Azərbaycandan tranzit edilən Qazaxıstan neftinin həcmi 3 milyon tona çatdı

11:05 14.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Əsas hadisə mayın 12-də Aktau limanından 3 milyonuncu ton neft göndərən “Aktau” tankerinin səfəri olub, mayın 13-də isə yük Azərbaycanın Səngəçal terminalına çatıb və bu nəqliyyat dəhlizinin Qazaxıstanın enerji sektoru üçün əhəmiyyətini təsdiqləyib”.

Hafta.az-ın “Kazinform”a istinadən yazdığına görə, Qazaxıstanın “Tengiz” yatağından neftin ilk partiyası 2023-cü ilin martında Bakıya təhvil verilib. Daha sonra digər böyük yataqdan – “Kaşaqan”dan da neft Azərbaycana axmağa başlayıb və ilk partiya 2025-ci ilin yanvarında daşınıb.

Əvvəllər olduğu kimi, Qazaxıstan nefti strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə beynəlxalq limanlara çatdırılır, oradan da dünya bazarlarına çıxarılır.

2025-ci ildə Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə təxmin edilən tranzit həcmi 1,7 milyon ton təşkil edəcək ki, bu da tədarükün artırılması üzrə uzunmüddətli planın tərkib hissəsidir.

Yada salaq ki, 2024-cü ilin martında Astana ilə Bakı Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalayıblar. Sənədə əsasən, tədarükün həcmi ildə 2,2 milyon tona qədər artacaq.

Bundan əlavə, 2025-ci ilin yanvarında SOCAR Midstream Operations MMC KazMunayQazın (KMG) törəmə şirkəti KMG Trading-lə müqavilə bağlayıb. Müqaviləyə əsasən, 2025-ci ildə “Kaşaqan” yatağından 240 min ton neft tranzit olunacaq. Bu yanacağın ilk partiyası 2025-ci ilin yanvarında Aktau limanında tankere yüklənib və uğurla Azərbaycanın Səngəçal terminalına çatdırılıb.

Təchizat həcmi artdıqca, neftin keyfiyyəti də nəzərə alınmalıdır. 2030-cu ilədək Azərbaycanda neft hasilatı 25 milyon tona, ixrac isə 20 milyon tona düşə bilər ki, bu da Qazaxıstan neftinə Azərbaycan nefti ilə birgə nəql imkanları açır. Bununla belə, keyfiyyət məsələsi var: Kaşaqan və Tengiz nefti kükürdlə zəngindir və premium Azeri Light brendinə təsir edə bilər. Həll yolu təmizlənmə və ya “neft keyfiyyət bankı” sisteminin tətbiqi ola bilər.

Bundan əlavə, ekspertlərin fikrincə, 20 milyon ton neftin uğurla nəqli üçün təkcə Qazaxıstan xammalının keyfiyyətinin yaxşılaşdırılması deyil, həm də yeni boru kəmərlərinin və kompressor stansiyalarının tikintisi, Transxəzər neft kəməri ilə bağlı ekoloji və siyasi problemlərin həlli lazımdır. Təbii ki, bu layihə böyük investisiyalar və vaxt tələb edəcək və onun uğurla həyata keçirilməsi bütün Xəzəryanı ölkələrin razılığından birbaşa asılıdır.

Ümumiyyətlə, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin inkişafı enerji marşrutlarının şaxələndirilməsi və ikitərəfli əlaqələrin dərinləşdirilməsi üzrə ümumi strategiyanın mühüm hissəsinə çevrilir. Təchizat həcmlərinin artması ilə Qazaxıstan və Azərbaycanın qlobal enerji bazarlarında öz mövqelərini gücləndirə biləcəkləri, həmçinin iqtisadi qarşılıqlı asılılığı artıracaqları gözlənilir ki, bu da öz növbəsində bütövlükdə regionun iqtisadiyyatına müsbət təsir göstərəcək.

Daha əvvəl Kazinform 20 milyon ton neftin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ixracının nə dərəcədə real olduğunu araşdırıb. Qazaxıstan nefti üçün Bakı-Tbilisi-Ceyhan marşrutunun iqtisadi riskləri və faydalarından və OPEC+ ölkələrinin may ayından etibarən neft hasilatının kvotalarını, o cümlədən Qazaxıstan üçün gündəlik 411 min barel, üç aylıq artıma bərabər artırmağa razılaşdıqlarından bəhs edilmişfi. May ayında Qazaxıstan üçün kvota sutkada 1,4 milyon barel təşkil edir. İstehsalın tədricən artması bazardakı vəziyyətin dəyişməsindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər. Bu çevik yanaşma qrupa neft bazarının sabitliyini dəstəkləməyə davam etməyə imkan verəcək. Səkkiz OPEC+ ölkəsi də qeyd edib ki, bu tədbir iştirakçı ölkələrdən təzminatın sürətləndirilməsinə imkan yaradacaq.