Bu gün – 23 oktyabr 1956-cı il tarixi dost macar xalqının yaddaşından heç vaxt silinməyəcək qəhrəmanlıq tarixi yazılıb. Qanlı II Dünya Müharibəsindən yenicə çıxmış macar xalqı öz gələcəyini Sovet İttifaqının yarımmüstəmləkə sistemində yaşamaq istəmirdi. Bu səbəbdən də əsrlər boyunca azadlığını hər şeydən üstün tutan macarlar sovet zəncirindən birdəfəlik qurtulmaq üçün ayağa qalxıb və 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilabı reallaşdıraraq öz tarixlərində daha bir möhtəşəm əsər yazıblar.

Bir az təfərrüatlara yer verək:
1956-cı il “soyuq müharibə” dünyasında mühüm dəyişikliklər və böhranlar ili idi. O zamankı sovet lideri Nikita Xruşşov sələfi İosif Stalini ciddi məsələlərdə ittiham edirdi. Süveyş kanalı böhranı da az qala dünyanı yenidən müharibəyə sürükləyirdi. Bütün bu proseslərin fonunda, Polşadakı oxşar etirazlardan ruhlanan macar tələbələr 1956-cı il oktyabrın 22-də iqtisadi islahatlar, Matyaş Rakosinin və digər macar stalinistlərinin işdən çıxarılması, Sovet ordusunun ölkədəki varlığına son qoyulması da daxil olmaqla, “On altı nöqtə” kimi tanınan tələb siyahısını verdilər. 1956-cı il oktyabrın 23-də silsilə dinc tələbə nümayişləri ilə başlayan hadisələr qısa zamanda Budapeştdə və Macarıstanın digər bölgələrində silahlı üsyana çevrildi.

Parlament meydanındakı nümayişçilər islahatçı keçmiş baş nazir İmre Nagyni hərəkatı dinc bir nəticəyə gətirmək ümidi ilə baş nazir vəzifəsini davam etdirməyə çağırdılar. Etirazçıların dəstəyi ilə İmre Nagy baş nazir vəzifəsinə bərpa edildi.
1956-cı il oktyabrın 25-də eyni meydanda silahsız dinc sakinlərdən ibarət izdiham güllələndikdə, inqilab Macarıstan təhlükəsizlik qüvvələri ilə sovet qoşunları tərəfindən dəstəklənən silahlı mülki qruplar arasında genişmiqyaslı qarşıdurmaya çevrildi.

Qırmızı Ordu əsgərləri və sovet emblemlərini gəzdirən qruplar ilk hədəflər arasında idi. Etirazçılar Stalinin Qəhrəmanlar Meydanı yaxınlığında yerləşən heykəlini dağıdıb, onun yalnız çəkmələrini saxlayıb və heykəlin başını kəsməzdən əvvəl nəhəng metal gövdəsini şəhərin mərkəzinə sürüklədilər. Sovet qırmızı ulduzları binalardan yığışdırıldı, rus mağazaları "Ruszkik haza!" (Ruslar, evə get!) şüarı ilə dağıdıldı.

Nümayişçilər Macarıstanın üçrəngli bayrağının mərkəzindən Sovet gerbini kəsib çıxardılar və həmin bayraq inqilabın simvoluna çevrildi. Macarıstanın müharibədən sonrakı kommunist rejimi ilə əlaqəsi olan macarların adları ictimaiyyətə açıq elan edildi. Üsyançıların Macarıstanın mənfur dövlət təhlükəsizliyi (ÁVH) rəsmilərinə qarşı repressiyaları Budapeşt küçələrində gərginliyi daha da artırdı.

Tüfəng və molotov kokteylləri ilə silahlanmış, zəif təchiz edilmiş, lakin yüksək mobil döyüşçülər sovet tanklarını sıradan çıxarmaq və hücumları dəf etmək üçün kifayət qədər effektiv idi. Qırmızı Orduya qarşı mübarizə aparan bu hissələrin şəxsi heyətinin əksəriyyətini hərbi təhsili olmayan gənc kişi və qadınlar təşkil edirdi. Bu arada, “Azad Avropa” radiosunda macar dilində yayımlanan verilişlər üsyançıları müharibəni davam etdirməyə təşviq edərək, insanların Amerikanın yardımının qaçılmaz olduğuna dair ümidlərini artırdı. Bununla belə, bütün inqilab boyu ABŞ prezidenti Eyzenhauerin administrasiyası yalnız yarımçıq həmrəylik bəyanatları verdi. Misirdəki Süveyş böhranından narahat olan və Sovet İttifaqı ilə silahlı münaqişədən qaçan Birləşmiş Ştatlar özünü macar xalqının mübarizəsi ilə həmrəylikdən kənarda saxladı.

Üsyan əvvəlcə uğurlu oldu. 28 oktyabr 1956-cı ildə atəşkəs elan edildikdən sonra Sovet qoşunları geri çəkilməyə başlayanda Budapeştdə eyforiya hökm sürürdü. İmkansızlıqlara baxmayaraq, məlum oldu ki, macarlar ağır texnikası olmadan qüdrətli Qırmızı Orduya qalib gəlib, Sovet hökmranlığından qurtula biliblər. Əllərində silah tutan və ələ keçirilən tankların üstündə şəkil çəkdirən şən mülki şəxslərin görüntüləri dünyanı heyrətə salıb. Amma macarlar üçün isə bu sevinc təzahürləri qısamüddətli oldu.

Bu arada, baş nazir İmre Nagy 1 noyabr 1956-cı ildə Macarıstanın Varşava Müqaviləsi Paktından çıxdığını elan etdi. Bir neçə gün sonra Sovet lideri Xruşşov və onun yaxın ətrafı Budapeştdə nizam-intizamı silah gücünə bərpa etmək qərarına gəldilər, üsyan qan içində yatırıldı və Janos Kadar yeni baş nazir təyin edildi. Həm hiylə, həm də böyük atəş gücündən istifadə edən sovet qoşunları bir həftə ərzində müqavimətin son cəbhələrini sıradan çıxardılar və inqilabi hökumətin liderlərini həbs etdilər. İmre Nagy və inqilabda iştirak etmiş digər yüksəksəviyyəli Macarıstan rəsmiləri 1958-ci ilin iyununda apar-topar mühakimə olunaraq edam edildilər. Bu, ümumilikdə 2600 macarın həyatına son qoyan, 22 min nəfəri məhbəsə məhkum edən, 12 min nəfəri uzun-uzadı istintaqlarda süründürən və 200 min macarın kütləvi şəkildə vətəndən qaçaraq Qərbi Avropaya sığınmasına səbəb olan inqilabın kədərli sonu idi...

Əlbəttə, Azərbaycanda bir məsəl var, hayla gələn küylə gedər. Vaxtilə zorakı yolla hakimiyyəti devirən kommunist rejiminin də ömrü 23 oktyabr 1989-cu ildə sona çatdı, yenidən əsl müstəqilliyinə qovuşan müasir Macarıstan dövləti quruldu. O tarixdən bu yana qardaş macar xalqı bu günü milli bayram və Silahlı Qüvvələr Günü kimi qeyd edir.
Vüsal Tağıbəyli
P.S. “Həftə içi” qəzeti və Hafta.az xəbər saytı olaraq Macarıstanın Azərbaycandakı səfirliyinin diplomatlarını və macar xalqını möhtəşəm inqilabın 66-cı ildönümü münasibətilə təbrik edir, min ildir dövlətçilik ənənələrini öz mübarizələrində yaşadan macar xalqına daha güclü, azad və firavan dövlətçilik arzulayırıq.
Bayrağınız hər zaman ən yüksəklərdə dalğalansın!