liderlik və siyasət, data əsaslı təhsil, gələcək bacarıqların formalaşdırılması, fərdi ehtiyacları dəstəkləyən inklüziv öyrənmə mühitinin olması kimi meyarlara əsasən qiymətləndirilib. Proqram çərçivəsində iştirakçı seçiləcək məktəblərə “Microsoft” şirkəti tərəfindən metodiki və təşkilati dəstək göstəriləcək, məktəblər geniş tədris resurslarına və elmi tədqiqatlara çıxış imkanı əldə edəcək, davamlı olaraq keçirilən beynəlxalq tədbirlərdə iştirak edə, digər məktəblərlə ortaq layihələr həyata keçirdə və öz təcrübələrini paylaşa biləcəklər.
Onu da qeyd edək ki, proqramda iştirak Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi” çərçivəsində həyata keçirilir. Niyyət sənədinə əsasən, tərəflər arasında ümumtəhsil sahəsində strateji əməkdaşlığın qurulması, həmçinin, Azərbaycanda “Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəblərin yaradılması nəzərdə tutulur.
Azərbaycanda pandemiya dövründə təhsil sahəsində fasiləsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Belə ki, Asiya İnkişaf Bankının illik hazırladığı Asiya İqtisadi İnteqrasiya hesabatı bu il “Rəqəmsal platformaların Asiya və Sakit Okean üçün işləməsini təmin etmək” başlığı ilə dərc edilib. Hesabatda qeyd edilir ki, pandemiya dövründə onlayn təhsilə keçidin təmin edilməsi ilə internetə olan çıxışın vacibliyi artıb. Təhsil müəssisələrinin 190-dan çox ölkədə bağlanması 1,5 milyard təhsil alan şəxslərə təsir edib. İnternetə çıxışı yüksək olan və infrastruktur baxımından hazırlıqlı olan ölkələrdə onlayn təhsilə sürətli keçid prosesi rahat bir şəkildə baş tutub. Hesabatda vurğulanır ki, Azərbaycanda bu proseslər görülən tədbirlər nəticəsində minimum təsir ilə davam etdirilir. Belə ki, hesabata əsasən Azərbaycan Microsoft ilə Virtual Məktəb layihəsi həyata keçirib. Həmçinin, evdə təhsilin mümkünlüyünün olması üçün ev təsərrüfatlarında rəqəmsal cihazın və əlaqənin olması vacib şərtdir. Statistik göstəricilərə əsasən, Azərbaycanda ev təsərrüfatlarının 80 faizə yaxınında internetə çıxışı vardırsa, cəmi 64,1 faizində kompüter vardır. Bu da öz növbəsində Asiyada digər ölkələrə nəzərən kifayət qədər yüksək bir göstəricidir. Məsələn, ev təsərrüfatlarında kompüterin olması göstəricisi Gürcüstanda 62,1 faiz, Filippində 23,4 faiz, İndoneziyada 20,1 faiz, Hindistanda 16,6 faiz olaraq dəyişir.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov hafta.az-a deyib ki, təhsildə fasiləsizliyin təmin olunmasında “Virtual Məktəb” layihəsi olduqca vacib rol oynayır: “Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinin yaradılması pandemiya ilə bağlı yaranmış mürəkkəb vəziyyətdə təhsilin məzmun keyfiyyətini qorumaqla tədrisin formatında dəyişiklik etmək zərurətindən irəli gəlib. "Virtual məktəb" layihəsi şagirdlərə məsafədən tədris almaq üçün əlavə bir imkan verib. Bu layihə şagirdlərin təhsildən kənarda qalmamaları üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən uğurlu bir layihədir. Bu platformada bütün elektron kitablar, video dərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələri bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə cəmləşdirilib. Nəticədə bu gün milyondan çox şagird və 100 min müəllim platformada qeydiyyatdan keçərək ondan aktiv şəkildə istifadə etmək imkanı qazanıb”.