“Zelenskinin 2024-cü ildə Krımı Rusiyadan təcrid etmək planının reallaşdırılması, təbii ki, ilk növbədə Ukraynanın silahlandırılmasından asılıdır. Bununla bağlı isə Qərbdə çoxlu ziddiyyətli məqamlar var. Elə ABŞ-ın özündə respublikaçıların buna ciddi müqavimət göstərməsi bir misaldır”.
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az əməkdaşının “Necə hesab edirsiz, Zelenski 2024-cü ildə Krımı Rusiyadan təcrid etmək planını həyata keçirə biləcəkmi?” sualını cavablandırarkən bu fikirləri dilə gətirib.
“Respublikaçılar bu məsələdən qarşıdan gələn prezident seçkilərini udmaq üçün yararlanırlar. Və ümumiyyətlə, söhbət yalnız prezident seçkilərindən getmir. 2024-cü ilin payızında ABŞ-da keçiriləcək seçkilər həm Konqresin iki palatasının, həm də Ağ Evin müqəddəratını həll edəcək. Buna görə də Rusiyaya loyal olan trampistlər Bayden administrasiyası üçün ciddi uğursuzluq təşkil etməyə çalışırlar. Və seçkiləri uda biləcəkləri halda Rusiya ilə anlaşmağa getməyi planlaşdırırlar. Bu isə ABŞ-ın məğlubiyyəti, Rusiyanın isə qələbəsi deməkdir. Ona görə də düşünürəm ki, Bayden administrasiyası bütün imkanlardan istifadə etməklə, o cümlədən ABŞ-ın Avropadakı müttəfiqlərini bu işə daha aktiv şəkildə sövq etməklə Ukraynanın silahlandırılmasını sürətləndirməyə çalışacaq. Təbii ki, hər şey silahdan asılıdır. İndi Ukraynaya lazım olan silahların verilməsi ləngidilməyəcəksə, Zelenski komandası Krımın Rusiyadan təcrid olunmasına nail ola bilər və bu istiqamətdə addımların atılması da görünməkdədir”,- deyə davamında analitik bildirib.
“Konkret olaraq silahların verilməsinə gəlincə, bir məqamı qeyd etmək istərdim ki, bu proses hər zaman rəsmi informasiyalarda deyildiyi kimi aparılmır. Adətən silahların çatdırılması məsələsi məxfi saxlanılır. Çox zaman hətta silahlar çatdırılır, yerləşdirilir, döyüş vəziyyətinə gətirilir və yalnız bundan sonra elan olunur. Bəzən isə heç, ümumiyyətlə, elan olunmur. Bu mənada biz hələ bu gün dəqiq bilmirik ki, Ukraynada hansı silahlar var, hansılar yoxdur. Yəni üzdə deyilənlər, eşidilənlər informasiya savaşının tərkib hissəsi ola bilər. Biz sözlə, əgər Ukraynada lazımınca silahlandırılacaqsa, Krımla bağlı məqsədinə çata biləcək”- deyə analitik izah edib.