Bu il Bayram yarmarkaları təşkil edilməyəcək – Paytaxt Yeni ilin gəlişinə necə hazırlaşır?

16:53 07.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Hər il ölkəmizdə yeni ilin gəlişi xüsusi təm-təraqla qeyd edilir. Mərkəzi küçələr bəzədilir, bayram yarmarkaları qurulur. Bəs görəsən bu il, kütləvi tədbirlərə qoyulan qadağa, və koronavirus təhlükəsi yeni ilin gəlişini qeyd edənlərə nə cür təsir göstərəcək? Hafta.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün mütəxəssislərə üz tutdu.

Əvvəlcə onu qeyd edək ki, ötən illərdə, restoranlar və şadlıq evləri, öz müştərilərinə əyəncəli yeni il proqramları təklif edirdilər. Bu il pandemiya ilə bağlı olaraq, belə məkanların fəaliyyəti qismən yaxud da tamamilə məhdudlaşdırılıb. Buna görə də, bayram şənliklərinin təşkil edilib-edilməyəcəyi hələ məlum deyil. Elə keçirdiyimiz sorğudan da belə qənaətə gəldik.

Paytaxtın məşhur restoranlarından biri olan, “Çanaqqala restoran”dan  bizə bildirildi ki, yeni illə əlaqədar hələ, xüsusi heç bir tədbir nəzərdə tutlmayıb.

Bununla bağlı yeni qərarlar qüvvəyə minsə, ona uyğun addım atılacaq.

Digər tanınmış məkan, “Gate 25” restoranının işçisi də, fərqli fikir nümayiş etdirmədi. Sözü gedən müəsisə də, yeni qərarı gözləyənlər arasındadır.

O ki qaldı parkların və mərkəzi küçələrin bəzədilməsinə, bununla bağlı da, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin Rəhbəri Mətin Hüseynov saytımıza danışdı. O, deyir ki, bu il bayram yarmarkaları olmayacaq. Hər şey yalnız küçələrin bəzədilməsi ilə kifayətlənəcək:

“12 dekabr Ulu Öndərin anım günü olduğu üçün, biz bütün tədbirlərə, bundan sonra başlayacağıq. Ona görə də, hazırda bununla bağlı heç bir iş görülmür. Biz icraçı orqanıq, hər şeyi Nazirlər Kabinetinin tapşırıqlarına uyğun həyata keçiririk. Düşünürəm ki, hal-hazırda pandemiyadır. Buna görə də, çətin ki, şəhərdə yarmarkalar qurulsun”.

Mərkəzi küçə və parklar bəzədildikdən sonra, əhalinin kütləvi olaraq buraya axını qaçınılmazdır. Bu zaman isə, yeni bir sual ortaya çıxır.  Bəs görəsən yaranmış vəziyyətdə, virusa yoluxmanın qarşısını almaq,  insanların sağlamlığını qorumaq nə cür mümkün olacaq?

Mövzu ilə bağlı həkim pediatr Vaqif Qarayevin fikirlərini öyrəndik. Həkim  bildirir ki, artıq bir ilə yaxın bir müddətdir, mütəxəssislər qorunma vasitələri haqqında mütəmadi çağırışlar edir. Burada dəyişən heç nə yoxdur:

“Son bir ildə koronavirusla bağlı belə bir hal müşahidə edilir. Dünən deyilənlər, bu gün təkzib olunur. Tək bizdə yox, bütün dünyada bu belədir. Tutaq ki, dünən bir Alman mütəxəssis müalicə yaxud da qorunma yolları ilə bağlı fikir söyləyir. Başqa bir mütəxəssis isə həmin fikirləri təkzib edən yeni mülahizələr irəli sürür. Bu gün bütün dünya, bəladan xilas olmaq üçün vaksin gözləyir. Keçən həftə bununla bağlı dünya mətbuatında xeyli pozitiv yazılar çıxdı. Daha sonra məlum oldu ki, vaksinin gücü 6-8 aydır. Bütün düşüncələr az qala günbəgün dəyişir. Dəyişməyən bir şey varsa o da, virusa yoluxmadan qorunma yollarıdır. Maska, sosial məsafə və dezinfeksiya –bu üç qaydaya əməl edilsə yoluxmanın qarşısını almaq olar. bu dünyanın hər yerində belədir, istər ən inkişaf etmiş ölkə olsun, istərsə də, ən geridə qalmış...”

Mütəxəssis yoluxma sayındakı kəskin artıma gətirib çıxaran səbəblərə də toxundu. O bildirdi ki, hazırda ölkədə sərt karantin rejiminin tətbiqi zəruridir:

“Yayda sərt karantin rejimi tətbiq edildi və nəticədə də yoluxma sayı azaldı. Məntiqlə düşünəndə görmək olur ki, sərt karantinin tətbiqi, yoluxmanı azaldır. Bizdə virusun bu qədər kəskin yayılmasının səbəbləri müxtəlifdir. İctimai nəqliyyatdakı vəziyyət indi hər kəsə məlumdur. Bir digər məqam isə, müharibəylə bağlı, insanların coşqusudur. Bu bir qədər həssas mövzudur. Bununla bağlı fikir bildirəndə, bizi təhqir edirlər, deyirlər, “qələbəyə sevinmirsən”. Bəlkə də, mən hər kəsdən çox sevinirəm, lakin, mövcud vəziyyəti də nəzərə almaq lazımdır. Mən qələbəni qeyd edənlərin paylaşımlarına baxırdım, burada maska taxanlar çox az idi. Təbii olaraq, biz belə bir nəticəni gözləməli idik. Əslində rəsmi rəqəmlər reallıqdan çox uzaqdır. İndi analiz verməyən, amma, evdə müalicə olunan yüzlərlə xəstə mövcuddur”.

V.Qarayev yeni ilin gəlişini, əhalinin sıx olduğu yerlərdə qeyd etməyi düşünənlərə öz tövsiyələrini də verdi. O bildirdi ki, hər kəs əlindən gəldiyi qədər, maksimum dərəcədə, maska, dezinfeksiya və sosial məsafə qaydalarına əməl etsin:

 “Yeni il şənliyini insanların yaddaşından silmək olmaz. Xüsusən də uşaqlar üçün bu gün, böyük əhəmiyyət kəsb edir. Ancaq, unutmamalıyıq ki, ortada çox böyük bəla var. Yenə də, bir birimizin qoynunda, parklarda, meydanlarda, ictimai yerlərdə bayramı, maskasız, məsafəsiz  qeyd edəcəyiksə, yoluxma sayı artacaq. İndi, bəzi həkimlər deyirlər ki, insanları qapalı saxlamaq olmaz. Bəli, mən  də bir pediatr kimi  bu fikirlə razıyam. Heç böyük adam iki gün qapalı  qala bilmir, o ki qaldı uşaqların aylarla karantində qalması, bu onların psixikasına mənfi təsir edəcək. Böyüyən orqanizm hərəkətdə olmalıdır.  Lakin, sosial məsuliyyət deyilən bir şey var, buna əməl edilmir. Ən böyük narazılığım, ictimai nəqliyyatlarda yaşanan vəziyyətdir. Bura yoluxma mənbəyidir. Təəssüf ki, bir qədər seyrəklik olan avtobuslarda da, insanlar maskadan düzgün istifadə etmir. Yaranmış vəziyyətlə bağlı əhali hökuməti, hökümət isə əhalini günahlandırır. Hər kəs üzərinə düşən öhdəliyi düzgün yerinə yetirsə, vəziyyət xeyli düzəlmiş olar. Bayram tədbirləri keçirilsə belə, virusdan qorunma qaydalarına ciddi əməl edilməlidir.”.

Həkim-pediatr soyuq aylarda, virusun daha kəskin yayılmasından, insanların isə məsuliyyətsiz davranışından təəssüf hissi ilə söz açdı. Onun sözlərinə görə bəzi insanlar, kütləvi tədbirlərin, xüsusən də yas mərasimlərinin keçirilməməsinin vacibliyini hələ də başa düşmür. Hətta, bununla bağlı çağırışlar edən həkimləri təhqir belə edirlər.

“Qış ayları -dekabr, yanvar, fevral həddindən artıq təhlükəli aylardır. İnsanlar soyuq havayla bağlı qapalı yerlərdə daha çox toplanır, immun sistemi düşür bu zaman tək koronaya yox, başqa viruslara da yoluxma halları çoxalır. Başqa virusa yoluxan insan koronaya göz qırpmadan yoluxacaqdır.  Bu baxımdan da, bu aylar çox təhlükəli hesab olunur, insanlar maksimum dərəcədə diqqətli olmalıdırlar.  İndi, desəm ki, “yaxşı olardı bayram tədbirləri keçirilməsin”, hər kəs məni təhqir edəcək. Bütün kütləvi informasiyalar, paytaxtdakı vəziyyəti vurğulayır, halbuki rayonlarda durum daha ciddidir.  Yas mərasimləri keçirilir, bu da insanların həyatını təhlükəyə atır. Mənə dəfələrlə deyirlər ki, “bəs sən müsəlman deyilsən? Yası yola vermək lazımdır”. Nəzərə almalıyıq ki, belə tədbirlərin keçirildiyi üçün, bölgələrdə ailələr məhv olur. Rayonlarda nəqliyyat problemi də yoxdur. Burada özünü qorumaq daha asandır. Bəs nə üçün kəndlərdə yoluxma çoxalır? Hamısı mərasimlərinin təşkilinin fəsadlarıdır”.

 Sonda isə biz də onu deyə bilərik ki, keçirilən heç bir tədbir yaxud da bayram şənliyi insan sağlamlığından üstün deyil. Vətəndaşları bu müddət ərzində daha diqqətli olmağa, izolyasiya qaydalarına əməl etməyə çağırırıq. Qarşımızda bütün dünyanı ağuşuna alan, təhlükli bir xəstəlik var. Öncə özümzü, daha sonra sevdiklərimizi bu bəladan qorumaq üçün, qoyulan bütün qaydalara əməl etmək vacibdir.