Bakıda virusa yoluxmuş rayon qeydiyyatlı şəxslər də onlar üçün ayrılmış xəstəxanalara yerləşdirilib - TƏBİB-dən AÇIQLAMA

10:57 12.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər ölkədə koronavirusa yoluxanların sayı artmaqda davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.  Məlumata əsasən Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxub, 210 nəfər sağalıb, 6 nəfər isə vəfat edib. Həmçinin bu gün ölkədə 3844 nəfər aktiv koronavirus xəstəsidir. Onlardan 127 nəfər reanimasiyada, 22 nəfər isə süni tənəffüs cihazındadır.

Bu qədər yoluxma faktı olduğu halda maraqlıdır, əgər vətəndaşda koronavirus əlamətləri aşkar olunarsa xəstəxanaya və ya digər karantinə alınacaq yerlərə qədər hansı proseduralar keçirilir?

Bu barədə hafta.az-a danışan TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirdi ki,  əlamətləri olan şəxs ilk öncə 103-ə müraciət edir:

"103 xidməti bütün saatlarda vətəndaşların zəngini qəbul edir. Və tibb işçiləri həminn ünvana gəlib test üçün nümunə götürülür və testin nəticələri bəlli olana qədər gözlənilir. Daha sonra xəstəliyin ağırlıq dərəcəsinə görə xəstəxanaya və ya karantin müəssisəsinə yerləşdirilir”.

Bakı-Abşeronda yaşayan rayon qeydiyyatlı vətəndaşlarda koronavirus əlaməti olarsa onların qeydiyyatı olduğu xəstəxanadan arayış alınmalıdırmı? Bəzi vətəndaşlar bununla bağlı bildirirlər ki, rayon qeydiyyatına görə problemlər olur.

TƏBİB sözçüsü buna münasibət bildirərkən dedi ki, koronavirus əlamətləri olan şəxslər qeydiyyatından asılı olmayaraq, olduqları yerdə təcili yardıma müraciət edərək test üçün çağırış edə bilərlər: "Buna görə heç bir problem yaradılmır. Və bu günə qədər də, virusa yoluxmuş rayon qeydiyyatlı şəxslər də onlar üçün ayrılmış xəstəxanalara yerləşdirilib”.