Azərbaycanın Avrasiya İqtisadi Birliyinə ehtiyacı yoxdur - Ekspert

14:03 26.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı hansısa bir istəklərinin və yaxud hansısa formada buna çalışdığının təzahürləri müşahidə olunmur. Çünki Azərbaycanın buna ehtiyacı yoxdur”. 

Bunu hafta.az-a iqtisadçı ekspert Natiq Cəfərli Moskvada Avroasiya İqtisadi Birliyində qonaq kimi iştirak edən Azərbaycanın bu təsisata üzvlüyünün nə dərəcədə müzakirə mövzusu ola biləcəyi ehtimalı ilə bağlı açıqlamasında qeyd edib.

N.Cəfərli Azərbaycanın xarici ticarət dövriyyəsinin daha çox qərblə bağlı olduğunu önə çəkib. Ekspert iqeyd edib ki, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı bizə  müstəqil xarici siyasət yürütməyə imkan verir.

Ekspert bildirib ki, bu gün Türkiyə üzərindən Avropaya qaz, neft ixracatını davam etdirən Azərbaycanın Avrasiya Birliyinə ehtiyacı yoxdur. Eyni zamanda ekspert hesab edir ki, Ermənistanla mövcud problemlər həll olunmayana qədər, Ermənistanın təsisçisi və iştirakçısı olduğu birlikdə iştirak etmək mümkün deyil.

“Rusiyanın bu istiqamətdə istəkləri və israrı ola bilər. Rusiya Azərbaycanı da o Birlikdə görmək istəyir. Amma Azərbaycan müxtəlif formatlarda keçirilən tədbirlərdə Rusiyanın ambissiyalarına cavab verəcək şəkildə tədbirlərdə iştirak edirsə, bu gələcəkdə o ittifaqda olacağımız anlamına gəlmir. İlk növbədə  Azərbaycan iqtisadi, kommunikasiyalar olaraq daha çox qərbə bağlıdır, daha çox Qərb şirkətləri ilə çalışır. Digər bir tərəfdən, Azərbaycan-Ermənistan arasında məsələlərin həlli hələ uzun zaman çəkəcək. Dünənki tədbir də göstərdi ki, Azərbaycanın qonaq qismində iştirak etməsinə baxmayaraq bir çox məsələlərdə Ermənistanla mübahisəli məsələlər qalır. Belə bir şəraitdə Avrasiya İttifaqı kimi ümumi gömrük qaydaları olan təşkilatda  Ermənistanla  birgə iştirak mümkünsüzdür. Ona görə də yaxın perspektivdə Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı hansısa bir addımlar atacağını düşünmürəm. Gələcəkdə isə buna ehtiyacın yarana biləcəyinə də şübhə edirəm”.

Siyasət rubrikasından digər xəbərlər