Bayraq Gününü bayram edən ölkələr

10:07 09.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü rəsmi şəkildə qeyd olunur. Bayraq bayramı Azərbaycanda 2009-cu ildən etibarən qeyd edilsə də - 5 fevral 1991-ci ildə Azərbaycan parlamenti tərəfindən dövlət bayrağı olaraq təsdiqlənib - əslində bu təntənəli günün tarixi daha keçmişə – 102 il əvvələ uzanır. Yəni 1918-ci il 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyətində dövlət bayrağı qəbul edilib və həmin tarix bu gün Azərbaycan xalqı tərəfindən bayrak kimi qeyd olunmaqdadır.  

Hər bir ölkədə olduğu kimi, Azərbaycan bayrağının əks etdirdiyi rənglərin də mənası var. Mavi rəng türkçülüyün, qırmızı rəng müasirliyin, yaşıl rəng isə İslamın simvolu sayılır. Bayrağın ortasında – qırmızı zolağın üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz həkk olunur.

Üçrəngli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın ən ali simvolu sayılsa da, Sovetlər dönəmində tam 70 il bu bayrağı yasaq etdilər. Amma Məmməd Əmin Rəsulzadənin də dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.

1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən də təsdiq olunub. 2009-cu il noyabrın 17-də isə Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib və bu tarix qeyri-iş günüdür. 2009-cu il noyabrın 9-da - Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı olub. 2010-cu ilin sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli şəkildə açılışı edilib. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqləyib (hazırda Bayraq meydanında təmir-bərpa işləri gedir).

Daha hansı ölkələrdə bayraqla bağlı özəl gün mövcuddur, hansı ölkədə bu münasibətlə bayram təşkil olunur? Kiçik araşdırma nəticəsində bəziləri haqqında məlumat əldə etdik. Baxaq:

Əfqanıstan:

Əfqanlar milli atributları olan bayraqlarına özəl bir gün ayıran xalqlardandır. Hər il avqust ayının 19-da Əfqanıstanın hər yerində Milli Bayraq Günü qeyd edilməkdədir. Bu bayram günündə küçə ətraflarındakı dirəklərdə, bütün dövlət və ictimai binalarda bayraqlar asılar, müxtəlif şənliklər, idman tədbirləri və sair təşkil edilir, İnsanlar "Yaşasın Əfqanıstan, yaşasın bayrağımız, bayrağımız hər yerdə dalğalansın" kimi şüarlar səsləndirilər.

Əfqanıstanın dövlət bayrağı 3 bərabər şaquli zolaqdan ibarətdir: qara, qırmızı və yaşıl. Qırmızı zolağın üzərində ölkənin dövlət gerbi təsvir olunub. Bayraqdakı qara rəng tarixi və dini rəmzlərin mənasını daşıyır. Qırmızı rəng yüksək dövlət hökmdarının rəngidir. Yaşıl rəng isə ümid və müvəffəqiyyətin rəmzidir.

Bayrağın rəsmi qəbul tarixi 2002-ci ilin fevral ayının 5-nə təsadüf edir.

Qırğızıstan:

Qırğızıstanda da Milli Bayraq Günü təntənəli şəkildə qeyd edilir. Hər il mart ayının 3-də keçirilən bayram günü paytaxt Bişkəkdəki Ala-Too meydanında təntənəli tədbir təşkil edilər, prezident, Məclisin sədri və digər rəsmilərin də iştirakı ilə xalq əsgərlər tərəfindən gətirilərən 150 metrlik milli bayrağın dirəyə qaldırılma anının coşqusunu yaşayarlar.

Xatırladaq ki, Qırğızıstan müstəqilliyinə qovuşandan sonra - 3 mart 1992-ci ildə dövlət bayrağı qəbul edilib.

Qırğızıstan bayrağı qırmızı rəngdə olub, üstündə günəş əks olunub. Qırmızı rəng sülhü və düzgünlüyü, sarı günəşin 40 şüa dili qırğız boylarının sayını, günəşin içindəki yollar isə, yuxarıdan baxarkən ənənəvi qırğız çadırlarını əks etdirməkdədir.

Rusiya:

Qonşu Rusiyanın ağ, mavi və qırmızı rənglərdən ibarət üçrəngli bayrağının ortalama 300 illik tarixi var. İlk dəfə bu bayraq Rusiyanın ilk döyüş gəmisi olan “Oryol”da asılıb, amma çar I Pyotr dönəmində - 20 yanvar 1705-ci ildə bayraq dövlətin əsas atributu olaraq qanuniləşdirilib. Sovetlər zamanı bayraq endirilsə də, 22 avqust 1991-ci ildə parlamentin qərarı ilə yenidən ölkənin ali rəmzi kimi bərpa edilib.

Bayrağın rənglərinin mənasına gəlincə, ağ rəng ləyaqəti, mavi rəng sədaqəti, dürüstlüyü, qüsursuzluğu və iffəti, qırmızı rəng isə cəsarəti, cömərdliyi və sevgini ifadə edir. Bayrağın üstündə Qərbə və Şərqə baxan ikibaşlı qartal isə, Rusiyanın çoxmillətli dövlət olmasına işarədir.

1994-cü ildən başlayaraq hər il avqust ayının 22-də Rusiyanın bütün ərazisində Bayraq Günü qeyd edilməkdədir.

Finlandiya:

Dünyanın ən sabit və firavan ölkələrindən sayılan Finlandiyada xüsusi olaraq bayraq bayramı təsdiqlənməsə də, bu ölkədə bayrağa sevgi çox böyükdür.

Ölkədə bütün bayramlarda xalqın ilk işi milli bayrağı dirəklərə qaldırmaq, evlərin, dövlət və ictimai təşkilatların ofislərinin damından asmaqdır. Həm də bunu şənliklər fonunda edərlər. Odur ki. Finlandiya bayrağına ilin hər vaxtı bayram keçirən yeganə ölkə kimi tanınır.

Bayraqda ağ rəng demokratiyanın, göy xaç isə xristianlığın rəmzidir.

Ukrayna:

Dost ölkə Ukraynada 2004-cü ildən etibarən hər il 23 avqust tarixində Dövlət Bayraq Günü qeyd edilməkdədir. Bayraq Günü ölkə prezidenti xalqa müraciət edir, Ukraynanın hər yerində təntənəli tədbirlər təşkil olunur.

Mövcud ikirəngli bayraq, əslində 1918-ci ildə qəbul edilib. Amma SSRİ zamanı onu “millətçilik aşıladığını” əsas gətirib, yasaqlamışdılar. Ukrayna müstəqillik qazanandan sonra ilk dəfə 1991-ci il avqustun 24-də Kiyev Bələdiyyəsinin binasında dalğalanıb. Eks prezident Leonid Kuçma (1995- 2005) 23 avqust 2004-cü ildə imzalandığı sərəncamla 23 Avqustu Ukraynada Bayraq Günü olaraq elan edib.

Ukrayna bayrağında mavi rəng sülhü, sarı rəng isə buğda tarlalarını və ya rifahı ifadə edir.

Türkmənistan:

Türk qardaşlarımız olan türkmənlər də 18 may tarixinini Milli Bayraq günü olaraq qeyd etməkdədirlər. Əslində bu tarix 1992-ci ildən etibarən Anayasanın qəbul edildiyi gün olaraq “Anayasa Günü” kimi qeyd edilirdi. Amma 2018-ci ildən başlayaraq 18 may “Anayasa və Bayraq Günü” olaraq qeyd olunmaqdadır.

Türkmənistanda Bayraq Günü hər yerdə şənliklər təşkil olunur, elmi-mədəni konfranslar keçirilir, prezident və hökumət rəsmiləri xalqa birlikdə bayram törənlərinə qatılır.

Türkmənistan bayrağın sol tərəfində qalın bir lent olaraq uzanan "Türkmən xalçası" motivi iştirak etməkdədir. Türkmən xalçası və yaşıl zəmin türkmən tarixini işarələməkdədir. Çarpaz olaraq dizayn edilən yarım aypara İslamiyyəti, beş ulduz isə türkmən vilayətlərini, xalça motivləri isə türkmən boylarını əks etdirir. Ay və ulduz motivlərini türk xalqlarının istifadə etdiyi bayraqlarda sıxlıqla rast gəlinir.

Argentina:

Uzaq Argentinada da milli bayrağa ayrıca gün ayrılıb. 1938-ci ildən bəri hər il iyunun 8-də Bayraq Günü qeyd edilir. Bu bayram günü Argentinada elə fərqli üsullarla qeyd edilir ki, mütləq xarici turistləri özünə çəkir. Yəni, həm xalq bayram edir, həm də dövlətin büdcəsinə turizmdən pul qazanır.

Argentina bayrağı üst və altda mavi, ortada isə ağ zolaqdan ibarətdir. Mavi rəng səmanı, ağ isə And dağlarındakı qarı göstərir, Ortadakı günəş isə Argentinanın milli rəmzi sayılan “May günəşi”ni əks etdirir. Məhz həmin vaxt ölkədə ilk müstəqillik nümayişi keçirilibmiş.

Tacikistan:

Tacikistanda noyabr ayının 24-də Milli Bayraq Günü qeyd edilir. Bu gün ölkə prezidenti xalqa təbrik müraciəti ünvanlayır, 2008-ci ildən başlayaraq ölkənin hər yerində böyük coşqu ilə qeyd olunan bayram şənliklərində bütün xalq səfərbər olur.

Tacikistanın şimalında yerləşən Xocənd şəhərində hündür təpələrə 225 metr uzunluğunda milli bayrağın şəkli əks olunub. Düşənbədəki Bayraq Meydanında 165 metr hündürlüyündə bayraq dirəyi tikilib.

Qeyd edək ki, Tacikistanın mövcud milli bayrağı 1992-ci il noyabrın 24-də qəbul edilib.

Bayraq üstdə qırmızı, altda yaşıl, ortada isə enli ağ zolaq olmaqla hazırlanıb. Ağ zolağın üstündə - mərkəzdə isə yuxarısında 7 ulduz düzülən qızılı rəngli tac əks olunub.

Qazaxıstan:

Bayraq Günü qeyd edilən ölkələrdən biri də Qazaxıstandır. İyun ayının 4-də Qazaxıstanın milli somvolları olan bayraq, gerb və himn təsdiqlənib.

Mavi səma fonunda tərtib edilən bayrağın üzərindəki qızılı rəngdə qoç buynuzu milli motivi, günəş və göylərdə süzən qartal təsvir edilib. Bayraqdakı qızılı rəng Qazaxıstanın Qızıl Orda Xanlığının varisi olduğunu, günəş şəkli həyatı və bərəkəti, qartal isə dövlətin gücünü və müstəqilliyi mənalandırır.

Polşa:

Milli Bayraq Günündə şənlənən dövlətlərdən biri də Polşadır. 2004-cü ildən bu yana hər il qeyd edilən bu bayram günü dövlət və ictimai binalar, küçələrdəki elektrik dirəkləri bayraqlarla bəzədilir. Mədəni və elmi tədbirlər təşkil olunur, bayrağı xarakterizə edən bəzi maraqlı işlər görülür. Məsələn, ötən illərdən birində 500 kiloqram ağırlığında, Polşa bayrağını əks etdirən tort bişirilərək şəhər meydanında insanlara paylanmışdı.

Bayrakdakı qırmızı rəng dövlət uğrunda tökülən qanı, ağ rəng isə sülhü göstərir.

Efiopiya:

2008-ci ildən başlayaraq Afrika ölkəsi Efiopiyada da oktyabrın 19-da bayram tədbirləri keçirilir.

Məhz bu tarixdə qeyd edilən Milli Bayraq Günü, paytaxt Əddis Əbəbədəki stadionda böyük tədbir düzənlənir, prezident, dövlət və hökumət rəsmiləri sadə xalqla birlikdə şənliyə qatılır.

İran:

Qonşu İranda da hər il aprelin 2-də bayraq bayramı qeyd olunur. Şənliklər, elmi-mədəni tədbirlər keçirilir, ölkənin milli bayrağı 150 metrlik dirəyə qaldırılır. İndiki bayraq 29 iyul 1980-ci ildən mövcuddur və İranın İslam İnqilabının əvvəlindən indiyədək yaşadığı dəyişiklikləri özündə əks etdirir.

Bayraq yaşıl, ağ və qırmızı rəngli üfüqi zolaqlardan ibarətdir. Yaşıl rəng İslamı, həyat və sevinci, ağ rəng sülhü, qırmızı rəng isə igidlik və müharibədə tökülmüş qanı əks etdirir. Bayrağın ortasında isə 4 aypara və mərkəzdən yerləşən qılıncdan ibarətdir formada Allah sözü yazılıb. Bununla yanaşı, yaşıl və qırmızı zolaqlarda 22 dəfə "Allahu-Əkbər" ifadəsi yazılıb ki, bu həm də inqilabın baş verdiyi günə, yəni İran təqvimi ilə 11-ci ayın 22-ci gününə işarədir.

Tailand:

Öz tarixinə böyük önəm verən Tailandda Bayraq Günü sentyabrın 28-də qeyd olunur. 1917-ci ildən başlayaraq hər il eyni tarixdə qeyd edilən bu bayramın artıq 103 yaşı var.

Tailand bayrağı iki qırmızı, iki ağ və tən ortada enli mavi zolaqda tikilib. Qırmızı Thai xalqını, ağ budizmi, mavi isə Thai Krallığını əks etdirir.

Pakistan və Hindistan:

Ən maraqlı bayraq şənlikləri Pakistan və Hindistanda, daha doğrusu bir-biri ilə o qədər də yaxşı münasibətləri olmayan bu iki ölkə arasında müştərək şəkildə qeyd edilir. Pakistanla Hindistan arasındakı Vagah Border sərhəd qapısında 1947-ci ildən bu yana hər gün təkrarlanan bu bayraq törənində, iki ölkə əsgərləri qarşılıqlı şəkildə güc nümayiş etdirirlər.

Pakistanın Lahor şəhərindən Hindistanın Amritsar şəhərinə uzanan yolun üzərində yerləşən Vagah Border sərhəd qapısında baş tutan bayraq şənliyi ənənəyə çevrilib. Belə ki, bayraq qaldırma törəni hər iki ölkə əsgərlərinin ara bölgəyə açılan qapıları açmasıyla başlayır. Əsgərlər öncə törənin necə keçiriləcəyini məsləhətləşirlər. Ardıyla qapılar təkrar qapanır və əsgərlər öz tərəflərində mərasimlərə start verirlər. Sərhədin hər iki tərəfində qurulmuş tribunalardan tamaşa edən minlərlə insanın əllərində bayraqlarla coşur. Sonra qapılar açılır, iki ölkə əsgərləri qarşı-qarşıya gəlir, sərt baxışların və mimikaların hakim olduğu mərasimdə, onlar bəzi kobud hərəkət və davranışlar sərgiləyir, yüksək səs çıxaran ayaq səsləri ilə addımlayaraq bir-birinə güc nümayiş etdirirlər. Daha sonra hərə öz bayrağını endirərək geri dönür və sərhəd qapıları təkrar bağlanır.

Məlumat üçün deyək ki, Pakistanın milli bayrağı Syed Amiruddin Kedvayi tərəfindən 1906-cı ildə Hindistan müsəlmanları üçün dizayn edilib. Dizaynı Pakistan tərəfindən bir az da təkmilləşdirilərək 11 avqust 1947-ci ildən milli bayraq olaraq qəbul olunub. Bayrağın yaşıl rəngi İslamı, ağ rəngi digər bütün dinləri, ay inkişafı, beşguşəli ulduz isə gələcəyi və aydınlığı əks etdirir.

Hindistan bayrağı isə 22 iyul 1947-ci ildə qəbul olunub. Narıncı rəng cəsarəti və fədakarlığı, ağ rəng sülh və dürüstlüyü, yaşıl rəng qəhrəmanlıq və sədaqəti təmsil edir. Bayrağın ortasındakı dairəvi simvol isə Buddizm inancındakı Çakradır.

Kosovo:

Balkanların kiçik dövləti olan Kosovoda da hər il noyabrın 28-də Bayraq Günü rəsmən qeyd olunur. Bu gün Kosovo albanları böyük coşqu ilə şənliklər keçirir, insanlar evlərini, iş yerlərini bayraqlarla bəzəyərlər.

28 noyabr həm də Kosovonun Serbiyadan müstəqilliyini aldığı gündür. Bu gün qeyri-iş günüdür.

Kosovo bayrağı mavi rəndə olub, üzərində ölkənin xəritəsi və altı ulduz təsvir olunub. Ulduzların hər biri ölkədə yaşayan bir etnik qrupu təmsil etmədədir.

Adıgey - Cərkəz Respublikası:

Rusiya Federasiyasına daxil olan Adıgey-Çərkəz Respublikasında da hər il aprel ayının 25-də bayraq günü qeyd edilməkdədir. Bu gün bütün rəsmi və qeyri-rəsmi yerlərdən milli bayraqlar asılar, hətta avtomobillərin üzərinə bayraqlar bağlanar. Dünyaya səpələnmiş təxminən 8 milyon çərkəz üçün “Adıge nıp” adlanan və “insanın içindən gələn” mənasını verən bayraq, 187 ildir davam edən azadlıq mübarizəsinin simvoludur.

Yaşıl ipəkdən tikilən bayrağın üzərində qızılı rəngdə 12 ulduz və çarpaz duran 3 ox əks olunub. Ulduzlar çərkəz xalqını təşkil edən boyları, üç ox isə boylar arasında sülhü göstərir.

Krım:

Ukraynanın muxtar parçası, sonradan Rusiya tərəfindən işğal edilmiş Krımın yerli xalqı olan tatarlar da öz bayraqlarına sədaqətlidirlər. 2010-cu ildən bəri hər il iyun ayının 26-da, tarix boyu başı müsibətlər yaşayan Krım tatarları Bayraq Gününü qeyd edir. Fərqli şənliklər düzənlənər, avtomobil karvanları yürüşlər keçirər, insanlar mitinqlərə toplaşarlar.

Krım yarımadası Rusiya tərəfindən işğal edildikdən sonra, tatar fəallar təqib edildiyi üçün Bayraq Günü anım və haray məqsədli tədbirlər dünyanın bütün ölkələrində təşkil edilməkdədir.

Bildirək ki, Krım tatarlarının bayrağı yuxarı sol küncündə sarı daraq damğası olan göy parçadan ibarətdir. Bayraq ilk dəfə 1917-ci ildə Rusiyada Fevral inqilabından sonra Krım Tatar Milli Qurultayı tərəfindən qəbul edilib. Sovetlər dönəmində bayraq endirilib. Amma 30 iyun 1991-ci ildə yenidən çağırılan Qurultayda bayraq təkrar milli simvol olaraq qəbul edilib.