Bitcoin tarixi zirvəyə yüksəldi – 120 min dollar

09:55 14.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı və Meksikadan idxala 30 faiz rüsum tətbiq etməsindən sonra Bitcoin rekord həddə çatıb. Aparıcı kriptovalyuta beynəlxalq birjalarda 120893 dollara satılıb.

Hafta.az-ın yazdığına görə, Trampın avqustun 1-dən qüvvəyə minəcək yeni tarif qərarı qlobal bazarlarda narahatlığa səbəb olub və kriptovalyutalara marağı artırıb. Bitcoin öz tarixində ilk dəfə olaraq 120 min dollar həddini keçərək investorların radarlarında güclü şəkildə yenidən ortaya çıxıb.

Trampın ikinci prezidentlik müddətindən sonra həyata keçirdiyi aqressiv ticarət siyasəti bazarda volatilliyə səbəb olub. Xüsusilə ənənəvi aktivlərdə artan qeyri-müəyyənlik investorların alternativ investisiya alətlərinə, xüsusən də Bitcoin-ə üz tutmasına səbəb olub.

Yeni iqtisadi dövrün ilk siqnalları kripto aktivlərində yuxarıya doğru hərəkətlər yaradıb, Bitcoin 2025-ci ilin əvvəlindən bu yana 29 faizdən çox yüksəlib. İlin ilk aylarında 100 min dollar ətrafında dəyişdikdən sonra Bitcoin son həftələrdə yenidən güclü yüksəliş trendinə girdi. Tramp administrasiyasından ilkin olaraq kriptoya uyğun addımlar gözlənilirdi. Bununla belə, tariflər kimi aqressiv tədbirlər investorların bu gözləntiləri şübhə altına almasına səbəb olub. Buna baxmayaraq, riskli aktivlərə artan iştah Bitcoin kimi rəqəmsal aktivlərə olan marağı canlı saxlayır.

Eyni dövrdə ABŞ səhmləri yenidən rekord həddə yaxınlaşır və investorlar portfellərini getdikcə şaxələndirirlər. Bu, kriptovalyutaların yüksəlişini dəstəkləyən başqa bir amildir.

Mütəxəssislərin fikrincə, Bitcoinin son rallisi təkcə Trampın iqtisadi siyasətlərinə reaksiya deyil, həm də rəqəmsal aktivlərə uzunmüddətli etimadın əksidir.