Yeni tədris ilində bəzi dərsliklər yenilənəcək. Artıq ümumi təhsil müəssisələrinin müəyyən sinifləri üçün 67 adda dərslik yenidən hazırlanıb və ya təkmilləşdirilib. Bunu jurnalistlərə müsahibəsində Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Seyidova deyib. O bildirib ki, bunlardan VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya dərslikləri Sinqapurun dərslik sahəsində mütəxəssislərinin köməyilə hazırlanıb.
G.Seyidova həmin dərsliklərdə digər qabaqcıl təhsil institutlarının tətbiq etdiyi öyrənmə üsullarından istifadə olunduğunu söyləyib: “Sözügedən dərsliklərdə yeni yanaşmalardan, yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir. Bu dərsliklər 2023-2024-cü tədris ilində seçilmiş pilot siniflərdə sınaqdan uğurla keçib. Həmin dərsliklər əsasında tədris aparan müəllimlər üçün daha əvvəl müvafiq təlim keçirilib. Yeni dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanıb. Terminlər şagirdlərin yaş səviyyəsinə uyğun təqdim olunub. Əlavə nəzəri biliklərdən çox istifadə edilməyib, mövzular şagirdlərin yeni biliklərini necə istifadə etməsini, bacarıqlarının formalaşmasını hədəfləyib. Hazırda V sinif riyaziyyat və Azərbaycan dili dərslikləri də yenilənib. V sinif Azərbaycan tarixi, IX sinif Azərbaycan tarixi, IX sinif ümumi tarix dərslikləri yenilənib. V sinif ingilis dili dərsliyi Kembric Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Əlavə olaraq bu dərsliklər ikihissəli hazırlanıb. Bu şagirdlərin çantalarının yüngül olması üçün müəyyən edilib”.
Dərsliklərin yenilənməsi prosesi demək olar ki, hər il aparılır. Valideynlər bu prosesdən narazıdırlar. Onlar hesab edirlər ki, dərs vəsaitlərinin hər il yenilənməsi tədrisin keyfiyytinə mənfi təsir göstərir.
Bəs, görəsən, ekspertlər bu barədə nə düşünürlər? Yeni tədris ilində bəzi dərsliklərin yenilənməsinə səbəb nədir?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, dərsliklərdə təkcə, dizayn və formanın deyil, informasiya yükü və akademik ifadələrin də dəyişməsi nəsillər arasında zənciri qırır: “Artıq bir neçə ildir ki, orta ümumtəhsil məktəblərində 5-ci və 6-cı siniflərdə təbiət dərsi keçilir. Təbiət fənni daxilində coğrafiya, biologiya, fizika və kimya fənlərinin birləşmiş halda tədrisi yeni dərslikləri zəruri edir. Yəni indiki 6-cı, 7-ci sinfə keçən uşaqlar üçün əvvəlki illərdə istifadə olunan təbiət dərsliyi digər siniflərdə istifadə olunan coğrafiya, fizika, biologiya, kimya fənni ilə kifayət qədər ziddiyət təşkil edir. 4 fənnin yeni məzmunda tədris olunması ona görə baş verir ki, həmin fənlər aşağı siniflərdə təbiət fənni adı altında tədris olunur. Bu qəbul imtahanlarında kifayət qədər çətinlik yaradacaq. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) test tapşırıqlarını hazırlaya bilməyəcək. Yəni 5-ci və 6-ci siniflərdə təbiət fənni keçən uşaqlar 7-ci sinifdən ayrıca coğrafiya, fizika, biologiya fənni keçirlər. Amma onlarla bərabər oxuyan uşaqlar digər siniflərdə bu fənləri daha geniş keçirlər. Yəni bu yeni 4 fənn məzmun baxımından biraz fərqlənəcək. Bu, gələcəkdə qəbul imtahanlarında çətinlik yaradacaq, həmçinin hazırlıq kurslarında dərs keçən müəllimlər üçün ziddiyyət ortaya çıxacaq. Odur ki, bu yaxşı hal deyil. Təbii ki, pilot olduğu üçün müvafiq qurumların bu məsələləri nəzarətdə saxlayacağına inanıram”.
Ekspert hesab edir ki, fənlərin yeni məzmunda tədrisi zəruridir, çünki ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil: “Tədris üçün ifadələr akademikdir. Şagirdlər bu dərslikləri təkbaşına öyrənə bilmirlər. Yeni məzmunda tədris olunacaq fənlər şagirdlərə müəllim olmadan öyrənməyi, tətbiq etməyi, müqayisə etməyi, təhlil etməyi öyrətməlidir və bu bacarıqları formalaşdırmalıdır. Bu mənada Cənubi Koreya, Sinqapur, Türkiyədə istifadə olunan dərsliklər şagirdlərə daha uyğundur. Odur ki, bu ölkələrin təcrübəsindən də faydalanmaq olar. Yeni dərsliklər məzmun baxımından daha rahat, daha anlaşıqlı olmalıdır. Dərsliyi yazan müəlliflər həmin dərsliklərin aşağı siniflər üçün olan məzmunundan xəbərdar olmalıdır.Yeri gəlmişkən, hesab edirəm ki, dərslik mərkəzi yaradılmalıdır. Bu gün dərsliklərin hazırlanması üçün Elm və Təhsil Nazirliyi sifariş verir, nəşriyyatlar müəlliflərdən ibarət komanda yığırlar, tenderə daxil olurlar. Tenderdə qalib gələn dərsliyin müəllifləri aşağı sinif dərsliklərindən, yaxud digər fənlərdən xəbərdar olmurlar. Dərsliyin yazılmasında ilk meyar fənlərarası və siniflərarası əlaqənin qurulmasıdır. 4 yeni məzmunda yazılacaq dərslik aşağı siniflərinkindən ciddi şəkildə fərqlənməməlidir ki, şagirdlərdə çaşqınlıq yaratmasın. Xüsusilə bura coğrafiyanı aid etmək olar. Elə informasiya var ki, şagirdlər üçün yeni olacaq, amma əvvəlki informasiya ilə ziddiyət təşkil etməməlidir. Həmin uşaqlar sonradan qəbul imtahanına gedəcəklər. Ən azı şagirdlərə keçilməyən mövzular tədris materiallarından birmənalı şəkildə çıxarılmalıdır. Dərsliklər elə məzmunda olmalıdır ki, şagirdlər müəllim olmadan da mövzuları öyrənə bilsinlər. Bu dərsliklər yazılmamışdan öncə müəllimlər üçün təlimlər keçilməlidir ki, müəllimlər dərslikləri birinci özləri mənimsəyə bilsinlər. Tədris ili sentyabrın 15-də başlayır. Müəllim dərsliklə şagirdlərlə bərabər tanış olur. Müəllimlər proqram qurmalı, kurrikulumda hansı məzmun standartını tətbiq edəcəyini bilməlidir”.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi deyib ki, hər il dərsliklərlə bağlı müəyyən dəyişikliklər həyata keçirilir: “İlkin olaraq pilot layihə təqdim edilir, baxılır və hər şey qaydasındadırsa, kütləvi nəşrə icazə verilir. Dərsliklərin hazırlanmasında Nazirlər kabinetinin müvafiq qərarı əsasında informasiya yığcam, dəqiq və elmilik şərtləri olmalıdır. Bu amillər nəzərə alınaraq dərsliklərdə müəyyən dəyişikliklər olunur. Hazırda nəzərdə tutulan 6-cı sinif üzrə coğrafiya, 7-ci sinif üzrə isə fizika, kimya və biologiya fənnlərində olan dəyişikliklər Sinqapur modelinə istinad olunmuş dəyişiklikdir. Burada əsas məqsəd şagirdlər əldə etdikləri bilik və bacarıqları daha çevik formada tətbiq edə bilsinlər. Yəni bu tətbiqə qədər şagirdlər nəzəri hissəyə üstünlük verirdi. İndi isə nəzəri hissə lokonik şəkildə təqdim ediləcək. Daha çox təcrübə əsasında şagirdlər tətbiq etmə ilə bağlı çətinlik çəkməyəcəklər. Bu fizika, coğrafiya, kimya və biologiya fənnlərində tədris olunacaq. İndiyə kimi informatika fənnində belə dəyişiklik olmuşdu. Hazırda Azərbaycan dili fənni üzrə işlənilir. Müəyyən dəyişikliklər əlavə edəcəklər ki, şagirdlər öyrəndiklərini ptaktiki olaraq tətbiq edə bilsinlər. Düşünürəm, bu da müsbət qiymətləndirilməlidir”.