“Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya sanksiya tətbiq etməsinin perspektivi yoxdur. Çünki bu ölkələrin özü sosial-iqtisadi cəhətdən Rusiyadan çox irəlidədir. Rusiya sanksiyalar tətbiq etsə də, Azərbaycan da daxil digər ölkələrə ciddi təsiri olmaz”.
Bu barədə hafta.az-a siyasi ekspert Aydın Quliyev Moskvanın Cənubi Qafqaz və Mərkəzi Asiyada “rusdilli əhaliyə qarşı təzyiqlər artır” iddiası ilə bu ölkələrə qarşı sərt sanksiya paketini hazırlaması ilə bağlı bildirib.
A.Quliyev qeyd edib ki, Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə qarşı sərt addımlar atacağı əvvəlcədən gözlənilən idi.
“Bu onu göstərir ki, Rusiyanın keçmiş sovet respublikaların;n müstəqil davranışına, müstəqil siyasətinə dözümlülüyü yoxdur. Bugünkü Rusiya hələ də özünü SSRİ-nin varisi hesab edir. MDB məkanında müttəfiq ölkələr yox, vassal dövlətlər görmək istəyir. Bu eyni zamanda onun ifadəsidir ki, keçmiş sovet imperiyasının 20-ci əsrin əvvəllərindəki demokratik hərəkətlər nəticəsində yaranmış müstəqil dövlətlərə əks-münasibəti indi də davam etdirir.
Vaxtilə Stalin də Baltikyanı respublikaların müstəqillik meyllərinə bu cür qıcıqlanma siyasəti nümayiş etdirirdi. Sonra II Dünya müharibəsində bu ölkələri işğal elədi. Eyni sözləri Cənubi Qafqazın üç respublikası haqqında da demək olar. Bu bölgədə müstəqil, demokratik inkişaf yolu seçmək istəyi bolşevik Rusiyasının xoşuna gəlmədi. Nəticədə Azərbaycan, Gürcüstan da daxil olmaqla müstəqil demokratik respublikaların varlığına son qoyuldu. Bu gün də Rusiya həmin siyasəti davam etdirir. Azərbaycanın müstəqil siyasəti Rusiyanı narazı salırdı. Son aylar isə Mərkəzi Asiya dövlətlərinin ümumtürk inteqrasiyası istiqamətində atdığı addımlar Rusiyanı narahat edir. Eyni zamanda, Mərkəzi Asiya dövlətlərinin Avropa Birliyinə və Qərbə inteqrasiya xəttini tutması Moskvanın xoşuna gəlmir. Belə şəraitdə Rusiyanın Azərbaycan da daxil bu ölkələrə qarşı sanksiya hazırlaması təəccüblü deyil”-siyasi ekspert bildirib.
A.Quliyevin qənaətincə, Moskvanın sanksiya hazırlaması planı bir daha sübut edir ki, Rusiyadan Azərbaycana qarşı atılan addımlar, təzyiqlər təsadüfi deyil. Bu, Azərbaycanın müstəqil siyasətindən qorxuya düşməyin əlamətidir. Rusiya Azərbaycanın müstəqil siyasətini zorakı üsullarla dayandırmağa çalışır. Bu qəbul oluna bilməz.