Bakının avtobus parkında yenilik

16:58 16.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində ictimai nəqliyyatın yaxşılaşdırılması üçün bir sıra addımların atılması nəzərdə tutulur. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda məlumat verib. Onun sözlərinə görə, Bakıda 100 yeni elektriklə işləyən avtobus istismara veriləcək. Bundan başqa, yeni velosiped yolları salınacaq, “Bakı Taksi Xidməti” MMC-ə məxsus 150 ədəd elektrik mühərrikli taksi alınacaq.

Qeyd edək ki, bu gün bütün dünyada elektrikli avtobuslardan istifadə geniş yayılıb. Ölkəmizdə ötən ilin ortalarından ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb. 2025-ci ilə qədər elektriklə işləyən avtobusların sayının üç dəfə artacağı, beləliklə də dünya üzrə avtobusların yarısının elektriklə işləyən avtobuslardan ibarət olacağı proqnozlaşdırılır.

Elektrik avtobusu da eynilə elektrik avtomobili kimi işləyir. Elektrikli avtobusun doldurulması üçün elektrik enerjisi və elektrik batareyaları lazımdır. Batareyalar elektrik mühərrikini gücləndirir. Batareyalar tükəndikdə, avtobus doldurma məntəqələrində orta hesabla 150 kVt yüklə təxminən 4 saat ərzində doldurulur. Bir şarjla orta hesabla 200 km yol qət edə bilir. 7-8 ildən sonra istismar müddətini başa vurduqda, bu nəhəng batareyalar təkrar istifadə olunmaq üçün ikinci ömürlü batareyalara çevrilirlər.

ÜST-ün verdiyi məlumata görə, karbon emissiyalarının 23 faizi nəqliyyat vasitələrindən qaynaqlanır. Elektrik avtobuslarının ən əhəmiyyətli xüsusiyyəti yanacaqla işləyən avtobuslarla müqayisədə xərclərə 70 faizdən dən çox qənaət edilməsidir. Digər mühüm məsələ isə sıfır karbon emissiyasıdır.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, ictimai nəqliyyatda marşruta ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin buraxılması müsbət haldır. Onun fikrincə, xüsusən paytaxt Bakı kimi iri sənaye şəhərlərində bu vasitələrdən istifadə olunması vacibdir: “Təbii ki, belə addımlar alqışlanmalıdır. Bu, həmçinin, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda təsbit olunub. Bundan başqa “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da bu məsələ əksini tapıb. Eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in bəndlərindən biri də ondan ibarətdir ki, 2030-cu ilədək ölkəni “yaşıl artım” ölkəsinə çevirməliyik. Bu istiqamətdə aparılan işlərin məqsədi havaya buraxılan CO2 (karbon) qazının miqdarının azaldılmasıdır”.

Ekspertin sözlərinə görə, bu günə qədər Bakı şəhərində iki elektrik mühərrikli avtobus dövriyyəyə buraxılıb: “Bu təcrübə özünü doğruldu. Şübhəsiz ki, görülən işlərin davamı olaraq elektrikli avtobusların sayının artırılmasına qərar verilib. Şəhərdə velosiped zolaqları da olmalıdır. Mümkün olan yerlərdə bu zolaqlar salınmalıdır. Gələcəkdə düşünürəm ki, velosiped zolaqlarının adını dəyişsək, daha doğru olar. Mikromobillik vasitələri yolları adlandırılmalıdır, çünki velosipedlə yanaşı skuterlər, elektroskuterlər, mühərrik həcmi 50 kubsantimetrə qədər olan mopedlərin də hərəkəti təmin olunmalıdır. Zolağın və ya yolun ayrıca bir status olmalıdır. Taksi xidmətinə də yeni avtomobillərin alınması müsbət haldır. Bu işlər paytaxtda nəqliyyatın işini yaxşılaşdıracaq. Düşünürəm ki, qarşıda qoyulmuş məqsədlərə çatmağımız üçün bu kimi addımların müsbət nəticəsi olacaq”.