Bu günlərdə Ombudsman tərəfindən “Ombudsman Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın bir çox bəndlərinin icra müddətinin başa çatdığını nəzərə alaraq, müasir dövrün tələblərinə uyğun yeni strateji sənəd qəbul olunmasını təklif edilib.
Eyni zamanda “Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının qanununda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmədiyi və bu halların şikayətlərə səbəb olduğu üçün fotoşəkillərin yolverilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” qanuna əlavə və dəyişiklərin edilməsi təklif olunub.
Hazırda ölkəmizdə hicablı qadınların şəxsiyyəti təsdiq edən sənədə şəkil çəkdirərkən başörtüyünün açılmasını tələb kimi göstərən qanun olmasa da, rəsmi qurumlar tərəfindən buna icazə verilmir. Bəs görəsən, qanunda göstərilmədiyi halda, vətəndaşdan başörtüsü olmadan şəkil çəkdirmə tələbi niyə var? Belə halların yaşanması qanunvericilikdə yaranmış boşluqdan irəli gəlir, yoxsa icraedici orqanlardan?
Hafta.az-ın əməkdaşı mövzuya fərqli baxış bucaqlarından yanaşaraq, mütəxəssislərin təklif və iradlarını dinlədi.
Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirdi ki, bu baxımdan müxtəlif ölkələrin özünəməxsus təcrübəsi var. Bir qayda olaraq, şəxsiyyəti müəyyən edən sənəddə xanımların başörtüsünün olması ilə bağlı qadağa olmur:

“Əksinə, bu hüquq və azadlıqlardan biri hesab edilir ki, insan şəxsiyyət vəsiqəsi üçün nəzərdə tutulan fotonun hansı formada olmasını sərbəst şəkildə özü müəyyən edir. Bəzi ölkələr var ki, burada müəyyən məhdudiyyətlər mövcuddur. Çin və Hindistan belə ölkələrdən biridir. Əksər dövlətlərdə, hətta Avropada – Fransa və İsveçrədə, ictimai yerlərdə üzün bağlanmasına qadağa var. Burada söhbət ictimai yerdə üzün tamamilə örtülməsindən gedir. Xarici ölkələrdə başörtüsünə ciddi bir məhdudiyyət yoxdur. Əsas tələb ondan ibarətdir ki, şəxsin üz cizgiləri və gözləri görünsün”.
Burada təhlükəsizlik və azadlıq mövzularının toqquşması məsələsi var
Ekspertin sözlərinə görə, heç bir qanun vətəndaşın qarşısına şəxsiyyət vəsiqəsi üçün fotonun mütləq hicabsız olmalıdır kimi tələbini qoymur. Bizdə isə təəssüflər olsun ki, qanunla qadağa olmasa da, praktikada müəyyən məhdudiyyətlər var:
“Burada təhlükəsizlik və azadlıq mövzularının toqquşması məsələsi var. Uzun illər həmin məsələ həm ölkəmizdə, həm də xaricdə debatlara səbəb olub. Çalışmaq lazımdır ki, bu iki ziddiyyət arasında balans tapılsın. Fikrimcə, şəxsiyyət vəsiqəsində hicaba icazənin verilməməsində təhlükəsizliyin səbəb gətirilməsi zəif arqumentdir. Onsuz da başörtüyü olan xanımın siması, gözləri və üz cizgiləri tam şəkildə görünür. Hesab edirəm ki, bu praktika mərhələli şəkildə aradan götürülməlidir. Aydındır ki, dövlət dindən ayrıdır, bu, dünyəvilik prinsipidir. Özüm də fərd olaraq həmin prinsipi dəstəkləyirəm. Amma şəxsiyyəti müəyyən edən sənəddə hicablı xanımın öz istəyinə uyğun olaraq foto çəkdirməsi dinin dövlətə gətirilməsi anlamına gəlmir”.
Müzakirəmizi deputat Erkin Qədirlinin fikirləri ilə davam etdiririk. Deputat söyləyir ki, o hələ doxsanıncı illərdən bu günə hicablı qadınların şəxsiyyət vəsiqəsinə şəkil çəkdirməsi məsələsində eyni mövqedədir:

“Forumlarda da, müsahibələrimdə də dəfələrlə demişəm ki, şəxsiyyət vəsiqələrində və pasportlarda qadınların hicabla şəkil çəkdirməsinin qadağası yanlışdır. Qanunda birbaşa elə bir göstəriş yoxdur. Sadəcə olaraq, əsasnamədə belə bir qayda var ki, “Şəxsiyyət vəsiqəsinə şəkil çəkdirərək görüntü təsvir olunur”.
Qanunda şəxsiyyəti təsdiq edən sənəddə hicablı foto çəkdirməyə qadağa göstərilməyib
Orada “Papaqsız, gündəlik görünüşə xas olan tərzdə” şəklində ifadə öz əksini tapır. Yadımdadır ki, elə həmin vaxtlar qadağa ilə üzləşmiş bir qrup hicablı qadın məhkəməyə şikayət vermişdi. Rayon məhkəməsinin qərarı qadınların xeyirinə olmuşdu. Qərarda deyilirdi ki, başörtüsü ilə foto çəkdirmək qadınların hüququdur. Burada təkcə təfsir uğursuz idi. Yazmışdılar ki, “papaqsız” sözü hərfi mənada başa düşülməlidir. Hicab isə papaq deyil. Ona görə də bu qadağa onlara şamil olunmur”. Əslində, qanunvericilikdə papaq deyilərkən, tək kişilərin başörtüyü nəzərdə tutulmurdu. Həmin vaxt Daxili İşlər Nazirliyi bu qərarla razılaşmadı və Bakı Şəhər Məhkəməsinə şikayət etdi (o dövrdə Bakı Şəhər Məhkəməsi Apelyasiya Məhkəməsi rolunu oynayırdı) növbəti dəfə məhkəmə qadınların lehinə qərar qəbul etmişdi. Onun təfsiri isə daha uğurlu idi. Yazılırdı ki, “Papaqsız sözü hərfi mənada başa düşülməməlidir. Bu bütün başörtüklərini əhatə edir”. Hicabla bağlı isə belə bir fikir öz əksini tapırdı: “”Gündəlik görünüşə xas olan tərzdə” ifadəsi inanclı, müsəlman qadınlarının hicabını da əhatə edir”. Onsuz da hicab niqab deyil, burada insanı tanımaq üçün hər şey – üz, gözlər, burun, ağız görünür. Daxili İşlər Nazirliyi bu qərarla razılaşmadı və Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də nazirliyin xeyrinə qərar qəbul etdi. Mənim fikrimcə, həmin qərar yanlış, təfsiri də uğursuzdur”.
E.Qədirli təəssüf hissi ilə vurğuladı ki, məsələ hələ o vaxtdan həllini tapmayıb. Ara-sıra işıqlandırılsa da, mövcud vəziyyətdə dəyişiklik yoxdur. Qanunda şəxsiyyəti təsdiq edən sənəddə hicablı foto çəkdirməyə qadağa göstərilməyib. Buna görə də əlavə qanun qəbul etməyə və dəyişikliyə ehtiyac görmürəm. Sadəcə olaraq, tətbiq təcrübəsini düzəltmək lazımdır.
Sonda isə məsələyə bir də islami baxımdan nəzər yetirək dedik... Bu səpkidə isə suallarımıza Heydər məscidinin axundu Hacı Rüfət Qarayev aydınlıq gətirdi. Din xadimi bildirdi ki, şəxsiyyəti təsdiq edən sənəddə hicablı qadının başörtüyünün açılması tələbi islami baxımdan doğru deyil:

Sənədi qəbul edən məmur və yaxud kənar şəxsin xanımı hicabsız şəkildə görməsi doğru deyil
“Qurani-Kərimdə qadınların başörtüsü ilə bağlı ayə var. Belə ki, onların başörtüsü sinələrinin üzərinə qədər düşməlidir. Görünə biləcək yerlər isə sifət, əllər və topuqdan aşağı ayaqlardır. Qalan yerləri öz məhrəmindən – həyat yoldaşı, qardaşı, valideynlər və qayınatadan başqa digərlərinin görməsi haramdır. Sənədi qəbul edən məmur və yaxud kənar şəxsin xanımı hicabsız şəkildə görməsi doğru deyil. Bu dinimiz baxımdan doğru sayılmır”.
Qeyd edək ki, "Pasportlar haqqında" AR Qanunun 8-ci maddəsinə müvafiq olaraq fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olmalıdır. Sözügedən tələb Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilib. Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilmir. Eyni zamanda sözügedən beynəlxalq sənəddə dini azadlıq baxımından və dini inanclar üzrə, habelə tibbi və digər mədəni tələblər baxımından baş geyimləri ilə fotoşəkil çəkilməsi halları dövlətin səlahiyyətinə buraxılıb.
Ölkəmizdə isə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri" 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Bu fərmanın 3.3-cü maddəsinin yeni redaksiyasında qeyd olunub ki, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Azərbaycan Prezidentinin imzaladığı 7 fevral tarixli fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri” adlı əlavə 1-də kriteriya daha dəqiq göstərilib. Orada qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin üzərindəki fotoşəkil İCAO-nun 9303 saylı sənədinin tələblərinə uyğun olmalıdır.