Bu olay Putinin durumuna birmənalı şəkildə təsir edəcək - ƏRƏSTUN ORUCLU

19:08 23.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Baxmut cəbhəsindən zıddiyyətli xəbərlər gəlməkdə davam edir. Rusiyanın Belqorod vilayətinin isə “Rusiya azadlıq ordusu” tərəfindən azad olunmasından danışılır. Artıq Moskva üzərində həmin qurumun bayrağı da görünüb... Görəsən, Rusiya-Ukrayna savaşında sərt dönüş başlayıbmı?

Siyasi təhlükəsizlik məsələləri üzrə hərbi ekspert  Ərəstun Oruclu hafta.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:

“Baxmut ətrafında gedən döyüşlər faktiki olaraq Rusiya ordusunun, ən azı, Ukraynanın şərq hissəsində fəaliyyət göstərən, əməliyyatlar aparan hissəsinin tükənməsi ilə nəticələndi. Belə ki, işğalçı ordu həmin istiqamətdə bütün müharibə boyu verdiyi itkilərin bəlkə də 70-80 faizini verib. Eyni zamanda Baxmut döyüşləri Rusiyanın daxilində də bir gərginlik yaratdı. Məsələn, “Vaqner” özəl hərbi şirkəti ilə Müdafiə Nazirliyi arasında. Təbii ki, “Vaqner” də bu məsələdə Kremli təmsil edir. Və nəticə etibarilə başqa bir hadisə baş verdi. Həmin istiqamətdə Rusiya ordusunun zəifləməsi ona gətirib çıxardı ki, artıq Ukrayna Silahlı Qüvvələri Rusiyanın daxilinə, xüsusilə də Belqorod və bir qədər də Kursk vilayətinə müdaxilə etməyə başladı. Əlbəttə, bu, birmənalı olaraq Rusiyanın daxili siyasətinə təsir edən amildir və artıq öz fəsadlarını göstərməkdədir. Məsələ burasındadır ki, həmin o “Rusiya Azadlıq Ordusu” deyilən xüsusi təyinatlılar, - onların arasında diversantlar və partizan müharibəsi apara bilən döyüşçülər var,- artıq Rusiya ərazisinə keçiblər. Və bu olay hər bir halda Rusiyanın daxili siyasətinə, Putinin vəziyyətinə, Kremlin durumuna birmənalı şəkildə təsir edəcəkdir. Və bu təsirin də ilk əlaməti  ondan ibarət olacaqdır ki, müxtəlif qurumlar arasında çəkişmələr başlayacaq, konfliktlər dərinləşəcək. Məsələn, “Vaqner”lə Müdafiə Nazirliyi arasında olduğu kimi... Bu isə Rusiyanın ümumi məğlubiyyətinə aparan yoldur və təbii ki, son nəticədə Putinin siyasi çöküşünə yol açacaqdır. Bu, qaçılmazdır”.

Siyasət rubrikasından digər xəbərlər