Bu gün də bəzi kişilər ailə qurarkən "kənd qızı", "ev qızı" axtarışında olur- Sosioloq

13:46 07.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Qadınların oxuması, təhsil alması bir nəslin taleyini dəyişə bilər. Lakin bunun fərqinə çox vaxt varmırıq və qızlarımızı təhsildən ayırırıq. Rayonlarda ən çox qızların təhsildən ayırıb, ailə həyatı qurmasına şövq edilməsi daha adi hal alıb. Bəzən isə savadlı insanların, məşhur simaların mətbuatda qızların oxumaması ilə bağlı açıqlamaları da insanı düşündürməyə vadar edir. Niyə qızlar təhsil almamalıdır?

Elə xalq artisti Nazpəri Dostaliyeva da son açıqlaması ilə mətbuatda ciddi müzakirələrə yol açıb. Belə ki, müğənni öz qızının universitetə getməsinə icazə verməyəcəyini düşünür: "Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta, qızımı universitetə getməyə qoymazdım ki, oxusun. Bəlkə də, rəfiqələrinin olmağına belə icazə verməzdim”.

Dövlət Statistika Komitəsinə istinadən demək olar ki, Təhsildə gender bərabərliyi indeksi ( Ali təhsil üzrə ) 2010-2018-ci illər arasında artmışdır. 

2010 -  0,867

2011 -  0,868

2012 - 0,921

2013 -  0,937

2014 - 0,941

2015 - 0,953

2016 - 0,935

2017 - 0,931

2018 - 0,922

Sosioloq Sahib Altay saytımıza açıqlamasında dedi ki, ilk öncə bir məqamı qeyd edim ki, Azərbaycanda əvvəlki dövrlərə nisbətdə bu problem qismən də olsa ortadan qalxıb:

"Baxmayaraq ki, ali təhsil diplomu ailə quran qadının cehiz elementlərindən biri kimi təqdim olunur, amma yenə də əsas olan təhsildir ki, son dövrlər qadınların təhsil almasına maraq xeyli artıb. Hal-hazırda ən çox müəyyən bölgələr var ki, həmin bölgələrdə qız uşaqları orta məktəbdə müəyyən siniflərdən çıxarılır və erkən nikah aktıyla ərə verilir. Bəs bu günə kimi davam edən bu problem nədən qaynaqlanır? Köhnə tərbiyə metoduna görə qadınların dünyagörüşlü olması qadağan edilirdi. Düşünülürdü ki, qadın təhsilli olsa əxlaqsız olacaq. Bu prinsip dominantlığın fonunda yaranmış dinlərin gətirdiyi ənənədir. Əxlaqla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq təhsilsiz qadının kişi tərəfindən idarə olunması asandır. Bu prinsip birbaşa olaraq kişi iyerarxiyasına xidmət edən, kişi ağalığının qorunması və hökm sürməsi üçün əxlaq elementi kimi təqdim olunan bir prinsipdir. Günü bu gün də bir çox kişilər ailə qurarkən "kənd qızı", "ev qızı", "məlumatsız" qadın axtarışında olur. Niyə? Çünki təhsilli, məlumatlı, dünyagörüşlü qadının üzərində hökmranlıq etmək çətin olur. Gender bərabərliyinin mövcud olduğu bir dövrdə bu axtarışlar absurddur. Azərbaycan niyə indiyə kimi qadının təhsil almasına qarşı mənfi reaksiya var? Əhali nöqteyi-nəzərindən bizdə hələ də köhnə tərbiyə metodu tədbiq edilir. Mentalitet, din və müstəmləkəçiliyin travmaları hökm sürür. Dövlət nöqteyi-nəzərindən təhsil sistemimiz çox kasıbdır. İnsanlara mahiyyəti əks etdirən təhsil vermir, əzbərçiliyi təlqin edir. Mövcud təhsilin zəifliyindən əlavə ümumiyyətlə təhsildən çıxarılmış və heç mövcud olmayan elementlər var. Toplum olaraq yeni təhsil və müasir düşüncəyə uyğun heç bir model yaratmamışıq. Hər şey əvvəldən necə gəlibsə, elə də davam edir".