Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz ərəb ölkələrinin xalqların mənafeyini təmin edəcək və millətin hüquqlarını qoruyacaq şəkildə sülhə, yaxşılığa, əməkdaşlığa və quruculuğa doğru irəlilədiklərini və regionun münaqişə zonasına çevrilməsinə icazə verməyəcəklərini bildirib.
Hafta.az-ın yazdığına görə, vəliəhd şahzadə bu barədə 32-ci Ərəb Liqası Liderlər Zirvə Toplantısının açılışında deyib.
Vəliəhd zirvədəki çıxışını bu ifadələrlə davam etdirib: “Qonşu ölkələri, Qərbdəki və Şərqdəki dostlarımızı əmin edirik ki, sülh, əmin-amanlıq, əməkdaşlıq və quruculuq üçün irəliləyirik, xalqlarımızın mənafeyini və millətimizin hüquqlarını qorumaq əsas prinsipimizdir. Biz bölgəmizin müharibə zonasına çevrilməsinə imkan verməyəcəyik. Keçmişin səhifəsini vərəqləyərkən region xalqlarının əziyyət çəkdiyi, inkişaf prosesinin dayandığı ağrılı illəri xatırlamaq kifayətdir”.
Vəliəhd şahzadə Fələstin probleminin hər zaman ərəblərin və müsəlmanların əsas məsələsi olduğunu vurğulayan Məhəmməd bin Salman bu açıqlamalarla davam edib: “Fələstin məsələsi Səudiyyə Ərəbistanının xarici siyasətinin əsas prioritetlərindəndir. Beynəlxalq qanunilik qətnamələrinə, Ərəb Sülh Təşəbbüsünə və digər razılaşdırılmış beynəlxalq istinadlara uyğun olaraq, Səudiyyə Ərəbistanı qardaş Fələstin xalqının torpaqlarının geri alınması, onların qanuni hüquqlarının bərpası, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına sadiqdir. 1967-ci il razılaşması ilə, paytaxtı Şərqi Qüds olan bu dövləti dəstəkləməkdən heç vaxt çəkinmədik”.
Vəliəhd şahzadə çıxışında Yəmənə məsələsinə də toxunaraq, "Səudiyyə Ərəbistanındakı qardaşlarınız səylərini ərəb məqsədlərini dəstəkləməyə həsr etdilər və biz Yəmən böhranının sona çatması üçün oradakı tərəflərlə hərtərəfli siyasi həllə nail olmaq üçün çalışırıq" deyib.
Dialoq dilinin Sudanın birliyini və xalqın təhlükəsizliyini qoruyub saxlamaq üçün əsas olacağına ümid etdiyini bildirən vəliəhd nitqini bu ifadələrlə davam etdirib: “Səudiyyə Ərəbistanı münaqişə tərəflərinin Ciddə bəyannaməsini imzalamasını alqışlayır. Sudan sivil insanları qorumaq və humanitar yardım fəaliyyətlərini asanlaşdırmaq öhdəliyi götürür və biz bu danışıqlar zamanı diqqəti effektiv atəşkəsə yönəltməyə ümid edirik. Səudiyyə Ərəbistanı qardaşları, dostları və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, humanitar yardım göstərməyə davam edəcək”.
Vəliəhd bir daha vurğulayıb ki, Səudiyyə Ərəbistanı Ukraynadakı böhranın azaldılmasına, humanitar vəziyyətin pisləşməsinin qarşısının alınmasına və Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərinin davam etdirilməsinə töhfə verən hər şeyi dəstəkləyir.
O əlavə edib ki, ölkəsi Ukraynada böhranın sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək şəkildə siyasi yolla həllinə yönəlmiş bütün beynəlxalq səyləri dəstəkləyir.
Vəliəhd nitqinin sonunda deyib: “Ərəb vətənimiz sivilizasiya və mədəniyyət əsaslarına, onu irəli və lider mövqeyə çatdırmağa, ölkələrimiz və xalqlarımız üçün hərtərəfli intibahın həyata keçirilməsinə uyğun insan və təbii sərvətlərə malikdir".