Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gün İrandan bir neçə ballistik raketlərin atıldığını və onların bəzilərinin qarşısının uğurla alındığını açıqlayıb.
Hafta.az yazır ki, BƏƏ Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin yüksək effektivliklə cavab verdiyini və bir çox raketin uğurla zərərsizləşdirildiyini bildirib.
Nazirlik, Əbu-Dabidə yaşayış məntəqəsinə düşən raket parçaları nəticəsində bəzi maddi ziyanın olduğunu və bir nəfərin (Asiya mənşəli) həyatını itirdiyini bildirib.
Rəsmilər ölkədəki təhlükəsizlik vəziyyətinin nəzarət altında olduğunu və bütün müvafiq bölmələrin hadisələri 24/7 izlədiyini vurğulayıblar. Nazirlik hücumu ən sərt şəkildə pisləyərək, mülki yaşayış məntəqələrini, milli obyektləri və qurumları hədəf almağa qəti şəkildə qarşı olduqlarını bildirib. Onlar bu cür hərəkətlərin ciddi eskalasiya və qorxaqcasına hücum olduğunu, mülki əhalinin təhlükəsizliyini təhdid etdiyini və sabitliyi pozduğunu bildiriblər.
Nazirlik hücumun milli suverenliyin və beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu , ölkənin suverenliyini, xalqını və ölkədəki əcnəbiləri qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını açıqlayıb.
“Bu, Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizliyini, sabitliyini və milli maraqlarını qorumaq məqsədi daşıyır” deyə bildirən nazirlik həmçinin bütün təhdidlərə qarşı hazır olduqlarını, ölkənin təhlükəsizliyini və sabitliyini pozmağa yönəlmiş hər hansı cəhdə qətiyyətlə cavab verəcəklərini bildirib. Qeyd edilib ki, vətəndaşların və qonaqların təhlükəsizliyi ən yüksək prioritet kimi qorunur. Nazirlik ictimaiyyəti rəsmi mənbələrdən məlumat almağa, təsdiqlənməmiş şayiələri və etibarsız məlumatları paylaşmaqdan çəkinməyə çağırıb.