Dünyanı cənginə alan Koronavirus (Kovid-19) səbəbi ilə dünyanın bir çox aparıcı orduları hərəkətə keçib. Təxirəsalınmaz tədbirlər görməyə başlayıb.

İlk olaraq Cənubi Koreya və ABŞ birgə hərbi təlimləri koronavirus epidemiyasına görə təxirə salıblar. Cədvəl üzrə mart ayına nəzərdə tutulan təlimlər bu ölkədə ən yüksək səviyyədə olan xəbərdarlıq vəziyyəti aradan qaldırılanadək keçirilməyəcək. Bu, birgə hərbi təlimlərin səhiyyə ilə əlaqədar vəziyyətə görə ilk dəfə təxirə salınması halıdır.
Son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı minlərlədir, ölənlərin sayı 40-a çatıb. Virusa yoluxanların 21 nəfəri hərbi qulluqçudur. Bundan başqa, təxminən 9500 hərbçi koronavirus şübhəsi ilə əlaqədar karantinə alınıb.
ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentindən də bir nəfər koronavirusa yoluxub.

Hindistan ordusu da koronavirusla bağlı tədbirlər görməyə başlayıb. Belə ki, bu ölkənin orudusu geniş miqyaslı çoxmillətli dəniz təlimlərini təxirə salıb.
Təlimlərin təxirə salınmasına səbəb koronavirus təhlükəsi olduğu qeyd olunur. Bildirilir ki, “MILAN 2020” təlimləri bütün iştirakçıların təhlükəsizliyini və səyahət məhdudiyyətlərini nəzərə alaraq təxirə salınıb. 18-29 mart tarixlərində keçirilməsi planlaşdırılan təlimlərdə 40-dan çox ölkənin donanması və gəmiləri iştirak edəcəkdi.
İranda isə yayılan koronavirus orduya da sirayət edib. İran Müdafiə Nazirliyindən yayılan xəbərlərdə bildirilir ki, koronavirusa görə hərbi xidmətə çağırış 2 ay müddətinə təxirə salınıb.
Bununla yanaşı 2 ay müddətinə əsgərlərin təlim kursları da təxirə salınıb. Bitməsinə bir neçə gün qalan təlim kursları bütün səhiyyə tədbirləri nəzərə alınaraq keçiriləcək.
İranlı hərbi rəsmi İran Silahlı Qüvvələrinə məxsus 58 xəstəxananın səhiyyə sektorunun sərəncamına verildiyini deyib.
Koronavirus təhlükəsi ilə bağlı hətta işğalçı Ermənistan ordusu da hərəkətə keçib. Əl-ayağa düşən Ermənistan Müdafiə Nazirliyi ordunun yaxasını Covid-19 virusundan xilas etmək üçün tədbirlər tökməyə başlayıb. Emənistan müdafiə nazirliyi koronavirusun orduda yayılmasının qarşısını almaq üçün bu ölkənin bütün hərbçilərinə görüşləri qadağan edib.

Emənistan müdafiə nazirliyindən bildirilib ki, bu önləyici hərəkətlər koronavirusun hərbi bölmələrdə yayılmasının qarşısını almaq və hərbi personalın maksimum qorunması məqsədilə həyata keçirilib.
Hətta Ermənistan hərbi qüvvələri valideynlərə müraciət edib. Onlara hərbi bölmələrə müraciət etməkdən çəkinmələri tövsiyyə olunub.
Gürcüstan KİV-nin verdiyi məlumata görə isə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılıb. Onun Kovid-19 virusu olduğu bildirilir.

Bəs Azərbaycan Ordusunda son durum necədir?
Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Azərbaycan Ordusunda şəxsi heyətin xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə ciddi qabaqlayıcı tədbirlər görülür. Məlumatda bildirilir ki, mövsümi kəskin respirator xəstəliklər, o cümlədən koronavirus infeksiyasının yayılması ehtimalını və hərbi hissələrin şəxsi heyətinin bu kimi xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir:
“Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası məqsədilə hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması, yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Hazırda bütün hərbi hissələrdə mövsümi xəstəliklərdən qorunma yolları barədə tibbi maarifləndirmə işi və hərbi qulluqçuların gündəlik termometriyası aparılır”.
Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunda görülən qabaqlayıcı tədbirlər nəticəsində şəxsi heyətin sağlamlığı ilə bağlı bu günədək heç bir narahatlıq qeydə alınmayıb, epidemioloji vəziyyət stabildir və nəzarət altındadır.