“Ermənistanın insanlıq əleyhinə apardığı siyasət illərdir Azərbaycan ərazilərində tətbiq olunur. 44 günlük Vətən Müharibəsində Ermənistan dövləti bir daha sübut elədi ki, işğalçı olmaqla yanaşı, müharibəni belə öz qaydaları ilə apara bilmir, hərbi cinayətlər törətməkdə maraqlıdır”.
Bunu hafta.az-a YAP İdarə heyətinin üzvü Asif Əsgərli Ermənistanın 44 Günlük Vətən müharibəsində Gəncəyə atdığı raketlərlə mülki əhaliyə qarşı törətdiyi cinayət əməlləri barədə açıqlamasında bildirib.
Qeyd edək ki, oktyabrın 4-də, 5-də, 8-də Gəncəni atəşə tutan Ermənistan Azərbaycan xalqının mübarizə ruhunu sındırmaq məqsədinə nail olmadı.
Ermənistan hərbi cinayətkarları oktyabrın 11-i gecə saatlarında “Toçka-U” raket sistemindən istifadə edərək, şəhərdə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu.
Ermənilərin Gəncəyə etdiyi raket hücumları 3 yaşayış binasının dağılmasına, 10 mülki şəxsin ölümünə, uşaqlar da daxil olmaqla 40 nəfərin ağır yaralanmasına səbəb oldu.
Törədilən hərbi cinayət yalnız dinc sakinlərə, evlərə deyil, yaxınlıqdakı tarixi abidələrə, iaşə obyektlərinə də zərər vurmuşdu.
A.Əsgərli qeyd edib ki, işğalçıya qarşı 44 gün davam edən müharibə Qarabağ cəbhəsində getsə də, ermənilər Azərbaycanın II şəhəri olan Gəncəni də bir neçə dəfə qadağan olunmuş raketlərlə vuraraq, bəşəriyyətə qarşı yönəlmiş cinayət, vandal aktlarını həyata keçirtdilər.
“Ermənistan bu cinayətlərini tək Gəncədə yox, Bərdədə, Tərtərdə, Naftalanda və digər rayonlarımızda törədiblər. Azərbaycan dövləti Gəncədə, Bərdədə baş verən cinayətlərlə bağlı dünyanı mətbuat vasitəsi ilə məlumatlandırıb, beynəlxalq təşkilatların nümayəndələrini bir başa hadisə yerinə aparmaqla xəbərdar etsə də, təəssüflər olsun ki, hələ də hərbi cinayət törədən Ermənistan, onun cinayətkar üzvləri ilə bağlı cəza tədbirləri görülməyib”.
Azərbaycan Baş Prokurorluğunun Ermənistanın cinayət əməlləri ilə bağlı cinayət işi qaldırdığını xatırladan A.Əsgərli bununla bağlı müəyyən icra işlərinin həyata keçirildiyini qeyd etməklə, hesab edir ki, bu proses beynəlxalq məhkəmələrə çıxarılmalıdır.
“Azərbaycan bununla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməlidir. Prokurorluqda, Müdafiə Nazirliyində Ermənistanın hərbi cinayətlərini sübut edən faktlar, materiallar toplanaraq Beynəlxaq Cinayət Məhkəməsinə təqdim olunmalıdır ki, Ermənistan törətdiyi cinayətlərə görə cəzalandırılsın. Güman edirik ki, bu istiqamətdə Azərbaycan dövlətinin atdığı qəti addımlar erməni cinayətkarlarını cəzaya məhkum edəcək. Bilirik ki, Azərbaycan ermənilərin 30 il ərzində vurduğu ziyanlarla bağlı faktları toplayaraq qiymətləndirmə həyata keçirdib və bu, beynəlxalq təşkilatlara təqdim olunub. Azərbaycan təkcə təzminat yox, həm də barələrində cinayət işi qaldırılan erməni cinayətkarlarını Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etməlidir”.
A.Əsgərli bildirib ki, bu gün Ukrayna ilə savaş apardığına görə Rusiyaya qarşı cinayət məhkəməsinin qurulması ilə bağlı beynəlxalq aləm müəyyən çıxışlar edir.
Onun sözlərinə görə, nədənsə həmin beynəlxalq təşkilatlar Ermənistanın, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın mülki obyektlərinə, mülki insanlarına qarşı törətdiyi vəhşiliklərə, cinayətlərə, soyqırımlara, terror aktlarına görə beynəlxalq məhkəmələrin qurulması ilə bağlı çağırışlarımıza heç bir dəstək vermir.
“Təbii ki, Azərbaycan öz sözünü dedi, beynəlxalq hüququ öz ordusunun gücü ilə təmin etdi. Amma biz bunun acıları ilə yaşamamalıyıq, erməni cinayətkarları layiqli cəzalarını almalıdırlar. Gəncəyə atılan raketlər, törədilən hadisə müharibə, insanlıq əleyhinə olan cinayətdir. Bu beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı bəşəri cinayət sayılır. Bəşəri cinayətə qarşı Azərbaycan qəti şəkildə öz addımlarını atmalıdır və bununla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqla kifayətlənməməlidir. Gəncədə mülki şəxslərin -uşaqların, qocaların, qadınların ölümünə görə, vuruan ziyana görə Ermənistan layiqli cəzasını almalıdır. İnanıram ki, biz Gəncə terrorunu törədənlərin cəza almalarının şahidi olacağıq”.