Banklardakı pulumuz artır

15:36 12.04.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu il martın 1-nə Azərbaycan banklarının depozit portfeli 40 milyard 420,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankın (AMB) məlumatına görə, bu, aylıq müqayisədə 0,6 faiz, ilin əvvəli ilə müqayisədə 0,4 faiz, ötən ilin eyni dövrünə nisbətən 8,8 faiz çoxdur.

Bunun 54,3 faizi, yaxud 21 milyard 958,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 1,8 faiz çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,8 faiz artaraq 14 milyard 835,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 56,9 faiz artaraq 3 milyard 625,7 milyon manata çatıb. Hesabat dövründə cəmi depozitlərin 23 milyard 834,7 milyon manatı (il ərzində 2,5 faiz artıb) qısamüddətli, 16 milyard 585,7 milyon manatı (19,3 faiz artıb) isə uzunmüddətli olub.

Qeyd edək ki, son dövrlər Azərbaycan banklarına əhali tərəfindən uzun müddətə qoyulan əmanətlərin məbləğində sürətli artım müşahidə edilir.

Uzunmüddətli əmanətlərin məbləğindəki artım dinamikasına nəzər yetirdikdə aydın olur ki, əhali 2024-cü ilin əvvəlindən başlayaraq vəsaitlərini əsasən uzun müddətə banklara yerləşdirib. Bunun nəticəsində uzunmüddətli əmanətlərin məbləği 2023-cü ilin sonundakı 2,586 milyard manatdan 2024-cü ilin sonundakı 4,089 milyard manata qədər yüksəlib. Yüksəliş 2025-ci ildə də davam edir və artımdan sonra uzunmüddətli əmanətlərin məbləği əhəmiyyətli dərəcədə artıb.

Mütəxəssislər hesab edirlər ki, uzunmüddətli əmanətlərin sürətlə artmasının əsas səbəbi manatla 18 ay və daha artıq müddətə qoyulan əmanətlərin təşviq edilməsidir. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, uzun müddətə qoyulan əmanətlərə görə alınan faizlərdən 3 il ərzində vergi tutulmayacaq. Əvvəllər əmanət faizlərindən 10 faiz vergi alınırdı. Digər tərəfdən banklar da uzunmüddətli əmanətlərə yüksək faiz təklif edir. Manatla uzun müddətə qoyulan əmanətə görə ildə 12 faiz gəlir əldə etmək mümkündür. Buna görə də banklara pul yerləşdirən insanlar vəsaitlərini uzun müddətə bağlanan müqavilələrlə əmanət edirlər. Mövcud şərtlər qaldıqca böyük ehtimalla əmanətlərin tərkibində uzunmüddətli əmanətlərin məbləği və payı daha da artacaq.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev də deyib ki, depozit faizlərinin artırılması vətəndaşları əmanət yerləşdirməyə təşviq edir: “Depozitlər bankların əsas vəsait mənbəyidir. Depozitlərin artması banka əlavə pul vəsaitinin daxil olmasına şərait yaradır. Eyni zamanda, depozitlərin artması bankın qısa və orta perspektivdə vəsaitlə təmin olunmasına zəmanət verir. Bank vətəndaşdan depoziti müəyyən faizlə qəbul edir. Bu vəsaitləri kreditlərə, investisiyalara yatıraraq gəlir əldə olunur. Əmanətlərin Sığortalanması Fondu ilə milli valyutada 12 faiz, xarici valyutada isə 3 faizə qədər olan əmanətlər sığortalanır. Əmanətlər etibarlı şəkildə qorunduğu və səmərəli olduğu üçün insanlar pullarını evdə saxlamağa deyil, banklara yerləşdirməyə üstünlük verirlər. Bununla da əmanətlərini həm inflyasiya, həm də oğurlanmaq kimi fiziki təhlükədən xilas etmiş olurlar. Hətta depozit bəzi vətəndaşların əsas gəlir mənbəyidir. Faizlərin yüksəldilməsi onları daha çox vəsait qoymağa təşviq edir. Bu, vətəndaşların rifah halının yüksəlməsinə də müsbət təsir göstərir”.