Azərbaycanda peşə təhsili stimullaşdırılır

11:17 18.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Peşə məktəblərinə təhsil alan kadrların keyfiyyət göstəricisi yüksələcək. Belə ki, Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq peşə təhsil müəssisələrində biliyin dərəcələr üzrə qiymətləndirilməsi tətbiq ediləcək. Bununla bağlı Prezident İlham Əliyev bu yaxınlarda “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, sərəncamın 1.4-cü bəndində edilən dəyişikliyə əsasən, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat, akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat təqaüd veriləcək.

Həmin sərəncama uyğun olaraq Nazirlər Kabineti də “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Qərara əsasən, peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib. Beləliklə, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, peşə təhsili müəssisələrinin əyani təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüd onların aralıq qiymətləndirmə (yarımil) nəticələrinə görə verilir. Hər tədris ili üçün peşə təhsili müəssisələrində ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir. Hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti yarımildə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər yarımil üzrə (birinci tədris ilinin birinci yarımili istisna olmaqla) aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən modullar (fənlər) üzrə göstəricilərinə görə müəyyənləşdirilir.

Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci yarımilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdiyi nəticə və ya orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanından topladığı bal, sonrakı yarımillərdə isə əvvəlki yarımildəki aralıq qiymətləndirmənin nəticəsi yüksək olan tələbəyə üstünlük verilir. Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyən- ləşdirilərkən, təqaüdlərin müəyyən edilmiş sayı müvəffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri pedaqoji şuranın qərarı ilə digər ixtisaslar üzrə təhsil alan və həmin yarımildə aralıq qiymətləndirmə üzrə yekun nəticəsi yüksək olan tələbələrə növbəti yarımilədək verilir. Aralıq qiymətləndirmənin yekun nəticələrinə görə çoxballı sistem üzrə 50 baldan və ya 5 ballıq qiymət şkalası üzrə “3”-dən aşağı qiymət almış peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur. Xəstəliyə və digər üzrlü səbəblərə görə aralıq qiymət- ləndirmədə iştirak etməyən tələbələrə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir. Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran tələbələrə təkrar təhsil ili dövründə təqaüd ödənilmir. Peşə təhsili pilləsinin ilk və texniki peşə təhsili səviyyələrinə dövlət vəsaiti hesabına qəbul olunan tələbələrə müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir. Tam orta təhsil bazasından qəbul olunan və ilk peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələrə müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə:

- ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrə həmin imtahanlarda topladıqları qiymətlərin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir;

- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çoxunu toplayan tələbələrə birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.

- Təkrar olaraq eyni peşə təhsili səviyyəsində təhsil alan tələbələrə dövlət hesabına təqaüd verilmir.

Qeyd edək ki, hazırda peşə təhsil sistemində 23 mindən çox tələbə təhsil alır ki, onların da 80 faizinə təqaüd verilir.

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov mövcud qanunvericilik aktlarına edilmiş dəyişikliklər peşə təhsilinin inkişafına yönəlib:

“Bu gün Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi əsas prioritetlərdən biridir. Bununla bağlı son illər ölkəmizdə xeyli işlər görülüb və təhsilin bu sahəsinin inkişaf etdirilməsi üçün zəruri addımlar atılıb. Amma etiraf edək ki, bu gün bizdə gənclərin çoxu ali məktəblərə üz tuturlar, bakalavr, magistr pilləsini bitirirlər, bəziləri ödənişli təhsil alır, lakin universiteti bitirdikdən sonra iş tapa bilmirlər. Çünki bizdə ali təhsilli mütəxəssislərin sayı əmək bazarındakı tələbatdan çoxdur. Peşə təhsilli mütəxəssislərlə bağlı vəziyyət isə tərsinədir, bazarda belə mütəxəssislərə ciddi ehtiyac var, lakin kadr çatışmır. Bəziləri ali təhsilli kadrlarla bağlı say çoxluğunu rəqabətli vəziyyət kimi dəyərləndirirlər. Amma biz bazarda balans yaratmalıyıq ki, gənclər təhsillərini bitirdikdən sonra işsiz qalmasınlar. Məsələn, Almaniya kimi ölkədə peşə məktəblərinin sayı universitetlərin sayından çoxdur. Ona görə də əmək bazarında ixtisaslı kadrlarla bağlı balans mövcuddur, həm də peşə məktəblərinə yüksək maraq var. Biz də peşə məktəblərinə marağı artırmaq üçün stimullaşdırıcı tədbirləri davam etdirməliyik. Bu dəyişiklik də həmin tədbirlərdən sayıla bilər və alqışlanmalıdır. Yeni dəyişiklik peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinin yüksəlməsinə, tədris prosesində tələbələrin fəallığının artmasına və onların təhsilə marağının stimullaşdırılmasına müsbət təsir etməklə yanaşı, tələbələrə dövlət qayğısının artırılmasına və onların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı, ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcək. Yəni, bundan sonra təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaq. Bu yanaşmanın tətbiqi peşə təhsilinə akademik göstəriciləri daha yaxşı olan abituriyentlərin marağının artmasına şərait yaradacaq”.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov isə bildirib ki,indiyədək Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr, magistratura pilləsində, eyni zamanda orta ixtisas müəssisələrində təhsil alan tələbələrin bilikləri müvafiq olaraq, əlaçı, zərbəçi və adi təqaüdə uyğun olaraq qiymətləndirilirdi:

“İndi isə mexanizm tamamilə fərqli olacaq, bu o deməkdir ki, Azərbaycan peşə təhsili müəssisələrinə kredit sistemi, kurikulum sistemi tətbiq ediləcək. Eyni zamanda təhsil alan şəxslərin bilikləri müvafiq olaraq qiymətləndiriləcək. İndiyə qədər ali məktəblərdə, kolleclərdə tələbələr biliyinə görə qiymətləndirilirdisə, artıq Prezidentin bu sərəncamı ilə peşə təhsili alanlar da eyni şəkildə qiymətləndiriləcək. Əvvəllər peşə təhsili alanların qiymətlərində bal sistemi yox idi, onlara ancaq məqbul qoyulurdu. Yeni qərar o deməkdir ki, artıq peşə təhsilində də kredit sistemi tətbiq ediləcək, peşə təhsili müəssisəsində hər kəs biliyinə yox, bacarığına uyğun qiymətləndiriləcək. Bu da kifayət qədər yeni bir mexanizmdir. Onu da qeyd edim ki, peşə təhsili əmək bazarında daha çevik kadrları qəbul edir. Ona görə də təqaüdlərin artırılması bu istiqamətdə stimullaşdırıcı addım hesab oluna bilər”.

Oxunma sayı 426